İcra başçısı Avropaya mühacir göndərməkdə ittiham olundu


Koalisiya rəhbəri Gədəbəy RİH başçısı Ramiz Yediyarovu rayonu əşirət qanunları ilə idarə eləməkdə suçladı: “Azərbaycandan kənarda olanların əməlləri ilə sizin əməllərinizdə fərq varmı?..”

“İctimai Nəzarət Koalisiyası”nın (İNK) sədri Rasim Məmmədov Gədəbəy İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun rayonda sahibkarlara qarşı hərəkətlərini sərt şəkildə tənqid edib. Koalisiya sədri bildirib ki, Ramiz Yediyarovun yerli sahibkarlara qarşı atdığı addımlar ölkə prezidentinin sahibkarlığa qarşı çağırışlarına ziddir, bir çox hallarda böyük qanunsuzluqlarla müşahidə edilir.

Rasim Məmmədov rəhbəri olduğu Koalisiyanın bir qrup üzvü ilə rayondakı durumu yerində araşdırmaq üçün Gədəbəyə yollanıb. Onun sözlərinə görə, Gədəbəy İcra Hakimiyyətinin rəsmiləri Koalisiya üzvlərinə qarşı özlərini məmur etikasına sığmayan tərzdə aparıblar. O, icra başçısını rayonu əşirət qanunları ilə idarə etməkdə suçlayıb. Bildirib ki, başçı rayonda sahibkarlara qarşı qanunsuzluqlar etməklə iş yerlərinin bağlanmasına nail olur, əhali arasında narazılıq yaradır. Rayonda baş verən qanunsuzluqlarla bağlı İNK rəsmi qaydada prezidentə, 1-ci vitse-prezidentə, Prezident Administrasiyasına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizilik Xidmətinə müraciət ünvanlayıb: “Gədəbəydə sadə və kasıb bir ailənin  övladlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qarşısı cinayətkarcasına dayandırılıb. 6 aya yaxındır ki, Gədəbəydəki sahibkarın fəaliyyəti haqda əksər sayt və qəzetlər yazıblar. Dövlət Təhlükəsizliyi Xidmətinin Gədəbəy şöbəsi, Rayon Prokurorluğu, bütün aidiyyəti qurumlar və orqanlar bu haqda məlumatlandırılıb. Ancaq Ramiz Yediyarov elə bir vəziyyət və şərait yaradıb ki, sahibkarın nəinki qapısı açılmayıb, sahibkar öz əmlakını, texnikasını içəridən götürə bilmir. Öz şəxsi mülkiyyətinə girə bilmir.

Rasim MÉmmÉdov rÉhbÉri olduÄu Koalisiya ile ilgili görsel sonucu

Bu gün bunu hər kəs görür. Bu gün ölkədə seçkidir. Xalq prezidenti dəstəkləyir. Hətta qapısı bağlanan sahibkar, evi uçurulan vətəndaş da prezidenti dəstəkləyirlər. Niyə görə bu məsələ öz həllini tapmır?

Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhülkəsizliyi Xidməti və digər qurumlar var. Baxın görün, bir ailənin, bir sahibkarın fəaliyyətinə iflic ediblər. 10 nəfər işçi, hansılar ki, orada işləyirdilər çörəksiz qalıb. Kommunal xərclər, vergilər ödənilmir. Bütövlükdə Azərbaycan mediası bu mövzunu işıqlandırır, amma buna reaksiya verilmir. Yüksək vəzifəli rəsmi şəxslərlə söhbətlərimdə bu məsələni demişəm və bu insanlar açıq-aşkar deyirlər ki, bizim Ramiz Yediyarova gücümüz çatmır, onlar dövlətə təzyiq edirlər. Yəni onlar artıq ölkənin prezidentinin verdiyi tövsiyə, tapşırıqları, xalqa olan münasibəti heç cürə dəyişmək istəmirlər. Köhnə qaydalarla, bürokratik əngəllərlə çalışırlar”.

Rasim Məmmədovun dediyinə görə, Ramiz Yediyarov İNK-in xanım üzvlərini təhqir etməkdən də çəkinmir: “İctimai Nəzarət Koalisiyasında şəhid anaları, milli qəhrəman anaları, tanınmış mətbuat nümayəndələri var. Ramiz Yediyarov iclasda utanmadan deyir ki, heç onları qoymadıq avtobusdan yerə düşsünlər, ayaqları torpağa dəysin. Deyib ki, Rasim Məmmədov küçə qadınalrının arxasında gizlənir. Mən buradan istəyirəm müraciət edəm. Bu gün bir dövlət məmuru, prezidentin səlahiyyətli nümayəndəsi, bir rayonun ağsaqqalı analara qarşı belə fikirlər işlətməsi hansı məntiqə sığır?”

İNK sədri Gədəbəy sakinlərinə müraciət edib: “Əziz Gədəbəy camaatı, sizin gözünüzün qarşısında bir ailəni bədbəxt edirlər. Hamımız da biganəyik. Biz Ramiz Yediyarovun ailəsinə, övladlarına hörmətlə yanaşırıq, onun səviyyəsinə düşüb heç kimin barəsində təhqir işlətmirik. Bildirmək istəyirəm ki, Azərbaycandan kənarda olanların əməlləri ilə Ramiz Yediyarovun əməllərində hansı fərq var?”

GÉdÉbÉy Ä°cra HakimiyyÉti ile ilgili görsel sonucu

Rasim Məmmədov xaricdə olan bəzi şəxsləri şərəfsiz adlandırıb, deyib ki, bunu bilirlər: “Həmin şərəfsizlər Ramiz Yediyarov kimi məmurların əməllərinə görə yetişir. Ramiz Yediyarov, siz Bağırov qardaşlarını həmin o şəxslərə çevirə bilməyəcəksiniz. Bağırov qardaşları son nəfəsinə qədər prezidenti dəstəkləyəcəklər. Çünki onlar bilirlər ki, siz prezidentə xəyanət edən bir insansınız. Heç bir məhkəmə qərarı olmaya-olmaya, rüşvətlə topladığınız pulla Fəxrəddin Bağırovun dükanının qapı-pəncərəsini hördürmüsünüz. 6 aydır ki, onu vergi ödəməkdən qanunsuz olaraq məhrum etmisizniz. 10 vətəndaşı ac qoymusunuz.

898.JPG (30 KB)

Sahibkarı borclandırmısıznız. Oradakı sement, şpaklyovka materialları zay olub, ən əsası sahibkar öz şəxsi mülkiyyətinə girə bilmir. Cənab prezidentin iqtisadiyat üzrə köməkçisi Natiq Əmirovun imzası ilə o adamlar sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Siz kimsiniz, Ramiz Yediyarov? Siz cənab prezidentin göstərişi, onun köməkçisi Natiq Əmirovun imzası ilə 7 ildir fəaliyyət göstərən sahibkarın işini iflic etmisiniz? Yoxsa bu adamları da Avropaya göndərmək istəyirsiniz?  Sizin dövlətçilikdən bir xəbəriniz varmı? Sizin pul yığmaqdan, yer satmaqdan başqa hansı bir işini var?”

Gədəbəyə səfər edən İNK üzvləri olan xanımlar da icra başçısı Ramiz Yediyarovun qanunsuz əməllərini tənqid ediblər. Bildiriblər ki, prezident seçkilərindən sonra Ramiz Yediyarova qarşı mübarizələrini davam etdirəcəklər.

Qeyd edək ki, 2017-ci ilin oktyabrında Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağırovun obyektinin qapısını bağlatdırıb. Başçı sahibkarın obyektinin qarşısını daş tökdürərək qapı-pəncərəsini hördürüb. Bu haqda “Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında “Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən “yazır” http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html reportaj təqdim etmişdik. Sahibkarın işi iflic duruma salınıb, özünü isə rayondan didərgin salıblar. Sahibkar müxtəlif dövlət orqanlarına müraciət etməklə başçının qanunsuz əməllərinə son qoyulmasını, sahibkarlıq fəaliyyətinin davam etdirilməsinin təmin olunması üçün tədbirlər görülməsini xahiş edib.

E.HÜSEYNOV

Tarix: 2-04-2018, 09:39
Xəbəri paylaş





Xəbər lenti