Oğuzda şəhid adını daşıyan küçədə biabırçı mənzərə... - FOTOLAR
Yol mədəniyyətdir. Təəssüf ki, bu mədəniyyət Oğuzun şəhid Arzu Əliyevin adını daşıyan küçəsində heç hiss olunmur. Minə yaxın sakinin yaşadığı küçədə yol bərbad vəziyyətdədir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuzun ilk şəhidinin adını daşıyan Arzu Əliyev küçəsində isti havalarda tozdan, yağış, yağışlı havalarda isə palçıq və gölməçələrin əlindən tərpənmək mümkün olmur.Rayonun Arzu Əliyev küçəsi ilə yanaşı, Dədə Qorqud və Mikayıl Müşfiq küçələrinin sakinləri də yolun bərbad halda olmasından əziyyət çəkirlər. Ərazidə 3 saylı məktəb yerləşdiyindən bu yoldan istifadə edənlərin sayı daha çoxdur. Hər gün bu yoldan ən az iki dəfə keçmək məcburiyyətində qalan azyaşlı uşaqlar problemi daha çox yaşayırlar. Hətta bəzi valideynlər uşaqları üçün məktəbə 2 ayaqqabı aparmağa məcbur olurlar.
Rayon sakini Rauf Abidov Sputnik Azərbaycan-ın bölgə müxbirinə üzləşdikləri xoşagəlməz vəziyyət barədə danışıb: "Nəvələrimi məktəbə apara bilmirəm. Hər gün geyindirib aparırıq, gələndə palçıqdan çıxa bilmirlər. Yıxılıb zədələnirlər, ayaqları suyun içində olur deyə tez-tez xəstələnirlər".
Sakinlər vurğulayıblar ki, dəfələrlə bu barədə İnzibati Ərazi Nümayəndəliyinə müraciət ediblər. Ancaq problemin aradan qaldırılması istiqamətində heç bir iş aparılmayıb. Baxmayaraq ki, rayonda kanalizasiya sistemi çəkilib, su drenajları qoyulub, amma görünən odur ki, heç biri işlək vəziyyətdə deyil.
Məsələ ilə bağlı Oğuz bələdiyyəsindən bildiriblər ki, həmin ərazidəki daha bir neçə küçə də bərbad vəziyyətdədir. İl ərzində şəhər ərazisindəki bəzi küçələrdə təmir işlərinın aparılması nəzərdə tutulur. Hikmət Ziya küçəsi də həmin siyahıdadır.
Qarşıdan yağışlı mövsümün gəldiyini nəzərə alsaq, sakinlər üçün bu yoldan istifadə yazda daha da mümkünsüz olacaq. İndi sakinlərin ancaq ümidləri ona qalıb ki, növbəti yağıntılar dövrünəcən məsələnin öz həllini tapması üçün dua etsinlər.
Tarix: 28-02-2018, 10:06