Gədəbəydə İsmayıllı sindiromu – prokuror ekoloji terroru araşdırmadı, rayon böyük fəlakət astanasında – FOTOLAR

 Ekologiya Nazirliyinin aşkarladığı böyük cinayəti prokuror niyə araşdırmadı?
 
 Gədəbəy böyük bir ekoloji terrorla üz-üzədir. AzEuroNews.com xəbər verir ki, rayonun mərkəzinə yaxın ərazidə qanunsuz fəaliyyət göstərən daş karxanası yaxınlıqdakı sakinləri hər gün fəlakətlə üz-üzə qoyur. Məsələ o qədər ciddidir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rayona xüsusi qrup ezam edilib. Araşdırmalar üzə çıxarıb ki, daş karxanası illərdir ki, heç bir sənəd olmadan fəaliyyətdədir. Bu günə qədər dövlətə vurulan ziyan da astronomikdir – 446 min manat!
Ən əsası isə dağın üst hissəsində yerləşən karxananın fəaliyyəti dağın ətəyində yaşayan sakinlərin hər an dağ uçqunu təhlükəsi ilə üz-üzə qoyur.
Nazirlik əməkdaşları cinayətin üstünü açandan sonra topladığı faktlara hüquqi qiymət verilməsi və dövlətə vurulan ziyanın ödətdirilməsi üçün Gədəbəy Rayon Prokurorluğuna yollayıblar. Lakin rayon prokuroru həmin faktlara qiymət verməyə tələsməyib, sonradan isə ümumiyyətlə hüquqi qiymət verməkdən yayınmaq üçün  aidiyyatı olmaya-olmaya Rayon Polis İdarəsinə göndərib. Polisdə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən göndərilən cinayət qovluğuna ögey münasibət var. Araşdırma aparılmır. Ortada olan faktlara hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmür. Buna polisin səlahiyyəti də yoxdur. Yada salaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı ryonunda da oxşar cinayətin üstünü açmışdı. Məsələni araşdırmaq üçün  İsmayıllı Rayon Prokurorluğuna göndərmişdi. Lakin iddialara görə, rayon prokuroru köməkçisi vasitəsi ilə qanunsuz karxana işlədən sahibkardan külli miqdarda rüşvət almaqla cinayət hüquqi qiymət verməkdən yayınmışdı. Sonradan məsələ böyüdü,  Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qədər gedib çatdı. İsmayıllı rayon prokurou və onun köməkçisi həbs olundular, İsmayıllıdakı qanunsuz karxana ilə bağlı obyektiv araşdırmalar başlandı.
Gədəbəydə də eyni ssenari təkrar olunmasa, böyük bir cinayət ört-basdır oluna bilər.
Rayon sakini Ramiz  Novruzov AzEuroNews.com-a açıqlamasında deyib ki, qanusnuz karxananı Sahib Hüseynov işlədir. Rayonda Sahib Hüseynov sabiq icra başçısı Ramiz Yediyarovun adamı kimi tanınır. İllərlə daş karxanasının qanunsuz fəaliyyəti də elə bu səbəbdən dayandırılmayıb. Hazırda icra başçısı vəzifəsindən çıxarılıb. Amma rayondakı vəzifə sahibləri ilə əlaqələri qalmaqdadır: “Dağı viran qoyublar. Dağıda-dağıda gedirlər. Gədəbəydə Sahib Hüseynovun bu qanunsuz əməlini bilməyən yoxdur. Əlimizdə dediklərimi təsdiq edən aktlar var. Ekologiya Nazirliyindən gəldilər, Gədəbəy bələdiyyəsinin üzvləri ilə gedib yerli baxış keçirdilər. Akt tərtib olundu. Dövlətə faktiki olaraq 1 milyon manatdan artıq ziyan dəyib. Aktda 457 min manat yazıblar. Mən akta qol çəkdim, ziyan daha çoxdur əslində. Prokurorluğa göndərdilər, onlar da götürüb polisə yolladılar ki, guya polis araşdırmalıdır. Bələdiyyə məsələ prokurorluğa gedib çıxandan sonra götürüb bir doğru olmayan məlumatlarla dolu məktub yazıb ki, guya ora dağ-mədən işləri üçün ayrılan torpaqdır, işlər də guya orada aparılır. Bəli, orada dağ-mədən işlərinin görülməsi üçün yer ayrılıb. Sahib Hüseynov isə həmin ayrılan yerin yaxınlığında 5 hektar dağlıq ərazini qanunsuz karxana edib. Bunu bələdiyyədə də bilirlər. Lakin nəyinsə qarşılığında belə bir məktub yazdılar. Bu adamlar prezidentin müvafiq fərmanlarına istinad edib öz qanunsuzluqlarına don geydirmək istəyirlər. Mən cənab prezidentə müraciət edirəm, bu adamlar qanunsuz fəaliyyətlə məşğuldurlar. Bir daha ekologiya nazirinə müraciət edirəm. Onların göndərikləri komissiyadan sonra burada qazıntı işləri daha da genişlənib. Əgər əvvəllər gün ərzində 10 maşın daş aparırdılarsa, bu gün 100 maşın aparırılar. Gədəbəydə baş verən bu qanunsuzluqlardan yerli camaat narazıdır. Karxana dağı uçuracaq, camaat qalacaq altında. O boyda karxana iynə deyil ki, bunu yerli orqanlar görməsinlər. Bu adam Yediyarov Ramizin adamıdır. Ramiz Yediyarovun şərikidir. Bunu hamı bilir. Ramiz Yediyarov gedib, amma onun şəriki camaatın başına oyun açmaqda davam edir, ekologiyaya divan tutur. Sanki bu yerlərin sahibi dövlət deyil”.      
Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Ramiz Yediyarov
Sabiq vergilər naziri Fazil Məmmədov, onun yeznəsi Xaləddin İsgəndərovun da adı Sahib Hüseynovun himayəçiləri sırasında olub. Bu gün də adıçəkilən məmurların ucqar Gədəbəydə təsir imkanlarının qalması Sahib Hüseynovun qanunsuz fəaliyyətinin araşdırılmaması ilə nəticələnir.
► ► ► Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti və yazıda adı keçən Sahib Novruzovla əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı.  Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
 
 
Tarix: 16-08-2018, 09:32
Xəbəri paylaş





Xəbər lenti