Tərtərdə heyvanlar arasında kütləvi xəstəlik yayılıb

Tərtərdə heyvanlar arasında kütləvi xəstəlik yayılıb Tərtər rayonunda xırdabuynuzlu heyvanların kütləvi ölümünə səbəb olan xəstəlik yayılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çaylı kəndində məskunlaşan Şuşadan olan məcburi köçkün ailələrinin təsərrüfatlarında xeyli sayda qoyun tələf olub.

Təsərrüfat sahibi Qara Şahvələdov APA-ya bildirib ki, 2 aydır heyvanlara düşən sarılıq xəstəliyində 50 başdan çox heyvan tələf olub. Rayonun baytar həkimləri xəstəliklə mübarizə aparsa da, hələlik müsbət nəticə yoxdur. Buna səbəb isə lazım olan dərman preparatlarının çatışmazlığı göstərilir.

Sahə baytar həkim Şahid Museyibov bildirib ki, xəstəlik qısa müddətdə kənddə yaşayan bütün təsərrüfatlara yayılıb: “Mikrobun torpaqda olması və kəndin otlaq sahələrində gündən-günə çoxalan gəmiricilər xəstəliyin miqyasını genişləndirən əsas səbəbdir. Xəstə və sağlam heyvanların eyni yerdə saxlanması, eyni əraziyə örüşə çıxarılması problemin aradan qaldırmasını daha da çətinləşdirir. Peyvənd işləri aparılsa da, tam sağalmaq üçün istifadə olunan preparatlar çatışmır”.

Tərtər Rayon Baytarlıq idarəsindən APA-ya bildirilib ki, yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq İdarəsinə məlumat verilib. Yaxın günlərdə baytar həkim briqadası tədbirlər görülməsi üçün kəndə gələcək.
Tarix: 2-03-2017, 08:58
Xəbəri paylaş





Xəbər lenti