Eks işçisi Laçının başçı və deputatını yıxıb-sürüdü: “Nəzərlilərin və Abbaszadələrin...”

Eks işçisi Laçının başçı və deputatını yıxıb-sürüdü: “Nəzərlilərin və Abbaszadələrin...”
Ötən il İraqın Kürdüstan muxtariyyatında keçirilən referendumu açıq bəyanatla dəstəkləyən azərbaycanlı məmur vəzifədən çıxarıldıqdan sonra feysbukda aktivləşib
Laçın Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olmuş Fizuli Tanirverdiyevin Kürdüstanın müstəqilliyinə açıq mesajı cəmiyyətdə birmənalı qarşılanmamışdı.
KİV və sosial mediada sərt tənqidlərə tuş gələn RİH məmuru kürd separatizmini dəstəkləməkdə ittiham olunurdu. Bu söz-söhbətlərdən sonra şöbə müdiri işdən çıxarıldı.
Bu günlərdə isə F.Tanirverdiyev feysbukda açıq mətnlə çıxış edib. Sabiq şöbə müdiri Laçının icra başçısı Aqil Nəzərlini və rayonun deputatı Mahir Abbaszadəni “topa tutub”.
O, A.Nəzərlinin və M.Abbaszadənin laçınlıların deyil, öz qohum-əqrəbalarının başçısı ilə deputatı olduqlarını xatırladıb. Əslində isə keçmiş məmurun söylədikləri çoxdan bəllidir.
Dəfələrlə mətbuat Laçının icra başçısı və deputatının seçicilərə, məcburi köçkünlərə laqeyd münasibətindən yazıb, öz şəxsi bizneslərini inkişaf etdirdikləri vurğulanıb.
F.Tanirverdiyev feysbukda bu statusu paylaşıb: “Bu gün yol boyu hey düşündüm... Dağı arana, aranı dağa çəkdim.
Nəhayətdə, özümə söylədim: Fizuli, min bir əziyyətlə, köçkünlük həyatının verdiyi çətinliklərlə orta məktəb oxudun, test imtahanlarından keçib ali məktəbə qəbul oldun.
Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdin, hərbi xidməti zabit olaraq xidmət etdin, sonun nə oldu?!”

Sabiq şöbə müdiri A.Nəzərli haqda dəhşətli ittihamlar səsləndirib.

- Orta məktəb dövrünü şagird kimi oxumaqda deyil, gənc, yeniyetmə dövrlərində yanacaq daşıyan maşının arxasında benzin satmaqla,

- Laçın adı altında balaca bir köşkdə yumurta satmaqla işıqlı gələcəyini qurmuş,

- Hərbi xidmət dövrü Biləcəridən o tərəfə olmayan, ancaq general ali hərbi rütbəsinə yüksəlmiş,

- Test imtahanı keçmədən qazandığı pullar sayəsində fultralogiyanı oxuyub, “Təfəkkür” Univeristetinin hüquq fakultəsinin diplomunu əldə edib akademik elmi dərəcəsinə yüksəlmiş

- Tərcümeyi halını yazıb rəhmətlik Muradxan Cabbarova təqdim edə bilməyən,

- Qayınatası Vaqif Cabbarovun vətənə xəyanət etdiyi üçün DTX tərəfindən həbs edilmiş,


- Akif müəllimin Bakıda keçirdiyi iclasda hərbiyə getməyənlərlə xanımlar otursun, hərbi xidmət keçmişlər ayağa qalxsın deyəndə xanımların sırasında oturduğu stuldan qalxa bilməyən, bununla belə Laçın rayon icra başçısı postuna yüksəlməsinə baxmayaraq 74 min laçınlının deyil, yaxın qohum-əqrabasının, Nəzərlilərin və Abbaszadələrin başçısı olan Aqil Nəzərli tərəfindən uyduruq bir oyunla karyerasına son qoyulan ixtisasca hüquqşünas, ehtiyatda olan zabit Fizuli Tanirverdiyev olaraq dəyişməmiş fəxr ediləsi bir ünvanlı titulda qaldın”.
Mediaya istinadla xəbər veririk ki, keçmiş şöbə müdirinin dediyi kimi - Laçının icra başçısı olan Aqil Nəzərlinin xanımının babası Vaqif Güləbirdli bir zamanlar cinayət məsuliyyətinə cəlb olunub.
A.Nəzərli artıq laçınlıların şikayəti, mətbuatın araşdırdığı faktlarla deyil, həm də keçmiş əməkdaşı tərəfindən ifşa olunur. Onun rayonda sakinlərin problemləri ilə maraqlanmadığı haqda günlərlə yazılıb.
Eyni sözləri M.Abbaszadə haqda söyləmək olar. Onun da başı biznesə qarışıb. Çünki onun ticari əlaqələri Dubay-Bakı reysi ilədir.
Xarici pasportundakı möhürlər kifayət edir ki, onun biznesinin hansı ərazidə olduğu müəyyən edilsin.
Bir qrup Qarabağ əlilləri də A.Nəzərlinin və M.Abbaszadənin əməllərindən dövlət başçısı İlham Əliyevə yazmışdı.
“Biz Qarabağ əlilləri Laçın rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu ,Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi,Laçin rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlu torpaqlarimiz uğrunda Qarabağ əliliyəm.
Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və onun ailə üzvlərinin, Laçın Rayonundan seçilmiş millət vəkili Mahir Abbasovun və onun ailə üzvlərinin ,Laçın Rayon Təhsil Şöbəsinin Müdiri Nicat Həsənovun biz laçınlı məcburi köçkünlərə etdiyi zülm və qanunsuzluqları sizin diqqətinizə çatdırmaq istəyirik.
Laçın rayonuna Aqil Nəzərlinin başçı təyin olunmasına sevindik ki, yəqin cavan olduğu üçün bizim problemlərimizə daha qayğıkeş yanaşacaqdır.
Ancaq bu günə kimi nəinki problemləri həll etdi, əksinə yeni problemlər yaratdı.
Biz Qarabağ əlili olaraq onun qəbuluna getdik, bizə hər hansı köməklik etməyini xahiş etdik. O isə bizə hər dəfə atası Ağaxan kişinin şəxsi təsərrüfatına köməklik etməyimizi təklif etdi.
Bildirdi ki, əgər biz onun atasının və ya qardaşı Müqabil Nəzərlinin şəxsi təsərrüfatında işləsək onda bizə hər hansı maddi yardım edəcəyini bildirdi.
Qeyd edək ki, icra başçısının atası və qardaşına məxsus çoxlu marketlər, yanacaqdoldurma məntəqəsi və ferması vardır.
Biz ona bildirdik ki, sizin ailənizin qapısına gəlməmişik, biz icra hakimiyyətinin qəbuluna gəlmişik.
İcra başçısı Aqil Nəzərli əlini göyə açıb bizə sən çörəyini Allahdan istə dedi. Hörmətli cənab prezident biz millət vəkili Mahir Abbasova eyni qaydada müraciət etdik, o isə bizə bildirdi ki,sizin 2-ci qrup əlil olmağının mənə aidiyyatı yoxdu,siz öz borcunuzu yerinə yetirmisiniz.
Görəsən bizimlə təxminən həmyaşıd olan cənab Aqil Nəzərli və cənab Mahir Abbasov öz borclarını yerinə yetiriblərmi və yetirirlərmi.
Cənab İlham Əliyev ,hörmətli Mehriban xanım sizlərin 2016-cı il aprel döyüşləri ərəfəsində cəbhə bölgəsində əhalinin içərisində olmağınız həmişəki kimi bizlərə ruh yüksəkliyi verdi.
Niyə bu şəxslər sizləri özlərinə örnək görmürlər. Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli 2-ci qrup Qarabağ əlilini öz atasının qapısında işləməyi təklif edir”.
Həm vətəndaşların, həm keçmiş şöbə müdirinin dedikləri ilə bağlı ittiham olunan tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fia.Az
Tarix: 1-03-2018, 17:26
Xəbəri paylaş





Xəbər lenti