“Rövşən Bağırov və Qorxmaz Hüseynov Lerikdə qarşıdurma yaradır”


İcra başçısı ilə “Azərsu” sədrinin kəndləri susuz qoymaqda məqsədi nədir?

Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri yenidən prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Bu barədə sakinlər məlumat verib. Onlar bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov zorla kəndlərinə yaxın və üç kəndin istifadə etdiyi bulağın suyunu qonşu Şingədulan kəndinə, eləcə də icra başçısının müavini Habil Məlikovun kəndinə – Kürdəsərə aparır.

Müraciət müəlliflərinin fikrincə, Rövşən Bağırov və Qorxmaz Hüseynov bu kəndərdən qisas alır. Bunun da səbəbi onlarla bağlı respublika rəhbərliyinə edilən şikayətlərdir: “Cənab Prezident, Sizə dəfələrlə müraciət etmişik. Sizdən əlavə də bütün dövlət qurumlarına müraciət ünvanlamışıq. Ancaq icra başçısı Rövşən Bağırov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bizi susuz qoymaqda israrlıdır. Bunun da səbəbi, görünür, şikayətlərimizin Sizə yox, onlara çatdırılmasıdır.

Şingədulan kəndində üç su mənbəyi var. Bundan əlavə, kəndin yanından “Alaşar” çayı axır. Daha böyük su ehtiyatı olan Əvilə çayı da Şingədulandan uzaqda deyil. Amma icra başçısı və Qorxmaz Hüseynov israrla 15 km-lik məsafədən bizim suyu aparır və bizi susuz qoyur. Artıq su boruları da gətirilib. İcra başçısı suyumuzu zorla aparmaqda israrlı olduğunu göstərir. Bizim Sizə və Prezident Administrasiyasına mürciətlərimizə cavab verilmir. Biz başqa necə müraciət etməliyik, necə məktub yazmalıyıq ki, dərdimiz sizə gedib çatsın? Bir neçə gün öncə Prezident Administrasiyasında rayonumuz üzrə kurator olan şəxs də rayona gəlib, amma bu qədər narazlıq və şikayətə baxmayaraq, bizimlə görüşməyib. Bizim məktublarımızı əngəlləyən kimdir? Kuratorların vəzifəsi şikayətlərin yuxarılara çatmasının qarşısını almaqdanmı ibarətdir? Rövşən Bağırovu himayə edən kimdir ki, Sizə yazdığımız məktubları əngəlləyirlər? Bilmirik Rövşən Bağırovla Qorxmaz Hüseynovun bizimlə davası nədir? Niyə daha böyük su hövzəsi və ehtiyatı olan Əvilə çayından su çəkmirlər? Niyə 4 km məsafədə olan “Şərətük” çayından su çəkmirlər? Lerikin deputatı İqbal Məmmədov deyir ki, mən Qorxmaz Hüseynovla bir yerdə işləmişəm, dostuq. Bir “dost şəbəkəsi” birləşib Sizin Lerikin su təminatı üçün ayırdığınız 1 milyon manatı bizim suyu aparmaqla silmək istəyir?

Cənab Prezident, Siz axı dəfələrlə demisiniz ki, məmurlar vətəndaşları incitməməlidir. Bəs bizim səsimizə niyə səs verən yoxdur? 1200-dən çox sakini olan bu kəndlər hara köçsün? Bizə deyirlər ki, yazmayın. Yaxşı, yazmırıq, onda məmurlarınıza deyin, onlar da bizdən əl çəkin, suyumuza toxunmasınlar.

Cənab Prezident, biz sizdən kömək istəyirik. Bu məmurlar rayonu çapıb-talamaqla məşğuldur. Bizim də suyumuzu aparıb bizi buralardan didərgin salmaq istəyirlər. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Xahiş edirik ki, bizi bu məmurların zülmündən qurtarın”.

Müraciəti Lerik rayonunun Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri adından 49 nəfər imzalayıb.

Tarix: 4-08-2018, 16:40
Xəbəri paylaş





Xəbər lenti