Yardımlının baş həkimindən ŞİKAYƏT
Yardımlı Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq baş alıb gedir, müvafiq qurumlar isə heç bir tədbir görmür.
Bu haqda AFN-ə rayon sakinləri bildiriblər. Qeyd ediblər ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərovun özbaşınalıqları haqda Səhiyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bildirilsə də, onlar göz yumurlar: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaradığı pensiya sisteminin elektron xidmətə keçməsindən baş həkim Rasim Əkbərov, Ramin Verdiyev, Mehman Abbasov və xəstəxananın ferşili Savadxan özlərinə yeni pul qazanmaq yolu tapıblar. Belə ki, bir neçə gün bundan qabaq elektron formada pensiya təyin olunan bir xəstəyə zəng edən ferşil Savadxan onun pensiyasını həll etdiyini bildirib və ona 800 manat pul verməsini tələb edib. Xəstə də heç nədən xəbəri olmadan Savadxana 800 manat pul verib. Lakin o bilmir ki, pensiyası Savadxan tərəfindən yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gondərdiyi elektron sənəd əsasında təyin edilib. Savadxan isə həmin 800 manatı baş həkim Rasim Əkbərov, Ramin Verdiyev, Mehman Abbasovla aralarında bölüşdürüblər".
Sakinlər bildirirlər ki, baş həkim Rasim Əkbərov özü kabinetində pensiya istəyən vətəndaşları qəbul edir, onlardan pul alaraq pensiya düzəldəcəyini vəd edir: "Görün, vəziyyət hansı həddə çatıb ki, ferşil vətəndaşlara deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində adamım var, gedim orda sənin işini həll edim. Biz media vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Səhiyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirik ki, bu barədə bir tədbir görsünlər, vətəndaşlardan alınan pullar sahiblərinə qaytarılsın. Həkimlik adına ləkə olan bu insanlar haqda da ölçü götürülsün".
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Tarix: 15-04-2017, 22:08