Ramiz Yediyarov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsə də, faktiki olaraq rayonu o idarə edir.
AzEuroNews.com xəbər verir ki, Yediyarov prezidentin sərəncamı ilə işdən kənarlaşdırılandan sonra barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində (KQMBİ) cinayət işi başlanıb.
Ötən həftə KQMBİ müstəntiqləri Gədəbəydə olaraq Yediyarovun işi üzrə araşdırma aparıblar. Araşdırmalar çərçivəsində Ramiz Yediyarovdan şikayətçilər və vəzifəli şəxslər dindiriliblər.Araşdırma sona çatandan sonra Ramiz Yediyarovun adamları hərəkətə keçiblər. Müstəntiqlər rayonu tərk edən kimi rayon Maliyyə İdarəsinin rəisi N.Məmmədov və icra başçısını əvəz edən Qüdrət Paşayev müstəntiqlərə izahat verən şikayətçilərə təzyiq göstərməyə başlayıblar.
Onlar şikayətçilərə bildirirlər ki, “özünüzü yormayın, şikayətləriniz nəticəsiz qalacaq, çünki artıq yuxarılarla dil tapılıb, müstəntiqlər də “razı” yola salınıb.
Yaxın vaxtlarda Namiq Məmmədov icra başçısı təyin ediləcək, bundan sonra aqibətiniz daha ağır olacaq”.
Gələn məlumatda deyilir ki, belə hədələmə üsulundan istifadə etməkdə Paşayevin və Məmmədovun yalnız bir məqsədi var:
Yediyarovun başçılığı altında törədilmiş, özlərinin də əsas iştirakçı olduğu ağır cinayət əməlləri haqqında məlumat ölkə rəhbərliyindən və istintaq orqanlarından gizlədilsin.
Buna görə də rayon əhalisi hesab edir ki, əgər istintaq dolğun iş aparmaq istəyirsə, mütləq bu şəxslər vəzifələrindən kənarlaşdırılmalıdırlar.
Ramiz Yediyarov vəzifəyə təyinat aldığı ilk günlərdən başlayaraq patronu – sabiq vergi naziri Fazil Məmmədovun gözünə xoş görünən torpaq sahələrini, xüsusilə perspektivli əraziləri ələ keçirmək üçün fəaliyyət göstərib.
Bu sırada Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazi də var.
Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Yediyarovun və Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun “yüngül əli” ilə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyektlərindən birinə çevrilib.
Gədəbəyin mərkəzində yerləşən bazar da sabiq vergilər nazirinin “sinəsinə yatan” yerdə yerləşdiyindən 2013-cü ildə Ramiz Yediyarov həmin bazara da əl qoyub.
Əvvəlcə rayonun kənarında, əkin-biçin sahələrinin ortasında, ən başlıcası isə pay torpağında bazar tikilib.
Qanunsuz inşa edilən bazara sahibkarların köçmələri təklif olunub. Lakin Gədəbəyin mərkəzində yerləşən bazarın icarəçi-sahibkarları son dərəcə əlverişsiz olan təklifdən imtina ediblər.
Günlərin birində isə R.Yediyarovun bazarın köçürülməsi planının germəkləşməsi üçün orada elə bir yanğın olub ki, 10 dəqiqənin içində bazar kibrit qutusu kimi yanıb külə dönüb.
Məlumata görə, yanan bazarla yanaşı, Ramiz Yediyarovun Gədəbəydəki böyük torpaq saxtakarlığı da araşdırılacaq. Belə ki, araşdırmalarla müəyyən edilib ki, rayonun Söyüdlü kəndinin kənarındakı örüş sahələri Ramiz Yediyarovun əli ilə satılıb.
Nazirlər Kabinetinin qərarına görə isə həmin ərazilər sırf örüş üçün nəzərdə tutulur. Ramiz Yediyarov isə örüş sahəsini təyinatı dəyişdirilmədən 38 nəfərə satıb.
38 nəfər ilkin sənəd, bələdiyyə qərarı olmadan, Dövlət və Torpaq Xəritəçəkmə Komitəsindən kadastr planı alıb.
Hətta 38 nəfərdən 2 nəfərinin əlində reyestr xidmətindən çıxarışı ola-ola əlavə kadastr planı veriblər. Yəni “kupça”sı olan torpaq sahəsini başqa bir vətəndaşa veriblər.
Tarix: 14-07-2018, 13:26