Yeni Zuvandlılar başçıynan görüşə gedib, qarşılarına polis "çıxıb"...

Yeni Zuvandlılar başçıynan görüşə gedib, qarşılarına polis "çıxıb"... "Polisi üstümüzə salıb şil-küt elədilər, on nəfəri də zorla maşına mindirib polis şöbəsinə apardılar. Saatlarla saxlayandan sonra hədə-qorxu gəlib azad etdilər. Halbuki, biz ora haqqımızı tələb etməyə getmişdik”.

Masallının Yeni Zuvand kənd sakinləri AzadlıqRadiosu-na danışırlar ki, martın 6-da torpaq tələbi ilə Masallı rayon icra hakimiyyətinə gediblər. Onlar başçı ilə görüş tələb etsələr də, necə deyərlər, "pişvazlarına” polis çıxıb.

"BİR QARIŞ TORPAQ YOXDUR”

Kənd sakini Çingiz Cabbarovun sözlərinə görə, əli dəyənəkli polislər vətəndaşları döyüb. Yeni Zuvandlılar icra başçısına nə deyəcəkdilər? Çingiz Cabbarov deyir, kəndlilərin başçıdan istədikləri bir qarış torpaq olub:

"Kənddəki 182 hektar torpaq sahəsi Nazirlər Kabinetinin qərarıyla 1999-cu ildə əvəzi ödənilmədən Meşə Təsərrüfatı Nazirliyinə birləşdirilib. Bununla da adamların torpaq əldə etmək imkanları məhdudlaşdırılıb. Sakinlərin nə əkməyə, nə də ev tikməyə bir qarış torpağı yoxdur. Ailə təsərrüfatları ilbəil artır, hamı bir damın altında yaşamalı olur”.

"BOŞ TORPAQLARA YAXIN GEDƏ BİLMİRİK”

Kənd sakini Vəli Vəliyev deyir, ərazisindəki torpaqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibindədir. Sakinlər əkməyə qonşu kəndlərdən icarəyə torpaq götürməli olur:

"Boş torpaqlar qalıb, yaxın gedə bilmirik. Bu torpaq insan oğlu üçün yaranıb ki, əksin, bişsin, üstündə ev qursun, həyat qursun. Bizdəsə insana torpaq qıymırlar. Bax, hektarlarla torpaqları "olmaz” deyib sədd çəkib saxlayıblar əllərində. Deyən lazımdır, neynirsiz, niyə saxlamısız? Verin kasıb kəndli əksin, dolansın. Ev-eşiyi olmayan ev tiksin, təsərrüfatını yaratsın. Kəndlinin üstünə zopalı polis salıb döymək lazım deyil, dinləmək, torpaqla təmin etmək lazımdır”.

"BİZLİK DEYİL”

Masallının icra hakimiyyətindən "Qaynar xətt”ə bildirilib ki, kənddəki torpaq sahələri bələdiyyələrə və Meşə Təsərrüfatına aiddir. İcra hakimiyyətinin isə bu torpaqlar üzərində səlahiyyəti yoxdur. Martın 6-da qurum nümayəndələri toplaşan kəndlilərə bu barədə bildirəndən sonra kəndlilər dağılışıb, qarşıdurma olmayıb, polis zorakılığı ilə bağlı deyilənlərin heç bir əsası yoxdur.

"O ərazilər 18 il öncə meşə təsərrüfatının balansına verilib. Bu, nə bizim, nə meşə təsərrüfatı idarəsinin səlahiyyətində deyil, birbaşa Nazirlər Kabinetinin qərarıyla verilib. Vaxtında islahat komissiyasına müraciət olunmalıydı”, – icra hakimiyyətindən bildirilib.

Yeni Zuvand 70-ci illərdə yaranıb. O vaxt yaxınlıqdakı Zuvand kəndində baş verən təbii fəlakətdən sonra zuvandlıları buraya köçürüblər və beləcə, Yeni Zuvand kəndi yaranıb. Kənd əhalisi əkinçilik və heyvandarlıqla məşğul olmaqdan ötrü vaxtilə islahat komissiyasının əllərindən aldığını iddia etdikləri torpaqların özlərinə qaytarılmasını tələb edirlər.

Siam.az
Tarix: 8-03-2017, 09:51
Xəbəri paylaş





Xəbər lenti