Gəncə bazarını icra başçısı Elmar Vəliyev şəhərdə təzədən gərgin atmosfer yaradıb
FİA.Az-a verilən xəbərə görə, Gəncədə özünə təzə bazar açan icra başçısı ticarətçiləri didərgin salıb.
Gəncə bazarından sürgün olunan obyekt sahibləri məcburi şəkildə icra başçısının "Grand Qafqaz” ticarət mərkəzinə köçürülür. Onlardan depozit haqqı 300 manat alınıb, aylıq 600 manat icarə pulu öhdəliyi qoyulub. Əsəbləri tarıma çəkilən sahibkarlar E.Vəliyevin bu özbaşınalığından intihar həddinə çatıblar.
Onlar Gəncə kimi yer üçün tələb olunan aylıq yer pulunun olduqca bahalığından şikayətləniblər. Həmçinin, sözügedən ticarət mərkəzinin yeni fəaliyyətə başlamasına görə alıcılıq qabiliyyəti olduqca aşağıdır.
Amma bütün bu narazılıq və etirazlar, seçki ilində iş adamlarının dövlətdən incik salınması, prezidentin sahibkarlara dəstək verdiyi halda məmurların onları incitməsi E.Vəliyevin vecinə də deyil.
Onu yeni bazar maraqlandırır ki, onun da başına oğlu Elmir Vəliyevi gətirib. Deyilənə görə, bazara rəhbərlik edən icra başçısının oğlu hər dəfə ticarət mərkəzinə gələndə onun qarşısında hamının ayağa qalxaraq hörmətlə biət etməsini tələb edir.
Köhnə bazara gələn yollar isə qapadılıb, sökülüb, küçələrdə isə işıq və su kəsilib. "1 ay, ay yarım əvvəl icra hakimiyyətinin işçiləri bazarda dövrə vurmağa, camaatı incitməyə başladı. Başlamışdılar deməyə ki, bazar söküləcək, dağılacaq, burdan çıxmaq lazımdır. Son 10 gündə isə təzyiqlər kəskin xarakter alıb”.
FİA.Az xəbər verir ki, Gəncə bazarı ətrafında Nizami və Vaqif küçələri var. Şəhərin ən yaxşı ticarət obyektləri buradadır.
İndi də başlayıblar həmin obyektlərin icarədarlarını və sahiblərini incitməyə. Yolları qazırlar, bağlayırlar, avtobus xətlərini kəsib təzə bazara istiqamətləndiriblər.
Bu boyda sahibkarların hamısının işini iflic ediblər. Günə 300-400 manat gəliri olan mağazalar neçə gündür ki, siftə belə edə bilmir. Vaqif küçəsində bir sahibkar 25 ildir işlətdiyi, ailəsini oradan gələn gəlirlə saxladığı mağazanı bağladı.
Çünki işlədə bilmədi. Su yox, işıq yox, avtobus yox... Təbii ki, bu səbəblərdən müştəri də yox. Bazarda və ətraf küçələrdə vəziyyəti o hala qoyublar ki, nəinki müştəri, heç mağazanın yiyəsi belə orada dayanmaq istəmir”, - deyə şikayətçilər bildiriblər.
"Grand Qafqaz”da icarə haqları 400-3000 manat arasında dəyişir, lakin Gəncə bazarında bu, 2-3 dəfə ucuzdur – yəni 100-1200 manat civarındadır.
Məlumata görə, "Grand Qafqaz” açılana kimi Gəncədə 3 bazar fəaliyyət göstərirmiş. Lakin yeni ticarət mərkəzi açıldıqdan sonra bazarlar 2-nin fəaliyyəti dayandırılıb və oradakı sahibkar və icarədarlardan gücləri çatanlar köçürülüb yeni bazara.
İndi isə Gəncə kimi böyük şəhərdə "Grand Qafqaz”dan başqa yalnız bir bazar qalıb. O da Gəncə bazarıdır.
Rayon rəhbərliyi o bazarın da bağlanmasına nail olmağa çalışır. Yəni, kimsə evinə bazarlıq etmək üçün şəhərin o başından bu başına gəlməlidir.
Seçki ilində əhalinin narazı salınması, iş adamlarının vəziyyətinin ağırlaşdırılması arzuolunmaz haldır.
Nədənsə, ölkənin ikinci şəhərini ayağa qalxmağa sürükləyən E.Vəliyev bu hərəkətlərinin nə ilə nəticələnəcəyini hesablamır.
Prezident məmurlara tapşırır ki, sahibkarlara kömək edin, şərait yaradın. Amma Gəncə meri öz oğluna açdığı bazarın gələcəyini fikirləşir.
Fia.Az
Tarix: 16-01-2018, 23:05