Şirvanda ara qarışdı: başçının müavini gülənçi çıxdı, PA əmr verdi – Özəl
Yunis Cəfərov/AzEuroNews.com/ Bakı
Şirvan şəhər icra hakimi Mərdan Camalov 1 ay əvvəl özünə təyin etdiyi müavini vəzifəsindən çıxarmağa məcbur olub.AzEuroNews.com-un əldə məlumata görə, icra başçısı vəfat edən müavini Şəfaət Əsgərovun yerinə şəhər bələdiyyəsinin sədr müavini Fəqani Həsənovu təyin edib. M.Camalov təyinatı tələm-tələsik, Prezident Administrasiyasının razılığı olmadan edib.
F.Həsənovun sənədləri PA-ya göndəriləndə məlum olub ki, başçı müavini Türkiyədə Fətullah Gülənin maliyyələşdirdiyi məktəblərin birində təhsil alıb.
İddialara görə, M.Camalovun tez-tələsik, özbaşına təyin etdiyi müavininin gülənçi olduğu aşkarlanıb. Ona görə də PA-dan Şirvanın icra başçısına təlimat verilib ki, müavini dəyişdirsin.
Əldə etdiyimiz xəbərə görə, F.Həsənovun yerinə M.Camalov köməkçisi Vasif Əliyevin sənədlərini göndərib və o, müavin təyin olunub.
F.Həsənov bələdiyyə sədrinin müavini olmazdan əvvəl şəhər icra nümayəndəliyində müavin işləyib.
Deyilənə görə, onun əsas işi M.Camalovun tapşırığı ilə Türkiyədən işıq dirəkləri gətirmək olub. Onun Türkiyəyə tez-tez səfər etməsi Gülən şəbəkəsiylə əlaqələrinin olması şübhələri yaradıb.
Şirvanda gəzən söz-söhbətə görə, M.Camalovla F.Həsənov çox pərt vəziyyətə düşüblər. Belə ki, icra başçısı fətullahçı çıxmış keçmiş müavinini “əli aşından da edib, vəli aşından da”. F.Həsənovun bundan sonra harada işlə təmin ediləcəyi maraqlıdır.
Qeyd edək ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytında başçının müavini – Şəhər Təsərrüfat şöbəsinin müdiri postu boş göstərilib. Görünür ki, təyinat rəsmiləşməyib ya da ŞİH-nin saytı operativ işləmir.
Tarix: 5-01-2018, 15:00