"Evimi sökmək istəyən Zərdab rayon icra başçısı Lütvəli Babayevdir" - İTTİHAM
Zərdab rayon sakini 58 yaşlı Kisələn Süleymanova redaksiyamıza müraciət edərək onu əşyaları ilə birlikdə qanunsuz evindən çıxarıldığını bildirib.
Kisələn Süleymanova BiG.AZ-a açıqlamasında bildirib ki, icra başçısı xanımın evini sökdürüb yerində şadlıq sarayı tikdirmək istəyir:
“34 ildir ki bu evdə yaşayıram. Hazırda bütün əşyalarım çölə tökülüb. Evin qapıları və şüşələri sındırılıb. Bir neçə gündür ki, çöldə yaşayıram. Evimi sökmək istəyən Zərdab rayon icra başçısı Lütvəli Babayevdir. Oğlum hazırda cəbhə bölgəsində xidmət çəkir. Hərbiçidir. Mənimlə heç kim maraqlanmır. Nə gələn var, nə də gedən. Oğlum da işinə görə gələ bilmir. Hərbiçinin anasını çölə töküblər. Bir oğlu 20 yaşında dünyasını dəyişib. Düzdür, əlimdə məni müdafiə edən tutarlı sənəd yoxdur, amma bir rayonun icra başçısının bu cür addım atmağı doğru deyil. Ən azı xəbərdarlıq etməlidir. Elə bil qəsdimə durublar. Avqustun 15-də məhkəmə olmalı idi. Heç məhkəməni belə gözləmədən məni küçəyə atdılar. İcra başçısı Zərdab Rayon Məhkəməsində işləyən bir hakimlə mənə söz göndərir. Lütfəli Babayev ona təzyiq gəlməsin deyə başqalarının adından istifadə edir. İcra başıçısının göndərdiyi həmin şəxsin adı Aqil Nurəliyevdir. Onun da oğlu məhkəmədə işləyir. Özü pensiyadadır. Başsız qadınam. 34 illik əməyimi yerə vurublar. Evdən çıxmaq istəmirəm. Çünki bir oğlum bu evdə rəhmətə gedib. Bir çox yerlərə müraciət etsəm də, baxan olmayıb. Mən kasıb birisiyəm. Mübarizə apardığım isə rayon icra başçısıdır. Əgər vicdanlı bir insan olsaydı ən azından evdən çıxmağıma vaxt verərdi. 34 ildir bu evdə yaşayıram. Əlimdə ancaq yaşamaq üçün verilən icazə kağızı var. O icazəni mənə verən şəxs də dünyasını dəyişib. Həmin kağız da məndədir. Özəlləşdirmə də məndən xəbərsiz olub. Ən azından bu özəlləşmə olanda mənə də bir xəbərdarlıq edilməli idi. Bir dəfə də belə bir hal olmuşdu. Bununla 3-cü dəfədir ki, məni küçəyə atırlar”.
Zərdab rayon icra baçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova bildirib ki, bu məsələnin icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur: “Səsləndirilən iddialar yalandır. Uzun illərdir ki, o xanımın məhkəmədə işləyən biri ilə problemi var. Niyə icra başçısının adını hallandırır bilmirəm. Çünki bizə aidiyyatı olmayan bir məsələdir. İddialar əsasızdır”.
Tarix: 31-07-2018, 08:46