Qazaxda özbaşnalığa son qoyulacaqmı?
Bir neçə gün öncə saytımızda Qazax rayonundan redaksiyamıza ünvanlanan bir məktub haqqında söz açmışdıq. Məktub Qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibov haqqında idi. Adının çəkilməsini istəməyən şikayətçi vətəndaş rayonda əmək yarmarkalarının formal olaraq keçirilməsindən, işaxtaran insanlara biganə münasibətdən və Elçin Nəsibovun işsizlərə yalnız pul qarşılığında dəstək olmasından şikayətlənmişdi. Biz də jurnalistikanın tələblərinə uyğun olaraq, şikayəti mətbuat vasitəsilə ictimailəşdirmişdik. Eyni zamanda qarşı tərəfin də fikirlərini dinləməyə və yayımlamağa hazır olduğumuzu bildirmişdik. O zaman düşünmüşdük ki, rayonda fəaliyyət göstərən məmurlar bu təşəbbüsü xoşməramlı mesaj kimi qəbul edəcəklər, dövlətimizin və insanlarımızın onlara olan etimadını sarsıtmaqdan çəkinəcəklər. Fikirləşdik ki, yazıdan sonra necə deyərlər, “hərə öz payını” götürəcək. Ancaq deyəsən bir qədər sadəlövh düşünmüşük…Bu günlərdə redaksiyamıza Qazax rayonundan daha bir şikayət məktubu daxil oldu. Şikayət bu dəfə də Qazax rayon Məşğulluq Mərkəzinin müdiri Elçin Nəsibovun əməlləri barəsində idi. Bu şikayətdən sonra bəzi rayon sakinləri ilə görüşüb, məsələni yerində dəqiqləşdirmək qərarına gəldik. Bu məqsədlə Qazax bölgəsinə yollandıq. Ayrı-ayrı rayon sakinləri ilə görüşdük. Bir qrup rayon sakininin verdiyi məlumata görə Qazax rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində çalışan Elçin Nəsibov 1976-cı ildə Qazaxın Aşağı Salahlı kəndində doğulub. 2000-ci ildən Qazaxda yaşayır. Əvvəllər ətriyyat dükanında satıcı işləyib. Bu səbəbdən də rayonda “kliçka”sı “Dux Elçin”dir. Rayonda onu yaxından tanıyan şəxslər söylədilər ki, Elçin Nəsibovun adına açılmış “Əmək kitabçası” da saxtadır. Belə ki, onun “Əmək kitabçası”nda Qazax süd-pendir zavodunda guya texnoloq vəzifəsində işləməsi haqqında qeyd var. Halbuki adı çəkilən zavod həmin qeyddən xeyli əvvəl, yəni 1997-ci ildə fəaliyyətini rəsmi şəkildə dayandırıb. Sakinlərin Qazax süd-pendir zavodunun sonuncu direktoru Qocayev Qocaya istinadən verdikləri məlumata görə ümumiyyətlə bu zavodda Elçin Nəsibov adında adam heç zaman işləməyib. Faktı dəqiqləşdirmək üçün zavodun sonuncu direktorunun mobil nömrəsini də bizə təqdim etdilər (050 335 25 54).
Bir sözlə, rayon sakinləri rayon Məşğulluq Mərkəzinin və onun müdirinin fəaliyyətindən olduqca narazıdır. Hər kəsi bir sual düşündürür ki, rayon İcra Hakimiyyətinin başçısı indiyə qədər bu rüşvətxor məmuru işindən uzaqlaşdırmaq üçün niyə heç bir tədbir görməyib? Axı onun işsiz vətəndaşları işə qəbul etdirmək müqabilində vətəndaşdan pul istəməsi ilə bağlı səs yazısı var. Daha ortada hansı ən tutarlı fakt olmalıdı ki, bu adam tutduğu vəzifədən uzaqlaşdırılsın?
Ancaq bütün bunlara baxmayaraq, rayonda Elçin Nəsibovun yaxınlarda İcra Hakimiyyətində daha yüksək vəzifə ilə təmin ediləcəyini dedilər. Maraqlıdır, deyilənlər doğrudursa, bütün rayonda rüşvətxor kimi ad çıxarmış Elçin Nəsibovu daha yüksək vəzifəyə irəli çəkmək istəməkdə rayonun İcra Başçısı Rəcəb Babaşovun nə marağı var?
Araşdırma zamanı Elçin Nəsibovun arxasında dayanan hörmətli və yüksək vəzifəli şəxsin adını da öyrəndik. Güman ki, Elçin Nəsibovun indiyə qədər vəzifəsində qala bilməsində və İcra Başçısının bu adamı irəli çəkmək planında həmin hörmətli şəxsin də rolu var. Hələlik hörmət və sayğı əlaməti olaraq həmin hörmətli şəxsin adını çəkmirik. Yaxın zamanda həmin şəxsin kimliyini qalmaqallı səs yazısı ilə birlikdə ictimaiyyətə təqdim etməyi düşünük.(mediaxeberleri.az)
Bizi izləməkdə davam edin.
Tarix: 31-03-2017, 17:18