Müavin icra başçısı təyin olunmaq üçün hərəkətləndi - Təfərrüat





Müavin icra başçısı təyin olunmaq üçün hərəkətləndi - Təfərrüat
Yardımlı rayonundakı məmur özbaşınalığı, büdcə təşkilatlarından və iş adamlarından qanunsuz ödəmələrin tələb olunması rayonda ciddi narazılıq yaradıb.
Bununla bağlı Savash.org-un redaksiyasına müraciət edən bir qrup sakinin bildirdiyinə görə, bu ucqar dağ rayonunda əhali onsuz da minimum şərtlər içərisində yaşayır, məmur özbaşınalığı və süründürməçilik vəziyyəti bir qədər də dözülməz edir.


Belə ki, rayondakı sahibkarlar müxtəlif bəhanələrlə sıxışdırılır və onlara normal fəaliyyət imkanları tanınmır. Eyni zamanda yerli idarə və müəssisələrdən mütəmadi olaraq toplanan vəsait müxtəlif adlar altında mənimsənilir. Bu işdə icra başçısı Ayaz Əsgərov və başçının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev əsas rol ifaçılarıdır.

Xatırladaq ki, bir müddət öncə Yardımlının icra başçıları zaman-zaman dəyişsə də 2006-cı ildən müavinlik postunu qoruyub saxlamağı bacarmış və bütün başçıların sevimlisinə çevrilmiş Mahir Mirzəyevin son “uğurlu əməliyyatı” haqda məlumat verən sakinlərin yazdıqlarını dərc etmişdik. Gəlin, həmin fikirlərə təkrar göz ataq:

Müavin icra başçısı təyin olunmaq üçün hərəkətləndi - Təfərrüat“ Daha qanunsuz ödəniş tələblərindən təngə gəlmişik. Sonuncu belə tələb isə tütün əkini ilə bağlı olub. Yardımlı İcra Hakimiyyəti başçısının adından rayondakı 30 ərazi nümayəndəliyinin işcilərindən tütün əkini üçün pul yığılıb. Hər ərazi nümayəndəliyinə də göstəriş verilib ki, 3 hektar tütün əksinlər. Onlara açıq şəkildə bildirilib ki, “tütün norması”nı ödəməyənlər işləri ilə vidalaşmalı olacaqlar”.

Bundan bir qədər öncə isə “fındıqçılığın inkişafı” adı altında rayonda pul yığımının reallaşdığını xatırladan şikayətçilər həmin maxinasiyanın da kifayət qədər “rentabelli” olduğunu iddia edir: “Ötən ilin avqust ayında ərazi icra nümayəndələrinə məcburi qaydada ədədi 300 manatdan hesablanmaqla fındıq tingləri satıldı. Sonradan məlum oldu ki, həmin tinglərin hamısı quruyub. İndi də tütün söhbətini ortaya atıb, pul qazanmaq istəyirlər”.

Yardımlı rayonunun abadlığı məqsədilə ayrılan vəsaitin də mənimsənildiyinə diqqət çəkən sakinlər daha sonra yazır: “Yardılmı rayonu yalnız bir küçədən ibarətdir. Lakin o küçə elə bir vəziyətdədir ki...Elə həmin küçənin yarasız hala düşmüş asfalt öprtüyünə nəzər yetirmək ümumilikdə Yardımlının real durumundan xəbərdar olmağa kifayət edir. Bunun əvəzində isə icra başçısı Ayaz Əsgərovla, müavini Mahir Mirzəyevin rayondakı villası göz oxşayır. Bəlkə, bunlar Yardımlının abadlaşdırılması deyəndə öz villalarını nəzərdə tuturlar? Yardımlının girəcəyində ilk olaraq Ayaz Əsgərovun əzəmətli villası göz oxşayır, ardınca da Mahir Mirzəyevin villası...” 

Savash.org xatırladır ki, Mahir Mirzəyev həqiqətən anolqu olmayan məmurlardan hesab olunur və bu şəxsin Yardımlıda yaratdığı korrupsiya və talançılıq sisteminə hətta iri çaplı Azərbaycan məmurları belə həsəd apara bilər.

Müavin icra başçısı təyin olunmaq üçün hərəkətləndi - TəfərrüatQeyd edək ki, Mahir Mirzəyev Cənub bölgəsində «10 manatlıq MMC-lər kralı» kimi ad çıxarıb. 2006-cı ildən vəzifə başında olan Mahir Mirzəyev indiyə kimi xeyli sayda şirkət qeydiyyatdan keçirib. O bu günə kimi tender yolu ilə keçirilən bütün proseslərə nəzarət edir. Elə buna görədir ki, bu məqsədlə ayrılmış pullar yalnız onun şirkətlərinə axır. Mahir Mirzəyevin indiyə qədər açıb bağladığı şirkətlərin adlarının hamısı açıqlansa, o zaman bir çox qaranlıqların üzərinə işıq düşər.
Onun indiyə qədər işlədib, sonra da vergidən yayınmaq üçün ləğv etdiyi şirkətlərin siyahısına «Bəhruz», «Deman», «Savalan 2008», «Səbuhi», «Naxis», «Veteran», «Caspian Fruit Co», «Amid», «Habil», «Rəşad» və «Qadir 1960» daxildir. Adını çəkdiyimiz bu şirkətlər fəaliyyətlərini dayandırıb. Mahir Mirzəyev isə hazırda bəzi tender əməliyyatlarını yeni yaratdıqları digər MMC-lər vasitəsilə həyata keçirir.


Eyni zamanda Mahir Mirzəyevin mətbuatda siyahısı yayılmış mal-mülklərinə nəzər yetirəndə məlum olur ki, icra başçısının müavini dövlət məmuru yox, milyarder bir burjuydur. Siyahını təqdim edirik: “Şəhriyar” şadlıq evi, yanacaqdoldurma məntəqəsi, Maliyyə İdarəsinin keçmiş binası, Avaş kəndi yaxınlığında iri qoyunçuluq və maldarlıq ferması, Deman kənd ərazisində 100 hektarlarla yararlı torpaq sahəsi, iki “Şaqman” KaMAZ, KON tipli texnika və xırda “Belarus”, musiqi məktəbinin köhnə binasının yeri, “Land Kruzer” markalı şəxsi avtomobil və s.

Sonda Savash.org-a daxil olan daha bir məlumat haqda. Həmin məlumatda bildirilir ki, Mahir Mirzəyev hazırda rayonların birinə icra başçısı getmək üçün hərəkətlənib, bu məqsədlə "yuxarılar"a minnətçi düşdüyü də daxil olan informasiyalar arasındadır. Mahir Mirzəyevin hansı rayona başçı getmək istədiyi, bununla bağlı kimlərə minnətçi düşməsi və digər ilginc təfərrüatlarla bağlı isə yaxın zamanlarda məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Orxan
Savash.org
Tarix: 27-07-2018, 12:56
Xəbəri paylaş





Xəbər lenti