Zaqatala Təhsil Şöbəsinin müdiri neçə banka borcludur?- açıqlama

Zaqatala Təhsil Şöbəsinin müdiri neçə banka borcludur?- açıqlama Zaqatala rayon Təhsil Şöbəsinin müdiri Habil Qurbanov direktorları şərləyib işdən çıxarır, yerinə isə yeni adamlar götürür.

Belə bir iddia ilə AFN-ə məlumat verən adının çəkilməsini istəməyən mənbə misal kimi rayon şahmat məktəbini göstərir: “Məktəbin direktorunu (adını qeyd etməyib-red.) işdən çıxartdı, direktor da onu məhkəməyə verdi. İllərlə məhkəmələrdə çəkişdilər, axırda şöbə müdiri qalib gəldi, o da havadarlarının sayəsində. Habil Qurbanova bata bilməyən Təhsil Nazirliyi məcburən direktora başqa iş verib”.


Mənbə H.Qurbanovun rayonda ciddi qanun pozuntularına yol verdiyini iddia edir. Bildirir ki, son 3 ildə şöbə müdiri 12 məktəbin direktorunu şərləyib işdən çıxarıb, yerlərinə isə pul müqabilində adam götürüb: “YAP-ın sədri olub, Misir Mərdanovun vaxtından da Təhsil Şöbəsinə müdir təyin edilib. Bütün işi-gücü başçıya xidmət etmək, pul yığıb ona verməkdir. Direktorları daim gərginlikdə saxlayır, hədə-qorxu gəlməklə pul yığır. Təsəvvür edin, keçmiş məhbusu məktəb direktoru qoymuşdu, Fındıqçılıqda 1, ya da 2 saylı məktəbə. Həmin direktor indi rəhmətə gedib səhv etmirəmsə”.

H.Qurbanovun rayonda Uşaq Yaradıcılıq Mərkəsinin direktoru ilə əlbir olaraq büdcə pullarını mənimsədiyini iddia edən mənbəmiz bu istiqamətdə daha ciddi bilgilər verdi: “Mərkəzin direktoru Zeynal İbrahimovun rayonda mebel sexi var, onunla birləşib məktəblərə mebel avadanlıqları yazır dövlətin pulunu yeyirlər. Əvvəla, mebelləri çox baha yazırlar, ikincisi isə yazılan mebellərin yarısı var yarısı yoxdur məktəblərdə. Özü də YAP-ın sədridir deyə rayonda heç kim ona heç nə deyə bilmir. Özü də deyir ki, mən YAP-ın sədriyəm, rayonda ikinci adamam. Üstəlik, başçı da onu himayə edir. Kim ondan şikayət edirsə, rayonda onun qohum-əqrəbasını işdən çıxarırlar, ailəsinə təzyiqlər edirlər. Onun haqqında birbaşa nazirə, ölkə rəhbərliyinə müraciət getməlidir ki, bir tədbir görsünlər. Məsələn, müəllimləri təkmilləşdirmə kursları faktiki yoxdur indi. Amma o müəllimləri çağırır 50-100 manatdan pul alır ki, ver səni kursa göndərməyim. Yoxlama olanda bu adam sevinir. Çünki direktorlardan pul yığmağa səbəb tapır, pulu yığır yarısını yoxlamaya verir yola salırlar, yarısını da başçı ilə qoyurlar ciblərinə. Belə-belə əməllərinin nəticəsidir ki, oğlunun altında son model bahalı BMW, özündə “Pajero” CİP-i var. Üstəlik, rayonda da, Bakıda da özünə villalar tikdirib. 350 manat maaşla bunları necə alıb, heç kim soruşmur. Mətbuatda yazılır ki, məşqçi Qurban Qurbanovun qohumudur, amma inanın ki, Qurban Qurbanov onu tanısa hətta qohum olsa belə imtina edər ondan. O qədər mənfi imicə malik biridir. İstədiyi vaxt mənasız işlərdən ötrü direktorları çağırır rayona, imkan vermir ki, direktor məktəbdə işlə məşğul olsun”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün H.Qurbanova müraciət etdik. “Biz direktor qoymuruq, qaydalara uyğun olaraq nazirliyə müraciət edilir, qoyulmuş meyarlara uyğun gələn müəllimlər açılmış vakansiya üzrə müsabiqədə iştirak edirlər” deyən şöbə müdiri bildirdi ki, direktoru nazirlik təyin edir: “Hazırda bizdə 7 vakansiya var, mən bilmirəm ki, kimlər direktor olacaq. Bu iş təhsil şöbələrinin səlahiyyətində deyil”.

Haqqında səsləndirilən iddiaların yanlış olduğunu bildirən H.Qurbanov qeyd etdi ki, şahmat məktəbinin direktoru iş yerini qanunsuz olaraq tərk etdiyi üçün işdən çıxarılıb və buna görə məhkəmədə iddia qaldırıb: “Ölkənin qanunları var, əməl etməyən cəzalandırılır. O direktor da qanunu pozmuşdu, uyğun olaraq da cavabı verildi. Təhsil Nazirliyi bata bilmədi deyəndə, Habil Qurbanov böyük adam deyil”.

Şöbə müdiri qeyd etdi ki, Zeynal İbrahimov uzun illərdir Uşaq Yaradıcılıq Məktəbinə rəhbərlik edir: “Mən cəmi 5 ildir Təhsil Şöbəsinin müdiriyəm, amma o, uzun illərdir o işdədir. Həmin mərkəzin şagirdləri çox yüksək nailiyyətlər əldə ediblər. Bizim onunla heç bir müqaviləmiz olmayıb. Bizim tenderlərdə qalib gələn başqa təşkilatlar var, onlarla görmüşük işimizi. Artıq iki ildir biz birbaşa mal-material almırıq, qaydalar dəyişib. Əvvəlki dövrlərdə aldığım mal-materialı da görmək istəyirsizsə buyurun, nümayəndənizi göndərin gəlsin dənəsi ilə belə tanış olsun”.

Qeyri-qanuni yollarla varidat qazanması iddiasına isə şöbə müdirinin cavabı belə oldu: “Mənim nə BMW-m var, nə CİP-im, nə villam. Əvəzində “KapitalBank”a 5 min, “TuranBank”a 2500 manat kredit borcum var. İstəsəniz gəlib kredit sənədlərimlə də tanış ola bilərsiz. Deyirlər hansısa direktora haqq qoymuşam, bunlar tamamilə yalan söhbətlərdir. Heç bir direktor deyə bilməz ki, Habil Qurbanovun yanına gedib bir qəpik rüşvət vermişik, bunu sübut etməyə gücüm də var, ağlım da, təmizliyim də. Amma yaxşı olardı ki, bunlara telefonla deyil, rayona gəlib yerində araşdırma aparmaqla aydınlıq gətirəydiz”.



AFN.az
Tarix: 6-03-2017, 15:42
Xəbəri paylaş





Xəbər lenti