Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri İlyas Səfərov ölkə rəhbərliyinin siyasətinə qarşı gedir
Ulus.Az-a daxil olan məlumata görə, İ.Səfərov büdcə pullarına qənaət etməkdənsə, israfçılıq edir. İlyas Səfərovun Şirvan Meşə - Meliorasiya İdarəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət büdcəsindən ayrılan iri həcmdə vəsaitlər səmərəsiz xərclənildiyi, su kanallarının və drenajların isə lildən təmizlənməsi prosesinin həyata keçirilmədiyi barədə xeyli yazılıb.
Bundan əlavə İlyas Səfərov daha əvvəllər Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri vəzifəsində işləyəndə də adı korrupsiya qalmaqalında hallanıb.
Mətbuatda gedən xəbərlərdə bildirilir ki, Şirvan Meşə-Meliorasiya İdarəsi milyonlarla manat dövlət vəsaitinin mənimsənildiyi rəsmi orqanlardan birinə çevirilib.
Mediada yayılan məlumatlarda qeyd olunur ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır.
Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə qaytarılır.
Bundan başqa, İlyas Səfərovun digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir. İcarəyə verilən texnikaların hesabına böyük pullar qazanır.
Ulus.Az xəbər verir ki, bir müddət əvvəl İlyas Səfərovun Şirvan Meşə-Meliorasiya İdarəsinin işçilərinin maaşlarını bir ay kəsdiyi, həmin vəsaiti isə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə çatdırdığı barədə məlumatlar yayılmışdı. İlyas Səfərovun hal-hazırda böyük biznesinin olduğu deyilir.
Qeyd edək ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir.
Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır.
Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir.
Tarix: 15-04-2017, 11:13