Qubada fermerin başına necə oyun açdılar... - GİLEY

 Qubada icra nümayəndəsi fermerin gavalı bağını yandırıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu iddia ilə Qubanın Zərdabi qəsəbə sakini, bağban-fermer Novruz Nəcəfi çıxış edib.

Onun sözlərinə görə, hadisə iyulun 28-də baş verib: "Bərk külək və isti bir gün idi həmin gün. Zərdabi qəsəbə nümayəndəsi Yalçın Tapdıqov Quba-Xaçmaz yolunda abadlıq-təmizlik yaratmaq üçün əraziyə fəhlə gətirib. Yolkənarı ot-kol-kosu biçən fəhlə biçdiyi otu yandırıb".

Qığılcımın yaxınlıqdakı bağa keçdiyini söyləyən Novruz Nəcəfi ilkin olaraq 2 ağacın yandığını bildirib: "İcra nümayəndəsi də orda idi, söndürdük. Xahiş etdim ki, oddan ehtiyatlı olsunlar, hava küləklidir. Onlara arxayın olub sahənin içəri hissəsində meyvə yığımımı davam etdirdim. Amma bir azdan bağımın yenidən yandığını gördüm və burada nə fəhlə,nə icra nümayəndəsi olmadığından özüm Qubadan yanğınsöndürən avtomobil çağırdım, gəlib söndürdülər".

Fermer deyir ki, yanğın nəticəsində "Sırğa gavalı" adlanan məhsuldar 22 ədəd gavalı ağacı yanıb. Hansı ki, 15 illik bu ağacların hər birindən yığdığı 100-120 kq gavalının kiloqramını 95 qəpik-1 manata satırdı. Ümumilikdə, ona 8min manat ziyan dəydiyini deyən Nəcəfi bir sıra mərkəzi dövlət orqanlarına, Quba icra hakimiyyətinə və prokurorluğuna müraciət etdiyi barədə məlumat verdi.

Quba İH başçısının Zərdabi İƏD üzrə Yalçın Tapdıqovdan barəsində səslənən şikayətə mövqe öyrəndik. İcra nümayəndəsi fermer Novruz Nəcəfinin meyvə bağında yanğın olduğunu təsdiqləyib. Onun məlumatına görə, Quba-Xaçmaz yolunda abadlıq-təmizlik işləri görülərkən fəhlənin ehtiyatsızlığından fermerin bağında yanğın olub, amma bu sırf ehtiyatsızlıqdan olub, qəsdən olmayıb.

Yalçın Tapdıqov yanğın zamanı özünün orada olmadığını deyərək hadisə barədə rayonun icra başçısı Ziyəddin Əliyevə də məlumat verdiyini söylədi. Onun sözlərinə görə, məsələnin şişirdilməsinə ehtiyac yoxdur.
 
Tarix: 7-08-2018, 10:11
Xəbəri paylaş





Xəbər lenti