Bu kəndin sakinləri təhsil nazirinin yolunu gözləyirlər

 "Məktəbdə hər an faciə baş verə bilər”

"Həyat yoldaşımla arzulayırıq ki, övladlarımıza yaxşı gələcək quraq. Buna görə də, ilk növbədə, yaxşı təhsil almalıdılar. Ancaq bu istəyimiz kənd məktəbinin vəziyyəti ilə uzlaşmır. Yaşadığımız kənddəki məktəbdən əlimizi üzmüşük deyə, onları rayon mərkəzindəki məktəbə aparıb-gətiririk. Düzdür, ordakı məktəb də istədiyimiz səviyyədə deyil, ancaq hər halda kənd məktəbindən qat-qat yaxşıdır”.

Övladlarını təhsilli görmək istəyən Sabirabadın Qalaqayın kəndinin sakini Lalə Hüseynova belə deyir. Lalə xanım özü ixtisasca pedaqoqdur. Deyir, kənd məktəbi qəzalı və təhsilin səviyyəsi aşağı olduğundan bu məktəbdən ali məktəblərə qəbul olan yoxdur. Kənd məktəbindən şikayətçi təkcə Lalə xanım deyil. Övladı məktəbə gedən valideynlərin çoxu yeni məktəb arzulayırlar. Məsələn, Aidə Paşayeva kimi. Aidə xanımın iki nəvəsi kənd məktəbində təhsil alır. Ancaq nə təhsilin keyfiyyəti, nə də məktəbdəki şərait Aidə xanımı qane edir:

"Məktəb vaxtı uşaqların dalınca gedirəm, görürəm yekə-yekə siçovullar dəhlizlərdə qaçır. Uşaqlar siçovullarla oynayır. Partalar, stullar, yazı lövhələri sınıq-salxaq, pis vəziyyətdədir. Elə bil hökumətin əli gəlmir bu məktəbə təzə nəsə almağa... Hamısı sovet vaxtından qalıb. O lövhədən, partadan böyük oğlum da istifadə edib. 45 yaşı var. Deməyim odur ki, nəsillər yenilənir, dəyişir, kənd məktəbindəki partalar dəyişdirilmir. Döşəməyə ayaq basmağa qorxuram, elə bil döşəmə yarılacaq, düşəcəm içərisinə...”

Şikayət təkcə məktəb binasından deyil, həm də ətrafındandır. İllərdir ki, məktəbin qarşısından yaxınlıqdakı əkin sahələrinin suvarılması üçün kanal salınıb. Xüsusilə yağışlı günlərdə, yaxud qar əriyəndə dərin kanalda su çoxalır və azyaşlı məktəblilərin həyatına təhlükə yaradır. Aidə xanım davam edir:

"Üstünü də örtmürlər. Uşaqlar bellərində çantayla kanalın üstündən o taya-bu taya hoppanırlar. Bir də görürsən kanala zibil atılır, axar su vurub gətirir məktəb tərəfə, iydən kanalın yanından keçmək olmur. Milçək, həşərat dolu olur. Kanal daşır, ətrafı su basır, sonra su çəkilir, hər yer dizəcən palçıq olur, gedib-gəlmək mümkün deyil”.

"Naziri görmək istəyənlər var"

Aidə xanımın sözlərinə görə, ötən təhsil ilinin ilk günlərində valdieynlərə vəd olunub ki, köhnə məktəb söküləcək, yerində yenisi inşa olunacaq:

"Ayyarımdan sonra növbəti məktəb mövsümü başlayır. Guya təzə məktəb tikiləcəkdi, səs-sorağı çıxmadı. Belə görünür ki, uşaqlarımız yenə əziyyət çəkəcək. Xüsusilə qışda bu məktəbə uşaq göndərmirik. Soyuq olur, istilik yoxdur, siniflərdə kerosinlə işlədilən odun sobaları var, odunu da özümüz alırıq. Dəfələrlə yanğın təhlükəsi yaranıb. Sabah bir yanğın çıxdı, uşaq içəridə boğuldu, xilas edən olmadı, buna görə kim cavab verəcək? Danışanda, deyirlər, get, sözünü Təhsil Nazirliyinə de... Təhsil Nazirliyinə də getmişik. Deyiblər, gedin, nazir gələcək, rayonda vətəndaşlara qəbul keçirəcək, orda sözünüzü deyərsiz. Nazirin üzünü hələ də görməmişik”.

"Yeni korpus var, köhnələr də yenilənəcək"

Sabirabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, valideynlərin narahatlığına əsas yoxdur. Kənddəki köhnə məktəbin yanında 10 il əvvəl yeni korpus tikilib və şagirdlərin çox hissəsi orada təhsil alır. Həmin korpusda dərslərin keçilməsi üçün zəruri avadanlıqlar da var. Digər köhnə korpuslar da yenilənəcək. Ancaq təxminən ötən əsrin 30-cu illərindən fəaliyyət göstərən həmin korpusların nə vaxt yeniləri ilə əvəz olunacağını qurumda da bilmədilər.

Azı 80 yaşı olan 4 korpuslu məktəbdə təqribən 400 şagird təhsil alır.

Meydan.Tv
Tarix: 20-07-2018, 11:49
Xəbəri paylaş





Xəbər lenti