Əbülfəs Qarayevin bu quldurlardan xəbəri varmı? - belə davam edərsə...

Əbülfəs Qarayevin bu quldurlardan xəbəri varmı? - belə davam edərsə...
Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Acınacaqlı hal isə odur ki, xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin əksəriyyəti diqqətdən kənarda qalıb.

Baxımsız qalan abidələr sırasına Balakən rayonunun Talalar kəndində yerləşən, qədim albanlardan bizə miras qalmış Nur kilsəsi də daxildir. Abidənin yaşı daha qədim olsa da (VI əsr), onu bərpa olunduğu XIV əsrə aid edirlər. İki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur. Giriş qapısı ibadət yerinə və içəridəki otağa vahid tağla birləşir.

Nur kilsə məbədi özündə 3 mədəniyyəti birləşdirir: xristianlıqdan əvvəlki, xristianlığın yeni yayıldığı dövrü və sonrakı dövrü. Zaman keçdikcə bu kilsə insan barbarlığının qurbanına çevrilib.

Tarixçi Akif Məmmədli Sputnik Azərbaycan-a abidənin hazırkı durumundan danışarkən deyib: "Kilsənin zəng qülləsi və bir nefdən ibarət (arxitektura terminidir, memarlıq atributuna deyilir — müəl.) ibadət zalı bütöv şəkildə idi. Təəssüf ki, bir müddət əvvəl qızılaxtaranlar peyda oldular, Gürcüstandan gəlmişdilər. Abidənin öncə portal daşlarını sökdülər, sonra pəncərələri və içərisində akustika sisteminin yaradılması üçün hələ 1000-1500 il əvvəl qoyulmuş küpləri söküb dağıtdılar. Ardınca divarlar sökülməyə başladı. Gürcüstandan gələnlərə yerli camaat da qoşuldu. Elə zənn etdilər ki, həmin küplərdə qızıl var".

"Bu, təkcə Nur qalasında olmadı, Qullar kəndində yerləşən "Arılıq binə", Qaraçöl düzəngahında yerləşən "Darvaz" məbədində, Zaqataladakı bəzi abidələrdə də elə oldu. Qax rayonunun İlisu kəndində də qızılaxtaranlar peyda oldu və onlar da tarixi abidələri qızıl axtarmaq adı ilə söküb dağıtdılar. Mən bunu insanların cahilliyi adlandırıram" — deyə tarixçi bildirib.

Tarixçi abidənin bərbad vəziyyətdə olmasından və mühafizə edilməməsindən narahatlığını dilə gətirib: "Kilsə baxımsız vəziyyətə düşüb, antropogen amillərin təsiri nəticəsində abidənin divarlarında böyük çatlar əmələ gəlib. Müəyyən müddətdən sonra bu kilsənin üst hissəsi çökə və dağıla bilər. Bu da o deməkdir ki, biz bu kilsəni gələcəkdə ancaq şəkillərdə və videolarda görə biləcəyik".

"Bundan əlavə, abidənin mühafizəsindən söhbət gedə bilməz. Bir tarixçi kimi bu, məni çox narahat edir. Xaricdən gələn turistlərə abidəni göstərmək üçün kiminsə həyətyanı sahəsinə keçmək məcburiyyətində qalırıq. Əksər hallarda gedib görürəm ki, abidənin ətrafında heyvanlar var" — A.Məmmədli danışır.

Sözügedən abidənin üzərində onun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu barədə lövhə var. Amma atalar demişkən: "Görünən dağa nə bələdçi?" Ətrafdakı kol-kos və kilsə divarlarının aşınması, sökülüb-tökülməsi onun necə qorunduğunu bariz şəkildə göstərir.
Tarix: 1-02-2018, 11:40
Xəbəri paylaş





Xəbər lenti