Bağırov–Baxşıyev tandemi və fəlakətə sürüklənən Lerik - İDDİA
Prezident seçkisinə sayılı günlər qalır. Lerik rayonunda isə şikayətlərin ardı-arası kəsilmir.
Tendensiya.com xəbər verir ki, rayon sakinləri tez-tez seçkiöncəsi müraciətlərində, bəlkə də, ümid işığı axtarırlar. Çünki Lerikdə uzun illər dava edən yarıtmaz idarəçilik siyasəti ümid işığını çoxdan keçirib.
Bunu sosial şəbəkələrdə rayon sakinləri yazırlar.
Onların sözlərinə görə, Lerikin mərkəzi günü-gündən bərbadlaşır. Baxmayaraq ki, milyonlarla manat vəsait xərclənib, yenə də durum düzəlmir.
Vağzal tərəfə gedən ərazilərdə, eləcə də, İsmayıl Yaqubov və Nəriman Nəriman küçələrində vəziyyət acınacaqlıdır, demək olar ki, yollar tamamilə dağılıb və yaranan çala-çuxurlar sanki Suriyanın hansısa bombalanmış ərazilərini xatırladır. Heydər Əliyev meydanına tərəf gedən yollar da getdikcə tanınmaz hala düşür… Bir sözlə, milyonlarla vəsaitin bir hissəsi də Lerikdə batır.
“Təsəvvür edin ki, prezident seçkiöncəsi xalqla görüşmək üçün rayona gəlir və bu durumu gözləri ilə görür. Bilirsiniz, nə baş verəcək? Çox güman ki, icra başçısı Rövşən Bağırov və rayonu de-fakto idarə edən Cəlil Baxşıyev ən yaxşı halda vəzifəyə əlvida deyəcəklər, ən pis halda isə milyonlarla yeyinti faktına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar”, – bunları əslən Lerikdən olan Vüsal Əliyev “facebook”-da yazıb.
O qeyd edir ki, rayon faktiki iki-üç şəxsin nəzarətindədir. Bunlar icra başçısı Rövşən Bağırov, onun müavini Cəlil Baxşıyev və Lerikin adından Milli Məcisdə deputat kimi otuzdurulan İqbal Məmmədov.
Amma sakinlər ölkə başçısına müraciət etməkdə israrlıdırlar. Onlar ümid edirlər ki, seçkiöncəsi ölkə başçısı rayona baş çəkəcək və rayon mərkəzində dağıdılan milyonların nəticəsiziyi, həmçinin şəxsi ciblərə necə axdığının şahidi olacaq.
Əliyev yazır ki, bu məmurların əsas işi varlanmaqdır: “Götürək, elə Cəlil Baxşıyevi. Özü, oğlu, qardaşları və nəsli üçün hər şəraiti qurub. Lerikin inkişafı deyəndə əhali zarafata “9 qardaş”dan danışırlar. Söhbət Cəlil Baxşıyevə məxsus restorandan gedir. Rövşən Bağırovun hər bir şəraiti, milyonları, biznesi var. Bəs zavallı əhalinin? Onlar heç normal bayramlıq ala bilmirlər. Söhbət ondan getmir ki, niyə məmurların var, xalqın yox, söhbət ondan gedir ki, məmurlar bu pulu haradan qazanıblar? Təbii ki, rayona ayrılan vəsaitlərdən, korrupsiya və rüşvətdən…”.
Yazı müəllifi qeyd edir ki, iki gün öncə rayon mərkəzində bu dəhşətli mənzərənin şahidi olub: “Əmin oldum ki, Lerik və sakinləri Allahın ümidinə qalıb. Dövlət onlara sahib çıxmalıdır, əks halda yerli məmurların özbaşınalığı onların axırına çıxacaq…”