Əhəd Abıyevlə MTN agentinin bağlantıları- ŞOK MƏLUMATLAR

Əhəd Abıyevlə MTN agentinin bağlantıları- ŞOK MƏLUMATLAR Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı AFN-ə ilginc məlumatlar daxil olub.

Redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, icra başçısı yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilən “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevlə dost olub. Hətta bu dostluq əlaqələri o həddə olub ki, Ə.Abıyev baş redaktorun keçmiş MTN-lə əlaqələrindən də gen-bol yararlanıb.


Mənbəmizin iddiasına görə, ümumiyyətlə Ə.Abıyev uzun müddət reket jurnalistlərə himayədarlıq edib. Lakin zaman keçdikcə H.Vəliyev onun daha böyük “etimadını” qazanıb: “İş o yerə çatmışdı ki, başçı onu özünə müavin aparmaq istəyib. Buna görə Prezident Administrasiyasına da müraciət edib, amma böyük təpki ilə üzləşib. Görünür, administrasiyada H.Vəliyevin MTN-lə olan iş birliyi haqda məlumatlar olub. Ə.Abıyev həm də H.Vəliyev və digər reket jurnalistlər həbs ediləndə möhkəm danlanıb”.

Akif Çovdarovu “yemləyiblər”

O ki qaldı Ə.Abıyev-H.Vəliyev işbirliyinin detallarına, mənbə qeyd edir ki, onlar MTN-ə - daha dəqiqi isə, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarova “yem” verməklə məşğul olublar: “Əhəd Abıyev indi özünü MTN-in düşməni kimi aparır, istintaqa ifadəsində elə göstərib ki, guya bu qurumun rəhbərliyinə qarşı dik dayanıb. Hamısı yalandır, əksinə, o, ətrafındakı insanlardan, eləcə də müxtəlif vəzifələrdə təmsil olunan məmurlardan kompromat toplayaraq Habil Vəliyevə ötürüb, o isə həmin materialları həm qəzetində dərc etməklə, həm də Akif Çovdarova ötürməklə lazın olan hədəfi göstərib. Beləliklə də onlar MTN-in dəyirma su tökmüş olublar”.

Əhəd Abıyevin arzuları... necə puç oldu?

Mənbəmizin sözlərinə görə, yuxarıda qeyd edilənlər Ə.Abıyevin bəzi arzularının puç olmasına səbəb olub: “Bu adamın bütün çabaları, istəyi Bakının rayonlarından birinə başçı gəlmək olub. Hətta zaman-zaman bəzi media qurumlarında bununla bağlı yalan xəbərlər də yaydırıb – nəbzi yoxlamaq üçün. Amma göründüyü kimi, buna hələ nail ola bilməyib. H.Vəliyevin həbsi isə (mənbənin iddiasına görə, baş redaktor istintaqa ifadəsində onun adını da çəkib-red.) onun bu arzularının üzərindən xətt çəkməsinə səbəb olub. ”

Həmsöhbətimiz deyir ki, Ə.Abıyevlə H.Vəliyev işbirliyinin qurbanları sırasında Masallıdan olan məşhur iş adamı Hacı Mazan, tanımış iş adamı, Misir Mərdanovun xalası oğlunun yaxın dostu kimi tanınan Xudayar Rəhimov məsələlərini misal göstərmək olar: “Həmin adamlar da Əhəd Abıyevin “təqdimatı” ilə NTN-ə aparılıb, onların biznesi xeyli zəiflədilib. Bu barədə mətbuatda da çox yazılıb, sadəcə, misal olaraq qeyd etmək yerinə düşər”.

Mənbə xatırladır ki, Ə.Abıyevin qardaşı oğlu Heydər Abıyev MTN-in Quba rayon şöbəsinin rəisi işləyib: "Eldar Mahmudov vəzifədən azad olunan kimi onu da çıxartdılar işdən. Bu, o deməkdir ki, Ə.Abıyevin özünü MTN əleyhdarı kimi göstərməsi qeyri-səmimilikdən başqa bir şey deyil".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az
Tarix: 30-01-2017, 10:30
Xəbəri paylaş





Xəbər lenti