Xocavənd rayonunun Axullu kənd sakini Səyyarə Nəcəfova rayon icra başçısı Eyvaz Hüseynovdan şikayətçidir. Şəhid anası olan S.Nəcəfova bildirib ki, icra başçısı ona əkin sahəsindən torpaq vermir, söyüş söyərək təhqir edir.
Şikayətçi müvafiq qurumlardan cavab ala bilməyincə, məsələni ictimailəşdirmək üçün musavat.com-a müraciət edib.
O, şikayətini aşağıdakı formada anladıb: "Şikayətim ancaq Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovdandır. Belə ki, əkin-biçin məqsədilə torpaq almaq üçün şəhid ailəsi kimi başçının yanına getdim. Onu qeyd edim ki, yoldaşım və oğlum şəhid olublar. Onların necə döyüşdüklərini, qəhrəmanlıqlarını hər kəs bilir. Ancaq icra başçısı mənə torpaq sahəsi ayırmadı. Üstəlik ünvanıma qarşı təhqiramiz ifadə işlətdi. Günlərlə icra hakimiyyətinin qarşısında oturub, başçını gözləmişəm. Ancaq o, məni qəbul etməyib. Bakıya qayıtdıqdan sonra öyrənmişəm ki, icra başçısı torpaqları satır. 26 ildir ki, məcburi köçkünəm. Hələ bir dəfə də olsun, o, mənimlə maraqlanmayıb. Həmişə deyir ki, şəhid ailəsi kimi nəzərimdəsən. Nəzərindəyəmsə niyə məni qəbul etmirsən? Bəlkə heç torpaq istəmirdim, sadəcə olaraq, sözüm var idi. Öyrənmişəm ki, başqa rayonun sakinlərinə hektarlarla torpaq satıb. Ancaq mənə torpaq vermir ki, əkin əkib, balalarımı saxlayım. Halal zəhmətimlə pul qazanmaq üçün bu torpağı istəmişəm. Məni niyə qapıda saxlayırlar? Əgər torpaq vermirsə, qəbul edib desin ki, vermirəm. Üstəlik mənim ardımca söyüş söyüb, təhqiramiz ifadələr işlədib. Nə üçün məni təhqir etməlidir? Arxamca "həyasız" sözü işlədib. Məgər şəhidlərin hörməti budur? Şəhid anasına hansı məqsədlə bu sözü işlədir?"
Şikayətçinin ittihamlarına münasibət almaq üçün Xocavənd rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısnın müavini Azər Süleymanov musavat.com-a bildirdi ki, məsələ bu cür deyil: “Səyyarə xanım bizə ötən il şəhid ailəsi kimi müraciət edib. Öncə qeyd edim ki, onun özü Bakı şəhərində yaşayır. Müraciəti əsasında ona ötən il müvəqqəti istifadə üçün 25 hektar torpaq sahəsi ayrılıb. Lakin o, bundan imtina edib. Bu il yenə də müraciət etdi və ərizəsini alıb, bunun əsasında ona 35 hektar torpaq sahəsinin ayrılması üçün Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinə məktub yazdıq. Həmin şəxsə 35 hektar torpaq sahəsinin ayrılması ilə bağlı komitənin Füzuli rayon şöbəsinə göstəriş verilib ki, ilkin sənədlər hazırlansın. Lakin onlar bu dəfə də 35 hektar torpaq sahəsindən imtina etdilər. Onların könüllərindən 100 hektar torpaq sahəsi keçir. Bizim də bu qədər sahəni vermək imkanımız yoxdur. İmkanımız yalnız 35 hektar əraziyə çatır. Eyvaz müəllim isə indiyə qədər kimsəni təhqir etməyib. O cümlədən də Səyyarə Nəcəfovanı...”
Şikayətçinin və qarşı tərəfin mövqeyi ilə bağlı daha geniş məlumatı aşağıdakı videodan ala bilərsiniz.
Əli Rais,
Musavat.com,
Video: Elçin Əkbərov