“TRAMP DƏLİDİR VƏ HAKİMİYYƏTDƏN KƏNARLAŞDIRILMALIDIR” –Kolumbiya Universitetinin professoru və psixiatrdan yenilənən tələb - TƏHLİL



Cefri Saks, Bandi Li

“Project Syndicate”

 

Göründüyü kimi, ABŞ prezidenti Donald Tramp hər gün digər ölkələrə, dövlət başçılarına, yoxsullara, miqrant ailələrinə qarşı siyasətini və şəxsi hücumlarını artırır. Ən yaxın zamanda Tramp miqrant-uşaqların valideynlərindən rəhmsizcəsinə ayrılmasını dəstəkləyib. Xalqın qəzəbi onu geri çəkməyə məcbur edə bilsə də, onun hücum meyli tezliklə özünü digər yerlərdə hiss etdirəcək.

Əksər tədqiqatçı-alimlər Trampın hoqqalarını siyasi baxışları, kameralar qarşısında poz vermə istəyi, ya da gələcəyə dair niyyətləri ilə əsaslandırır. Biz fərqli fikirdəyik. Amerikanın tanınmış zehni sağlamlıq mütəxəssislərinin rəyinə əsasən, Tramp onu dünya üçün real təhlükəyə çevirən bir neçə psixoloji patologiyadan əziyyət çəkir.

Tramp ən azı üç təhlükəli xüsusiyyət sərgiləyir: paranoya, empati və sadizm.

Paranoya – fərdin mövcud olmayan təhdidləri qavraması ilə reallıqdan uzaqlaşmasıdır. Paranoyak fərd xəyali təhdidlərə qarşı mübarizə ilə başqaları üçün təhlükə yarada bilər.

Empati çatışmazlığı – fərdin özündən qayğılanması və digərlərindən alət kimi istifadə doğura bilər. Yəni başqalarının zərər verməsi, öz məqsədlərinə xidmət edərkən, heç bir peşmanlıq hissi, vicdan əzabı yaratmır.

Sadizm – qavranılan təhlükə mənbəyi olmalarına və ya öz zəifliyini yada salmalarına görə başqalarına əzab vermək və ya başqalarını alçaltmaqdan zövq almaq deməkdir.

Trampın bu xüsusiyyətlərə malik olduğuna inanırıq. Öz qənaətimizi əvvəllər və yenidən təklif etdiyimiz müstəqil psixiatrik müayinənin aparılması yox, daha çox onun fəaliyyəti, məlum həyat tarixçəsi barədə nəticələrlə əsaslandırırıq. Amma Trampın artıq dünya üçün artan bir təhlükə olduğunun qavranılmasından ötrü bizə tam bir mənzərə lazım deyil. Psixoloji ekspertiza bizə deyir ki, bu cür xüsusiyyətlər, bir qayda olaraq, başqaları üzərində hakimiyyət qazanan şəxslərdə pisləşməyə meyllidir.

Davakar hərəkətlərinə haqq qazandırmaqdan ötrü, adətən, Tramp dəridən-qabıqdan çıxır. Əslində, “Washington Post”-un analizinə əsasən, vəzifəyə gəldikdən sonra Tramp 3 mindən çox yalan və ya yanlış iddialar irəli sürüb. “Post” qeyd edir ki, onun yalanları son həftələrdə artmış kimi görünür. Üstəlik, Trampın yoldaşları onun ətrafında olanlar tərəfindən təklif olunan hər hansı bir sadələşdirici məsləhəti görməməzliyə vuran kimi təsvir edirlər. Özünü istənilən buyruğunu yerinə yetirməyə hazır korrupsiyalaşmış və davakar fərdlərlə əhatə edərkən, otaqda onu dayandıra biləcək “böyüklər” olmur – bu, Trampın psixologiyasını tamamilə çılpaqlaşdırır.

Son həftələrdə şişirdilmiş açıqlamaları Trampın simptomlarının artan şiddətini ortaya qoyur. Məsələn, Şimali Koreya lideri Kim Dzyan Inla görüşünün qeyri-müəyyən nəticəsi kimi. Kim rejiminin yaratdığı nüvə təhlükəsinə son qoyulması və ya Meksika ilə cənub sərhədində miqrant uşaqlarının valideynlərindən məcburi ayrılmasına öz siyasəti deyil, daha çox demokratların bais olması iddialarına baxın, eyni şeydir.

“Post” bu yaxınlarda yalnız bir saatlıq çıxışında Trampın 29 yalan və ya yanlış ifadəsinin hesabını aparıb. Qəsdən və ya sərsəm olsun, bu davamlı yalan səviyyəsi patolojidir.

Əslində, iradəsini başqalarına qəbul etdirmək qabiliyyətindən məhrum olduğundan Trampın yanaşması sonsuz bir təhdid, təhlükə və müqavimət doğurmanı təmin edir. O, yenilənmiş təcavüzlə istənilən taktiki geri çəkilməni icra edir. Hazırda Trampla Kanada, Meksika, Çin və Avropa İttifaqı daxil olmaqla, müxtəlif ölkələrin və iqtisadiyyatların genişlənən dairəsi arasında baş verən ticarət müharibəsi ilə bağlı vəziyyət də belədir. Eyni şey kasıblara istiqamətli siyasətlərini tənqid etməsindən sonra, o cümlədən Paris iqlim sazişi, İranın nüvə razılaşması və ən son olaraq Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası olmaqla, Trampın bir çox beynəlxalq razılaşma və qurumdan birtərəfli çıxmasına da aiddir.

Trampın paranoyası yüksək geosiyasi gərginliyə çevrilir. Ciddi psixi qüsurları olan ABŞ liderləri ilə həmsöhbət olmağa alışmamış ənənəvi müttəfiqlər açıq-aydın sarsılıblar, düşmənlərin isə əksinə, üstünlük əldə etməsi eynəksiz görünür.

Tərəfdarlarının əksəriyyəti, deyəsən, Trampın həyasız yalanlarını cəsarətli həqiqət kimi yozur, ekspertlər və xarici liderlər onun qəribə davranışının siyasi strategiyanı əks etdirdiyinə inanmaq istəyirlər. Ancaq bu yanlış anlamadır. Trampın hərəkətləri zəka və hətta cəsarətdən uzaqdır, onlar daha çox ağır psixoloji problemlərin təzahürüdür.

Tarix zehni cəhətdən əlil olan şəxslərlə doludur. Bu cür şəxslər potensial xilaskar olmaq naminə hədsiz hakimiyyət sahibi olub, cəmiyyətlərə və başqalarına yalnız ciddi şəkildə zərər verməklə, zalım müstəbidlərə çevriliblər. Onların milli iradə gücü və milli qüdrət vədləri ictimaiyyəti arxalarınca getməyə sövq edir. Lakin hakimiyyətin bu cür patologiyasına dair bircə dərs varsa, o da uzunmüddətli nəticələrin hamı üçün qaçılmazlığıdır.

Gələcəkdə baş verən fəlakətdən qorxaraq hərəkətsiz qalmamalıyıq. Paranoyanın təhlükəli əlamətləri olan, empati yoxluğu və sadizmdən əziyyət çəkən bir lider dağıdıcı zərər törətməsin deyə, prezident kürsüsündə qalmamalıdır. Təhlükəni aradan qaldırmaq üçün müvafiq tədbir – seçki qutusu, impiçment və ya ABŞ Konstitusiyasının 25-ci düzəlişi – təhlükəsizliyimizi bərpa etməyə kömək edəcək. 

Tərcümə: Strateq.az

Tarix: 5-07-2018, 23:12
Xəbəri paylaş





Xəbər lenti