Laçınlılar Aqil Nəzərliyə qarşı üsyana qalxdılar - Qəsəbədə qarşıdurma (Videolar)

Laçınlılar Aqil Nəzərliyə qarşı üsyana qalxdılar - Qəsəbədə qarşıdurma (Videolar) Bu gün Laçın rayonunun müvəqqəti yerləşdiyi – Taxtakörpü qəsəbəsində rayon rəhbərliyinin özbaşınalığına, vəzifəsindən sui-istifadəsinə, məcburi köçkün və qaşqınların sosial problemlərinin həllinə laqeydsizlik göstərdiyinə görə icra başçısı Aqil Nəzərliyə etiraz aksiyası keçirilib

Taxtakörpü qəsəbəsindəki mənbələrdən Avrasiya.net-ə verilən məlumata görə, Laçın RİH-nin başçısı Aqil Nəzərlinin yarıtmaz fəaliyyəti nəticəsində son zamanlar laçınlıların sosial vəziyyəti daha da ağırlaşıb. Başçı təyin olunandan bu günədək əhalinin sosiail şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir əməli tədbir görmədiyindən əhalinin əksər hissəsinin haqlı narazılığı ilə üzləşib.

Vurğulanır ki, bu gün Laçın rayonunun, daha doğrusu RİH-nin başçısının “qara-qura” işlərinə Müqabil adlı qardaşı rəhbərlik edir. Məlumatlara görə, rayonda ədalətsiz formada aparılan kadr islahatları laçınlıların səbr kasasını daşırıb. İcra hakimiyyətinin başçısı özünə yaxın olan bir qrup şəxsi rayonun əhəmiyyətli vəzifələrinə təyin edib, savadlı, layiqli kadrları kölgədə qoyub.

Bildirilir ki, Taxtakörpü ərazisində infrastruktur da biabırçı durumdadır. Belə ki, laçınlıların Taxtakörpü ərazisində yaşadıqları elə yerlər var ki, payızın gəlməyi ilə oranın yolları bağlanır. Lil, palçıq dizə çıxır. Sakinlər burada xəstələrini at belində daşıyırlar.
Mənbə vurğulayır ki, ötən ilin aprelində şəhid olmuş Ülvin Məmmədovun dəfni zamanı da yolların biabırçı durumu utancverici idi.

Bu gün Taxtakörpüdə keçirilən aksiya Vağazin yatağının yol infrastrukturu, sosial vəziyyətlərinin gərginliyi ilə bağlı olub. Sakinlər etiraz edərək yaşayışlarının çox ağır olduğunu bildiriblər.

Qeyd edək ki, saytımıza verilən daha bir məlumata görə isə bu cür acınacaqlı durumda yaşayan laçınlıların sayı daha çoxdu. Belə ki, Ağcabədi rayonunun keçmiş Nərimanov savxozunun fermasında məskunlaşmış 10-a yaxın laçınlı ailənin də durumu olduqca ağırdır. Qamış daxmada yaşayan bu ailələrlə hələ bir dəfə də olsun başçı Aqil Nəzərlinin və yaxud rayonun digər rəhbərliyinin maraqlanmadığı deyilir.

Avrasiya.net-ə göndərilən görüntülərdə laçınlıların etirazlarını dinləyə və görə bilərsiniz. Üçüncü videoda etirazçıların rayon rəsmiləri ilə qarşıdurması da açıq-aşkar görünür.

RİH-nin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 1-03-2017, 07:47
Xəbəri paylaş





Xəbər lenti