Göyçayda Səlim Mehdizadə zülmü davam edir - GİLEY


Göyçayda Səlim Mehdizadə zülmü davam edir
Göyçayın bir qrup sakini rayonun icra başçısı Mehdi Səlimzadənin “əməllərinə” etiraz edir.

Onlardan - Dursun Ramiz qızı Babayeva, Dilşad Faiq qızı Əliyeva, Camal Kamil oğlu Sadıqov, Novruz Sabir oğlu İsmayılov, Nüşabə Allahverdi qızı Həsənova, Zeynal Cavanşir oğlu Məmmədov, Azər Soltan oğlu Qasımov, Orxan Ərəstun oğlu Xəlilov və digərlərinin adından Reyting.az-a da şikayət məktubu göndərilib.

Şikayətçilər yazır ki, Göyçay rayon sakinləri icra başçısı Mehdi Səlimzadəyə qarşı imza toplamağa başlayıblar.

Qeyd olunur ki, Göyçay rayon sakinlərini intihar həddinə çatdıran icra başçısı Mehdi Səlimzadənin və qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən Prezident İlham Əliyevə də şikayət məktubu yazılıb: “Artıq 5 gündür həmin şikayət ərizəsinə rayonun 3000-dən çox sakini imza atıb. Həmin ərizə sabah Bakı şəhərindən poçt vasitəsi ilə cənab İlham Əliyevə göndəriləcək. Şikayət ərizəsində icra başçısı Mehdi Səlimzadənin və qohumlarının rayon sakinlərinə qarşı etdikləri özbaşınalıqlardan bəhs edilib”.

Sakinlərin yazdığına görə, Azərbaycanın bütün rayonlarında ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkı olsa da, Göyçay kimi böyük rayonda belə bir park yoxdur: “Mehdi Səlimzadə rayon mərkəzində belə bir parkın yaradılmasına səy göstərməsə də, öz şəxsi biznesini genişləndirmək məqsədi ilə idarə və müəssisə rəhbərlərindən pul toplamaq kampaniyasına start verib”.

Daha sonra onlar büdcə təşkilatlarının adını çəkərək, icra başçısının onların hər birindən pul tələb etdiyini yazıblar. Bildirilir ki, icra başçısı toplanan həmin vəsaitin bir hissəsini rayonda yeni açılmış və hazırda genişləndirilən “Təzə bazar”ın asfalt örtüyü üçün istifadə edir:

“Mehdi Səlimzadənin yeni açdığı “Təzə bazar”ın tikilib başa çatdırılmasından ötrü tələb etdiyi pulun yığılması üçün idarə müdirləri öz işçilərinin maaşlarından pul tuturlar ki, bu da kütləvi narazılıqlar yaradıb. Ona görə də Göyçay sakinləri “Təzə bazar”a “Təzə azar” adı veriblər. Çünki bazar sevdası ilə yaşayan icra başçısının tələb etdiyi vəsait kasıb insanların cibindən çıxarılır. Mehdi Səlimzadənin bu bazarı camaata bəla olub”.

Sakinlərin yazdığına görə, Göyçay rayonunda 4 kolxoz bazarı var ki, beşincisinə heç bir ehtiyac yox idi: “Bilmirik Mehdi Səlimzadəni Göyçaya icra başçısı təyin ediblər, yoxsa bazar müdiri... Səlimzadə demək olar ki, hər gün başının dəstəsi ilə özünə məxsus “Təzə bazar”a gələrək, müəyyən göstərişlər verir. Bu, biabırçılıqdır”.

Sonda sakinlər M. Səlimzadənin bazara bu qədər aşiq olmasına hakim dairələrin aydınlıq gətirməsini xahiş ediblər: “Eyni zamanda, xahiş edirik ki, bu adamın özbaşınalıqlarına son qoyulsun”.

Dia.az saytı qarşı tərəfin ittihamlara cavab haqqına yer ayırmağa hazırdır.
 
Tarix: 23-03-2018, 10:57
Xəbəri paylaş





Xəbər lenti