Kremlin Tbilisidəki “xarici agent” oyunu: Putinin Gürcüstanla bağlı məqsədi nədir?

İvanişvilinin göstərişləri haradan aldığı dəqiq məlum deyil: QRU-dan, yoxsa FSB-dən, amma onun hərəkətlərini Kremlin diktə etməsi faktdır
Vladimir Putin on ildən artıqdır ki, Gürcüstanda vəziyyəti sarsıtmağa çalışır. Bu gün o, bunu öz kuklasının – hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını quran Gürcüstanın keçmiş Baş naziri, milyarder Bidzin İvanişvilinin əli ilə bacarır.
Gürcülərin əksəriyyətinin avropapərəst əhval-ruhiyyəsini dərk edərək, problemin yaradılması tədricən, addım-addım baş verdi.
Məhz buna görə də Gürcüstan Parlamentində təmsil olunan, guya çoxluqdan ayrılan Rusiyayönlü partiyalar meydana çıxdı. Amma əslində bunların hamısı İvanişvilinin adamlarıdır. Onlar Rusiya Federasiyasında qəbul edilən qanuna bənzər “Xarici agentlər haqqında” qanunu parlamentə təqdim ediblər.
Problem həm də ondadır ki, parlament çoxluğu öz liderinə sözün əsl mənasında kölə münasibət bəsləyir. Ona görə də, məsələn, “Gürcü Arzusu” ilə debat aparmağa çalışan müxalifət nümayəndələrini anlamaq mənim üçün çətindir. Onlar da bilirlər ki, bu adamlar heç nəyə qərar vermirlər.
İvanişvilinin göstərişləri haradan aldığı dəqiq məlum deyil: QRU-dan, yoxsa FSB-dən, amma onun hərəkətlərini Kremlin diktə etməsi faktdır. Əminəm ki, Putin ona aydın göstəriş verib ki, vəziyyətin “metodik yellənməsinə” artıq vaxt yoxdur, "çiyindən doğramağa" başlayın. Vəzifə Gürcüstanın işğalını başa çatdırmaqdır. Bunu etmək üçün hətta işğal etmək, hərbi yolla hücum etmək lazım deyil (baxmayaraq ki, rus qoşunları artıq Sxinvalidə yerləşdirilib). Gürcüstanın Avropa İttifaqına daxil olmaq perspektivini əngəlləmək kifayətdir. Bu, Rusiyayönümlü siyasi qüvvələrin hərəkətlərinin əsas məqsədidir.
Məsələ ondadır ki, Gürcüstan Ukrayna və Moldovadan fərqli olaraq hələ də Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunu almayıb. Parlamentdə belə qeyri-demokratik qanunun peyda olması gürcü xalqı üçün nəhayət, tarixdə Avropaya inteqrasiya perspektivinə son qoya bilər. Bu, Gürcüstanın ruslaşdırılması və Putinin qələbəsi demək olacaq.

Ümumiyyətlə, təfərrüatlara girsəniz, bu qanun layihəsinin təqdim edilməsi ideyası süni şəkildə yaradılıb. “Gürcü Arzusu”nun liderinin qeyri-hökumət təşkilatlarının maliyyələşməsinə nəzarət etmək üçün xüsusi qanuna ehtiyacı yoxdur. Axı Gürcüstan qanunvericiliyinə görə, bu mexanizmlər artıq mövcuddur. Beləliklə, qanun layihəsi yalnız parlamentdə gördüyümüz maksimum qarşıdurma üçün təqdim edilib. İvanişvili vəziyyəti gərginləşdirmək istəyirdi: Gürcüstanın Avropadan imtina etdiyini göstərmək, Avropanın özünün də Gürcüstanı tərk etməsini göstərmək istəyirdi. O, elə bir vəziyyətə düşmək istəyirdi ki, Rusiya Federasiyası istisna olmaqla, Gürcüstanın gedəcək başqa yeri yoxdur.
Yeri gəlmişkən, bu gün Kremlin ritorikası nədənsə daha da aqressivləşib. Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin əvvəlindən aydın idi ki, Moskva heç vaxt Kiyevi diz çökdürə bilməyəcək. Hətta o zaman belə qorxular var idi ki, nə vaxtsa Putin Ukrayna cəbhəsindəki uğursuzluqlarını harda kompensasiya edəcəyini, biabırçılığının necə ört-basdır edəcəyini axtarmağa başlayacaq. Sadə dillə desək, bu gün Moldova və Gürcüstanla bağlı vəziyyət Putinin Ukraynada keçirdiyi real məğlubiyyətlə bağlı isteriyasının əksidir.
Görünür, rus təbliğatı rus tamaşaçısını sonsuzadək “qələbələrlə” qidalandıra bilməz. Buna görə də Putin üçün daxili auditoriyaya başqa yerdə uğur qazandığını göstərmək çox vacibdir. O zaman o, ruslara deyə biləcək: görürsünüz, Gürcüstan Qərbə yaxınlaşmaq ambisiyalarından əl çəkib.
Gürcüstandakı daxili vəziyyətə gəlincə, Prezident Zurabişvilinin “Xarici agentlər haqqında” qanuna veto hüququnun tətbiqi ilə bağlı verdiyi vədlərə o qədər də diqqət yetirmək lazım deyil. O, həqiqətən ona veto qoyur. Amma bununla prezident ancaq bu qanunla razılaşmadığını bildirərək demarş edəcək. Və əgər o, həqiqətən də vəziyyətin gərginliyini azaltmaq üçün ciddi addım atmaq istəsəydi, məsələn, siyasi məhbus Mixail Saakaşvilini azad edə bilərdi.
“Xarici agentlər haqqında” qanun və ona reaksiya - Prezidentin veto qoyması və dinc etiraz - təəssüf ki, vəziyyətə təsir etməyəcək. Hamı başa düşür ki, parlamentdəki çoxluq hələ də “Gürcü Arzusu”dur. Dövlət başçısı isə parlamentin qanuna səs verməsinə müdaxilə edə bilməz.
Gürcü cəmiyyətinin reaksiyasını görən hakimiyyətin qanun layihəsini təxirə salması təəccüblü deyil. Ola bilsin ki, İvanişvili Moskvaya izah etməyə çalışdı ki, qanunun qəbul olunmaq şansı yoxdur. Amma o, yenə də rus kuklası olaraq qalacaq.
Yalnız gürcüstan Parlamentinin buraxılması vəziyyəti düzəldə bilər. Amma buna yalnız Gürcüstanın beynəlxalq tərəfdaşlarının siyasi təzyiqləri, həmçinin İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə nail olmaq olar. İndiki mərhələdə isə gürcü cəmiyyətinin etirazı məcburidir. Bunun başqa alternativi yoxdur.
Müəllif: Mamuka Jqenti - Gürcüstanın Avropa Şurasındakı keçmiş daimi nümayəndəsi
Mənbə: UNİAN
Tərcümə AYNA
Tarix: 12-03-2023, 09:02
Xəbəri paylaş





Xəbər lenti