“Sayğac qoyulanda sevinmişdik ki, qaz çəkilir…”
“2015-ci ildə sayğac quraşdırılsa da, hələ də qəsəbəyə qaz çəkilməyib”.
Bu sözləri Göygöl rayonu Yeni Qızılca qəsəbə sakinləri “Qafqazinfo”ya şikayətində deyib. Bildiriblər ki, 10 ildən çox bu qəsəbədə məskunlaşmaqlarına baxmayaraq, mənzillər hələ də qazla təmin olunmayıb:
“Sanki ucqar kənddə yaşayırıq. Odun peçi yandırdığımız üçün məcbur hər il evi yenidən təmir edirik. Sayğac qoyulanda sevinmişdik ki, qaz çəkilir. 3 il ötüb hələ də ortada bir iş yoxdur”.
“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, qəsəbənin bu il qazla təmin olunması planlaşdırılıb:
“Hazırda Yeni Qızılca qəsəbəsində qazlaşdırma işləri davam etdirilir. Demək olar ki, işin 80%-i görülüb. Qəsəbədə yaşayan 1300 ailə iyun ayından etibarən qazla təmin olunacaq”.
Tarix: 13-02-2018, 15:51