Deyir ki, yazı-pozudan bir qədər kənarda qalıb... - Və yaxud Beyləqan şefinin şübhəli alimliyi

Deyir ki, yazı-pozudan bir qədər kənarda qalıb...
Hər şey xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi dərəcə alması barədə məlumatın yayılması ilə başladı.

Dia.az İstiqlal.az saytına istinadən xəbər verir ki, sosial şəbəkələrdə və elektron KİV-də, elmi dərəcə alan digər sənət adamlarının siyahısı verildi. Daha sonra da elmi dərəcə alan məmurları bu sıraya qoşdular ki, bunlardan biri də Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev oldu.

Hətta təhsil üzrə bəzi ekspertlər araşdırma aparmadan, icra başçısının professor adı almasını tənqid, lağ atəşinə tutdu. Bəri başdan deyim ki, Vaqif Abdullayevlə tələbə yoldaşı olmuşam. Tələbə yoldaşı kimi o zamandan, ta bu günə kimi fəaliyyətini, keçdiyi siyasi yolu izləyirəm.

Onun mediaya məlum olmayan tərəflərini, bəlkə də kiçik sirlərini açıqlamağa məcburam. V.Abdullayev Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra, ikinci dəfə təhsil aldığı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Bu ali məktəbdə təhsil alan zaman paralel olaraq, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə II çağırış Milli Məclisin deputatı olub. Bir ara isə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Kafedrasında çalışıb. YAP Siyasi Şuranın üzvüdür. İndi də gələk içra başçısının necə professor olması məsələsinə. Çalışdığı müddət ərzində bir sıra kitablar yazıb, nəşr etdirib, ölkə xaricində təqdimatını keçirib. V.Abdullayev 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etməklə alimlik dərəcəsinə yüksəlib. 2007-ci ildə Azərbaycan Respubliksı Ali Attestasiya Komissiyasının qərarı ilə professor adına layiq görülüb. Özünün də dediyi kimi Arif Mehdiyev, Azad Mirzəcanzadə kimi insanların əlindən diplom alıb. Bir müddət sonra isə 4 il ərzində Xızı rayon İcra Hakimiyyətinin başçısı olub, hazırda isə 7 ilə yaxındır Beyləqan rayonuna rəhbərlik edir.

Onun bu rayonlarda çalışdığı müddətdə ölkə başçısı Xızıda 3, Beyləqanda bir neçə dəfə olub. 2015-ci ildə ölkə başçısının sərəncamı ilə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli Vətənə Xidmətə görə ordenlə təltif edilib. 1998-ci ildə yazdığı "Millət ideyası: siyasi aspekt” kitabının nəşrindən dərhal sonra 1999-cu ildə "O, böyük siyasətə hazırdır” kitabını yazıb. Kitabının təqdimatı üçün dəvətnamələri şəxsən özü paylayıb. Hətta Azərbaycan Nəşriyyatında çalışdığım zaman dəhlizdə rastlaşarkən mənim də dəvətnaməmi elə ordaca verib. Bu fəaliyyətin davamı kimi 2000-ci ildə "Azərbaycan yeni diplomatiya məkanında”, 2002-ci ildə "Müstəqilliyimizin strategiyası”, 2004-cü ildə "Sülh və sabitlik Prezidenti”, ondan üç il sonra, 2007-ci ildə isə "Planetar təfəkkürlü lider” kitablarını yazıb. Heydər Əliyev və Azərbaycan diplomatiyası, neft strategiyası, milli şüur, siyasi mədəniyyətin təkmilləşdirilməsi problemlərinə həsr olunan elmi tədqiqatlar üzərində çalışıb.

V.Abdullayevin kitabları latış, ivrit, gürcü, rus, ingilis və s. dillərə tərcüm edilib, Gürcüstanda İngiltərədə, Ukraynada, Səudiyyə Ərəbistanında və bir sıra ölkələrdə kitablarının təqdimatı keçirilib. Özü demişkən, rayonlarda çalışdığı üçün yazı-pozudan bir müddət kənar qalıb...
 
Tarix: 28-07-2018, 11:41
Xəbəri paylaş





Xəbər lenti