Dövlətə milyonlarla ziyan vuran müəssisə rəhbərini kimlər və niyə himayə edir? - İDDİA
Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma”nın sabiq rəhbəri Ələddin Sadıqova yeni vəzifə veriblər. “Daşkəsən Filizsaflaşdırma”dakı 14 illik fəaliyyəti mətbuatda araşdırma mövzusuna çevirilən Ə.Sadıqovun “Azbentonit”də rəhbər vəzifəyə təyin olunması haqda xəbərlər var.
Belə məlumatlar da var ki, Ələddin Sadıqovun fəaliyyəti haqda mətbuatda yazılar dərc edildikdən sonra barəsində qeyri-rəsmi araşdırmalara başlanıb. Onun həmin vəzifəyə təyinatının arxasında dayanan qüvvələrin maraqları çərçivəsində baş tutduğu da bildilir.
“Yeni Müsavat”ın ötən saylarından birində “Ələddinin ”sehirli" əməlləri - “Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər - reportaj" sərlövhəli yazıda bu haqda məlumat vermişdik. “Daşkəsən Filizsaflaşdırma”nın fəhlələri bildirmişdilər ki, Ələddin Sadıqov müəssisəni milyonlarla manat borca salıb. Çıxardıqları konsentratın tonunu 6-7 manata rəsmiləşdirib Potiyə daşıyıblar. Oradan isə Çinə tonu 78 avrodan satıblar. Müəssisənin hesabına təkcə bu əməliyyatdan 68 milyon avro pul gəlməli imiş. Amma gəlməyib, pulu “yeyiblər”.
Bundan başqaölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub. Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Fəhlələr borc içində çabaladıqları bir vaxtda Ələddin Sadıqovun sorağı Bakıdan, Gəncədən, Gürcüstandakı müxtəlif obyektlərindən gəlir. Fəhlələr sabiq direktorun həmin əmlakları hansı hesabdan aldığının araşdırılmalı olduğunu da söyləmişdilər.
Yada salaq ki, “Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı ilin martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb. Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir. Bundan sonra “Daşkəsən Filizsaflaşdırma”nın hazırkı duruma salınmasında maraqlı olan qüvvənin təmsilçiləri dövriyyəyə girəcək və bu gəlirli sahəni qat-qat ucuz qiymətə ələ keçirəcəklər. Mətbuatda “Daşkəsən Filizsaflaşdırma”nın mal-materialını Gəncəyə daşıyıb metalloma təhvil verilməsi, bahalı, paslanmayan dəmirdən olan materialların Gəncədə tikilən bazarın damına vurulması haqda da məlumatlar var.
“Yeni Müsavat”
Tarix: 23-01-2018, 15:21