Göyçayda da zülmət: işıq idarəsi rəisi Ağsudakı intihardan yetişdirir - Partlayış...

Göyçayda da zülmət: işıq idarəsi rəisi Ağsudakı intihardan yetişdirir - Partlayış... Ağsuda işıq borcuna görə bir gənc qadının intiharına səbəb olan bədbəxt hadisə Göyçay Elektrik Şəbəkəsinin rəisini xeyli “həvəsləndirib”

FİA.Az sosial şəbəkələrə istinadla xəbər verir ki, bu həddi “müsbət” dəyərləndirən rəisin tapşırığı ilə Göyçayda da işıq kəsilir.


Deyəsən, idarə rəisi Göyçayda da intihar hadisəsi baş verməsini gözləyir. Əhalini sosial məngənəyə salan və sınağa çəkən məmurlar prezidentin sözlərini eşitmirlər.

Dövlət başçısı son çıxışında da tapşırdı ki, xalqla işləmək lazımdır, problemini dinləmək vacibdir.

Amma əyalətlərdə sosial partlayış zəmini hazırlayan təxribatçı məmurlar bunun hansı pis sonluqla nəticələnə bilməsini hesablamırlar.

Bu məmurlar xalqa daha yaxın olmalıdırlar. Onlar əhali ilə təmasdan qaçmamalıdırlar. Əgər abonentlər işıq pulu borcunu ödəmək imkanında deyilsə, güzəşt olunmalıdır.

Amma yanvar maxinasiyalarından varlanan Göyçayın işıq idarəsi rəisi Ağsudakı intihardan yetişdirir.

Ağsuda Səbirə Kərimovanın 280 manat işıq pulu borcuna görə intiharı həm dövlətə olan inamı sarsıtdı, həm bir ailənin faciəsinə səbəb oldu, həm də məmur özbaşınalığının son həddini göstərdi.

Göyçayın işıq idarəsi rəisi isə Ağsuda baş verən tükürpədici hadisədən örnək götürmək əvəzinə qışın soyuğunda camaatın işığını kəsir.

Yanvarın 24-də Ağsunun İlxıçı kəndində özünü kəndirlə asaraq intihar edən 36 yaşlı Kərimova Səbirə Tehran qızı əslində, o kəndirdən Azərbaycanın ölmüş, cansız 25 ilini asmış oldu. O kəndirdə sallanan bədənin əzabları bitdi, Azərbaycanın isə hələ davam edir...

36 yaşlı gənc qadını ipə götürən ikicə səbəb var idi: borca görə kəsilən işığı və kəsilən sosial müavinət...

Və Səbirə də öz taleyinin ipini kəsərək, ayaqlarının altındakı tableti itələməklə bu ölkənin ona yaşatdığı məşəqqətdən canını qurtararaq torpağa tapşırır.

FİA.Az xəbər verir ki, onun oğlu Naxçıvanskidə hərbi təhsil alırdı ki, Azərbaycana layiqli hərbçi olsun. Əri isə həmin gün mal-heyvan dalınca getmişdi.

Evin kiçiyi isə zilqaranlıq, zülmət, borca görə kəsilən işıqsız evin otağında anasını gözləyəndə bilmirdi ki, həyətdəki tövlədə anasının əzabları çoxdan bitib.

Cəmi 280 manata görə Azərbaycanda çıl-çiraq içində yaşayanlar, öz ailəsinə qarşı adekvat hərəkət olarsa, bəlkə də qatilə dönəcək adamlar heç bir rəva, mərhəmət hissi bilmədən, vücudlarındakı sonuncu vicdan hissini də itirərək səfalət içində sürünən Kərimovların işığını kəsib gedirlər.

Bu nümunə Göyçayın işıq idarəsi rəisinə və icra başçısı Mehdi Səlimzadəyə dərs olmurmu?

İcra başçısı idarə rəhbərindən izahat tələb edə bilər ki, Göyçayda işıq təsərrüfatını niyə iflic edib. Buna görə sabah baş verəcək bədbəxt hadisə yaxuda etiraz aksiyası icra başçısının boynuna biçiləcək.

Hazırda Göyçayda 100-lərlə ailənin işıqsız qalması heç kimi maraqlandırmır. Ümumiyyətlə, “Azərişıq” sədri Baba Rzayev ölkədə işıq böhranına səbəb olub.

Söhbət tender satınalmalarının prosedur qaydalarının kobud surətdə pozulmasından, bu üsulla milyonlarla manat dövlət vəsaitlərinin Baba Rzayevin biznes maraqlarının qurbanına çevrilməsindən gedir. “Azərişıq” ASC-də tikinti işlərinə nəzarət Baba Rzayevin qardaşının əlində cəmləşdirilib.

Tikilməkdə olan yarımstansiyalarda çalışanların fərqli bir hissəsi bu cür spesifik obyektlər üçün olsuqca təsadüfi adamlar hesab oluna bilər. Müsabiqələrin əsas qalibləri isə Baba Rzayevin yaxın ətrafına məxsus şirkətlərdir.

Bunlar “Göknur LTD” kabel zavodu (qardaşı Rahib Rzayev), Santral Elektrik LTD (Baba Rzayevin qaynı İlham Həsənov), “Bakelektro” (qardaşı Emin Rzayev) kimi kommersiya və istehsalat qurumlarıdır.

Bundan əlavə, əksər hallarda müqavilələr dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin pozulması nəticəsində tender keçirilmədən, müvafiq razılıq almadan birbaşa bağlanıb.

Halbuki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir.

Ümumiyyətlə, “Azərişıq” ASC-nin rəhbəri son zamanlar tender əməliyyatlarından da külli miqdarda qazanc götürməyə başlayıb.

Bu məqsədlə “atüstü” təsis edilən şirkətlərin müvafiq ixtisas uyğunluğu və təcrübəsi olmasa da, hesablarına külli miqdarda dövlət vəsaiti köçürülərək “yerbəyer” edilir.

Əksər regional elektrik şəbəkələrində isə əməlli-başlı korrupsiogen şərait hökm sürür.

REŞ-lərin elektrik enerjisi istehlakçılarını gözümçıxdıya salması ilə bağlı da onlarca fakt sadalamaq olar. Bu qurumlarda yer alan saxtakarlıqlar həddinin bilmir.
Tarix: 31-01-2018, 23:49
Xəbəri paylaş





Xəbər lenti