Rəis bir gündə 40 gənci işdən azad edib - Qalmaqal

Rəis bir gündə 40 gənci işdən azad edib
Ucar rayonunun 20 Yanvar küçəsi, ev 34-də yaşayan Azər Ələsgər oğlu Purqafari Reyting.az-a şikayət məktubu göndərib.

KİV vasitəsi ilə prezident İlham Əliyevə müraciət edən Purqafari yazır ki, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov qanunsuz olaraq, bir gündə 40 gənci işdən çıxarıb.

Həmin gənclərin heç bir nöqsana yol vermədiyini iddia edən Azər Purqafari bildirir ki, rəis İslam Əsgərov 40 gənci yola salsa da, həmin idarədə yüzlərlə pensiya yaşı keçmiş şəxsi işdə saxlayıb:

“İslam Əsgərovun rəisi olduğu Gəncə Lokomotiv Deposunun 1000-dən çox işçisi var. Hər işçinin maaşından hər ay pul tutulur. Gecə növbəsi pulu, məzuniyyət və s. pullar verilmir”.

Rəis bir gündə 40 gənci işdən azad edib

İ. Əsgərovun həyat yoldaşının Biləcəri Deposunda yüksək vəzifədə çalışdığını da yazan şikayətçi bildirib ki, Gəncə Lokomotiv Deposundan qanunsuz olaraq işdən çıxarılmış Yevlax rayonunun Tanrıqulular kənd sakini Babək İlham oğlu Ələkbərov İslam Əsgərovun qanunsuz əməllərindən şikayət etdiyi üçün hədələnir:

“İslam Əsgərov şikayətçi Babək Ələkbərova deyib ki, "Hara şikayət etsəniz də, mənası yoxdur, mənim arxamda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Əlirza Süleymanov dayanır. Mən onun tapşırığı ilə 40 gənci işdən çıxarmışam".

İ. Əsgərov işdən çıxardığı 40 nəfər gəncin valideyinlərini çağırıb onlara hədə-qorxu gəlib ki, övladlarınızı başa salın, bir daha mənim barəmdə şikayət etsələr, onlara baha başa gələcək, onların telefonlarını dinlətdirirəm”.

Müraciət müəllifi bildirir ki, işdən azad olunan həmin 40 gənc tam sağlam və məsuliyyətli insanlardır: “Sadəcə, həmin 40 gənc Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərovun maaşlardan qanunsuz tutmalarına, məzuniyyət və gecə pullarının mənimsənilməsinə etiraz etdikləri üçün işdən çıxarılıblar”.

Rəis bir gündə 40 gənci işdən azad edib

Şikayətçi sonda ölkə rəhbərliyindən 40 gəncin adından xahiş edir ki, bu qanunsuzluq araşdırılıb tədbir görülsün:

“Cənab Prezident, bu gənclər Azərbaycanın gələcəyidir. Onları qanunsuz yolla işdən uzaqlaşdıran İslam Əsgərovun fəaliyyətinin araşdırılmasını, eyni zamanda, işdən çıxarılanların işlərinə bərpa olunmalarını Sizdən xahiş edirəm”.

Şikayətə qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. İ. Əsgərovun da mövqeyinə yer ayırmağa hazırıq.
 
Tarix: 23-03-2018, 11:03
Xəbəri paylaş





Xəbər lenti