Gürcüstandakı etirazların arxasında kim dayanır? - AKTUAL

Gürcüstandakı etirazların arxasında kim dayanır?
Dünəndən etibarən Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası keçirilir.

Hüquq-mühafizə orqanları Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazçılarla polis arasında toqquşmalar yaşanıb. Hətta xüsusi təyinatlılar da parlamentin girişinə aparan küçəni bağlayıblar.

Etirazlar parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra başlayıb.

Belə ki, KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Qeyd edək ki, minlərlə insanın qatıldığı etiraz aksiyasına Gürcüstanın Prezidenti Salome Zurabişvili də dəstək verib. O, etirazçıların tərəfində olduğunu açıqlayıb.

Maraqlıdır, Gürcüstanda nə baş verir? Proseslərin arxasında Rusiya xüsusi xidmət orqanları durur?

Siam.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, bu etirazlar yeni “Xarici təsirin şəffaflığı haqqında” qanunla "xarici təsir agentləri" adı veriləcək insanların qeydiyyat reyestrinin aparılması ilə bağlıdır:

"Buraya mediaya, qeyri-hökumət təşkilatlarına, siyasi qruplara və s. daxil olan insanlar aid olacaq. Həmçinin, xarici agent adlandırılan şəxslərin dövlət qulluqçuları ilə əlaqədə olması da qadağan olunacaq. Bununla yanaşı, maliyyələrinin 20 faizdən yuxarısı xaricdən maliyyələşən qurumlara cərimələr tətbiq olunacaq, daha sonra isə qeydiyyatları ləğv ediləcək".

Politoloq vurğulayıb ki, yeni qanunun əleyhinə olanlar isə bunu Gürcüstanın Rusiyaya yaxınlaşmaq təşəbbüsü kimi qiymətləndirirlər:

"Əslində bunun ona aidiyyəti yoxdur. Çünki bənzər qanun ABŞ və Avropa İttifaqı ölkələrində də var. Ümumiyyətlə, bu qanunu Gürcüstanın ABŞ-dan uzaqlaşaraq, Rusiyaya yaxınlaşması kimi qələmə vermək bu qanun əleyhinə aparılan bir təbliğatdır.

Bu qanun ilk dəfə ABŞ-da qəbul olunub. Daha sonra oxşarı Rusiya və Avropa İttifaqında da qəbul olunub. Postsovet ölkələri arasında bunu gündəmə gətirən ilk ölkə Gürcüstan deyil. Oxşar məsələləri Qırğızıstan da müzakirə edir və qanunun birinci hissəsi qismən qəbul edilib.

Bütün bunların məqsədi Gürcüstandakı xarici təsirin nəzarətə götürülməsi ilə bağlıdır. Bu, birmənalı olaraq Gürcüstan hakimiyyətindən kənar qrupların hökümətdə təmsil olunmasının qarşısını alınması məqsədilə atılıb. Yəni bununla xarici nüfuz dairəsinə sahib insanların Gürcüstanda hakimiyyətə gəlməsinin qarşısını almaq hədəflənir".

Həmsöhbətimizin fikrincə, bu qanuna dirəniş göstərənlər daha çox Qərbə bağlı QHT-lər və onların maliyyəsi ilə fəaliyyət göstərən media təsisatlardır:

"Qanun layihəsinin müəllifi olan qrupun üzvü, gürcü millət vəkili qeyd edib ki, ölkədə demokratiya adı altında xarici fondlar o yana, eyni zamanda 5 səfirlikdən aylıq paket alıb, Gürcüstan dövlətinin maraqlarının əleyhinə fəaliyyət göstərən geniş media və QHT şəbəkəsi formalaşıb. O şəbəkə az qala hamını korrupsioner və satqın elan edib. Başqalarını qeyri-şəffaflıqda günahlandıranlar, öz gəlirlərinin şəffaflığı barədə sənədlər təqdim etməlidirlər.

Ümumiyyətlə, aksiyanın istər təşkilatçı, istərsə də iştirakçılar arasında daha çox Soros şəbəkəsi aktivdir. Həmin şəbəkə bütün postsovet məkanındakı mövqeyini qorumağa çalışır. Qanunun qəbul olunması əleyhinə də aktiv şəkildə təbliğat aparır, çünki onlar birmənalı olaraq bu qanunu özlərinə qarşı atılan bir addım kimi dəyərləndirirlər".

Yeganə Hacıyeva əlavə edib ki, bu kimi qanunvericiliyin qəbul edilməsi faydalıdır:

"Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu qanunun qəbul olunması mütərəqqi bir addım olar. Çünki ölkədə Qərbdən maliyyə alaraq Rusiyanın və İranın maraqlarına işləyən geniş bir şəbəkə var. Onların xarici agent elan olunaraq, ölkənin milli maraqları uğrunda fəaliyyət göstərən insanları ləkələməsinin qarşısı alınmalıdır. Yəni bütün ölkələr bu qanunu nə qədər tez qəbul etsələr, bir o qədər yaxşı olar. Hazırkı proseslər də ona doğru gedir".
Tarix: 8-03-2023, 22:05
Xəbəri paylaş





Xəbər lenti