Ağsu sosial problemlər məngənəsində – vətəndaşlara biganə olan icra başçısı rayonda kritik vəziyyət yaradıb

Ağsu sosial problemlər məngənəsində – vətəndaşlara biganə olan icra başçısı rayonda kritik vəziyyət yaradıb
Ağsuda artan sosial problemlərə biganə qalan rayon rəhbərliyinin fəaliyyətindən olan narazılıqlar narahatçılıq yaratmaqdadır. Rayonun icra başçısı Ənvər Seyidəliyevin narazı insanların şikayətlərinə məhəl qoymaması, vətəndaşların icra aparatında qəbul edilməməsi, kəndlərdə içməli su probleminin yaranması ölkə başçısının da tapşırıqlarına biganə münasibət kimi qiymətləndirilir.


Paytaxt.org bildirir ki, rayon sakinlərinin Realliqinfo.org – un redaksiyasına ünvanladığı müraciətlərdə qeyd olunur ki, icra başçısının qohumları Ağsuda qanunları pozan əsas şəxslərdir. Onlar 2007- ci ildən rayona rəhbərlik edən Ənvər Seyidəliyevin ancaq qohumlarına pul qazandırdığını yazırlar. Ağsu icra başçısının Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla yaxın qohum olması, onun toxunulmazlığının əsas səbəblərindən biri sayılır. Nazirin dayısı olan Ənvər Seyidəliyev rayonda qohumlarını vəzifəyə yerləşdirməkdən çəkinmir. Savadı olub –olmamasından asılı olmnayaraq Seyidəliyevlərlə qohum olan hər bir şəxsə qanunları pozmaq səlahiyyəti və vəzifələr verilib.





Hələ bir müddət öncə saytların yaydığı məlumatlardan belə nəticəyə gəlmək olar ki, Ağsuda icra başçısının qohumlarından təşkil etdiyi imperiya özbaşınalıq edərək sakinlərin narahatçılığına səbəb olur. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev, Ənvər Seyidəliyevin qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Varis Nəzərov bazarda xırda ticarətlə məşğul olanlardan hər günün sonunda müəyyən qədər “haqq” alır və daha sonra onları yola salır. Bu şəxsin rayonda obyektləri və mağazaları medianın diqqətindən yayınmayıb.

Ağsu Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi isə icra başçısının başqa bir yaxın qohumuna həvalə edilib.
Sakinlər bildirirlər ki, artıq özbaşınalıq və qanunsuzluq Ağsuda pik nöqtəyə gəlib çatıb. Təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssablar rüşvət verərək orta məktəblərdə müəllim işləyirlər. İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.

Ənvər Seyidəliyevin etdikləri bununla da yekunlaşmır. Ölkə mediasında gedən məlumatlarda qeyd olunur ki, icra başçısı və müavinləri hədsiz dərəcədə qumar düşkünüdürlər. Artıq heç kəsə sirr deyil ki, icra başçısı və müavinləri adətən günortadan sonra Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar. Qeyd edək ki, həmin restoran Ənvər Seyidəliyevə məxsusdur. Daxil olan məlumatda qeyd olunur ki, artıq Ağsuda kritik vəziyyət yaranıb. Sakinlər son çıxış yolu kimi icra başçısının əleyhinə imza toplayaraq, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünürlər: “Bizə başqa seçim şansı buraxılmayıb. Rayonda günü-gündən özbaşınalıq artır, bunun qarşısını kimsə almalıdır. Elə bil rayonda həmin vəzifələrə layiq başqa potensiallı adam yoxdur, Ənvər Seyidəliyev ancaq öz qohumlarına verib yaxşı vəzifələri. Başçı onlardan iş tələb etmir, onlar da arxayınlaşıb şikayətlərimizi vecə almırlar. Bilirlər ki, onsuz da heç kim bir söz deməyəcək. Amma belə olmaz axı.”- deyə şikayətçilər bildiriblər.

Etibarlı mənbələrədən aldığımız məlumatlar nəticəsində Ə.Seyidəliyev haqqında daha bir neçə şok faktı öyrənə bilmişik. Belə ki, iddialara görə, Ə.Seyidəliyev ölkə xaricində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib.Bundan əlavə, icra başçısı bir zamanlar ədavət yaşadığı şəxsin birinə ev hədiyyə edərək aradakı buzları əridib.Bu qəbildən olan faktlar geniş təfərrüatları birgə növbəti yazılarımızda öz əksini tapacaq.
Yazıda adı keçən hər bir şəxsin münasibətini dinləməyə hazırıq.

paytaxt.org
Tarix: 6-03-2018, 16:59
Xəbəri paylaş





Xəbər lenti