Mahir Quliyevin postuna namizədin kimliyi də açıqlanıb.
KİV-də yayılan xəbərlərə görə, onun 1-ci müavini Xanlar Məmmədov müvafiq müsahibədən keçib və dövlət qulluğuna dair imtahanda müsbət nəticə əldə edib.Biləsuvar rayonu illərdir ki, yerində sayır və inkişaf getmir. Bu vəziyyət mərkəzi aparatı da narahat edib. Prezidentə məruzə olunub ki, cənub regionunda ən böyük durğunluq Biləsuvardadır.
Dövlət başçısına M.Quliyevin uğursuz fəaliyyətindən bəhs olunub, ayrılan maliyyənin qarşılığında rayonda yenidənqurma işləri getmədiyi məruzə edilib.
Hesablama Palatasının və ayrı-ayrı maliyyə qurumlarının Biləsuvar Rayon İcra Hakimiyyətində aşkarladığı nöqsanlar da dosye şəklində prezidentə təqdim olunub.
2017-ci ilin yekunları ilə bağlı maliyyə hesabatından aydın olub ki, 300 min manata yaxın mənimsəmə var.
Bu barədə dia.az xəbər verib ki, icra başçısı M.Quliyevin ayağında qalan bu məbləğin geri qaytarılması mexanizmi işə düşə bilər.
Hətta bu pul hansısa yolla büdcəyə geri qaytarılsa belə, icra başçısının vəzifəsindən gedişi qaçılmazdır.
Onun müavini X.Məmmədovun Biləsuvara rəhbər təyinatı bir qədər yubana bilər. Lakin yaxın gələcəkdə sərəncam olacağı söylənir.
Bundan əlavə, sahibkarlar, fermerlər, rayon sakinləri icra başçısından narazıdır. Onları qəbul etmir, dinləmir, görüş keçirmir, müraciətlərə baxılmır, süni problemlər yaradılır.
Məsələn, prezident İlham Əliyevin 28 mart 2017-ci il tarixdə Saatlıda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirdiyi respublika müşavirəsində verdiyi tapşırıqlar, bu gün Biləsuvar rayonunda yerinə yetirilmir.
Çünki, cənab Prezident həmin müşavirədə çıxışı zamanı bildirdi ki, “mənim üçün pambıqçılığın inkişaf etdirilməsi ilk növbədə sosial layihədir, sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.
Həmçinin ölkə rəhbəri həmin müşavirədə onu da vurğuladı ki, pambığın əkini, yetişdirilməsi və toplanıb təhvil verilməsi ilə əlaqədar bütün işləri, müvafiq qurumlar operativ şəkildə həll etməlidirlər. Pambıq əkən fermerlərə hər cür köməklik vaxtında çatdırılmalıdır.
Xatırladaq ki, son vaxtlar rayonda cərəyan edən neqativ hadisələr, icra hakimiyyətinin başçısı Mahir Quliyevin və digər yerli məmurların törətdikləri özbaşınalıqlar haqqında məsələlər tez-tez mətbuatın gündəminə gəlir.
Amma bütün tənqidlərə rəğmən, nə rayon rəhbəri, nə də digər yerli idarələrin rəsmi şəxsləri işlərindəki nöqsanlara son qoyurlar.
Məlumatınız olsun ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub.
O 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Başqa sözlə desək, Mahir müəllim 42 yaşında universitet məzunu olub.
İcra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.
Rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, dərhal icra başçısı və ya onun yaxınları tərəfindən nəzarətə götürülür.
Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir.
Digər tərəfdən isə bəzi mənbələr Biləsuvar rayonunda dövlət tərəfindən ayrılan sosial yardımların da yoxsul, imkansız ailələrə deyil, vəzifə sahiblərinin yaxın qohum-əqrəbalarına yazılıb onlarla yarı bölündüyünü vurğulayırlar.
Həmçinin rayon camaatının torpaq problemi də var. Əkinçiliklə məşğul olan kəndlilər maddi cəhətdən və texnika sarıdan əziyyət çəkirlər. Onlar üçün nəzərdə tutulmuş dövlət proqramları işləmir.
Hazırda rayonda vətəndaşlara icarəyə verilmiş dövlət torpaqlarında ayrı-ayrı adamlar əkinçiliklə məşğuldur. Adı icarə müqaviləsində olan şəxsləri isə, yaxına belə buraxmırlar.
RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 22-02-2018, 07:46