DİA.AZ-a daxil olan şikayət məktubundan aydın olur ki, Atarada sahibkarlar icra başçısına qarşı etiraza qalxıblar və buna səbəb də icra başçısının müxtəlif bəhanələrlə yerli iş adamlarından pul yığması faktdır.
Redaksiyamıza sahibkarlar adından göndərilən müraciətin müəllifləri bildiri rki, Qəzənfər Ağayev Masallıdan Astaraya göndəriləndən sonra bu rayonda yeni qaydalar tətbiq etməyə başlayıb: «Biz onunla bağlı məlumatları hələ Masallıda icra başçısı olarkən oxuyurduq. Mətbuatda onun bir mafioz başçı olduğu təəssüratı var idi bizdə. Hətta bu barədə Əhəd Abıyev Masallının deputatı olarkən də parlamentdə çıxışlarında deyirdi.
Biz də o, Astaraya göndəriləndə bu barədə məlumatları mətbuatdan axtarmağa başladıq. Yəni yeni başçımızdan xəbərdar olmaq istədik və təəssüflər olsun ki, yaxşı heç nə tapa bilmədik. Elə eşitdiyimiz o oldu ki, Masallıda sakinlərə düşmən kəsilib və yalnız öz qohum-əqrəbası üçün çalışıb. Xalqa yaxşı nəsə etməyib ki, bu gün Masallıda yaxşılığa doğru adı hallanmır».
Müraciət müəllifləri bildirdi ki, Astaraya gələndən sonra da Qəzənfər Ağayev eyni qaydada işləməyə başlayıb: «Bizim günümüzü qara edib. Hər addımda sahibkarları «yada salır». Amma yaxşı mənada yox. Peşman olmuşuq. Astarada bütün abadlıq işləri bizim hesabımıza həyata keçirilir. Bizdən töycü yığırlar sanki»…
Sahibkarlapr bildirir ki, onlar prezidentdən Astaraya yeni icra başçısı göndərməsini xahiş edirlər: «İcra başçısı prezidentin nümayəndəsidir… Bu gün Qəzənfər Ağayev prezidentin adını Astarada ucaltmır, əksinə… Biz isə prezidentimizə sadiq vətəndaşlarıq və dövlət başçısından Astara ilə bağlı tədbir görməsini xahiş edirik»…