Serjantı cəzalandıran polis rəisi özü cəzalandırıldı

 
Xaçmaz stansiyası XPŞ-nin rəisi, polkovnik-leytnant Həmid Həmidova ciddi xəbərdarlıq elan edildi
Ötən saylarımızda Xaçmaz stansiyası XPŞ-nin Yalama stansiyası XPB-nin polis serjantı Elxan Abdullayevə şöbə rəisi Həmid Həmidov tərəfindən müxtəlif yollarla təzyiqlər göstərildiyi barədə yazmışdıq. Onu da qeyd etmişdik ki, polis serjantının anası Baqidət Abdullayevanın daxili işlər naziri Ramil Usubova müraciətindən sonra araşdırmalar aparılıb, günahkar məsul şəxslər cəzalandırılıblar. Baqidət xanım bizim vasitəmizlə də Ramil Usubova və baş idarənin rəisi Emin Şəkinskiyə təşəkkürünü bildirib.
Məsələ ilə bağlı bir sıra yeni faktlar əldə etmişik. Xaçmaz XPŞ-dəki mötəbər mənbədən aldığımız informasiyada deyilir ki, Həmid Həmidov çox ciddi qanun pozuntularına yol verib. Polis əməkdaşı Xudat şəhər xəstəxanasında və “Tofiqoğlu” tibb mərkəzində ambulator müalicə aldığı vaxtlarda Həmid Həmidov ona xəbərdarlıq və şiddətli töhmət verib. Elxanın 6 dekabr 2017-ci il tarixdə DİN-in 1 saylı poliklinakasına getmək üçün göndəriş verilməsi barədə raportuna XPŞ-nin rəisi qərəzli yanaşıb və qəsdən icra etməyib. Bununla da polis serjantının sağlamlığına bilərəkdən təhlükə yaratıb. Məlumatlarda bildirilir ki, Elxan Abdullayev Yalama XPB-də işləməli olsa da rəis onu bir müddət şöbədə saxlayıb, şəxsi tapşırıqlarını icra etdirib. Aralarında yaranan münaqişədən sonra polis serjantı Yalamaya qaytarılıb və rəisin qanunsuz təzyiqlərinə tuş gəlib.
Ortalığa bir neçə maraqlı sual çıxır. Yalamadan Sumqayıt da daxil olmaqla böyük bir şöbəyə rəhbərlik edən Həmid Həmidov öz vəzifə səlahiyyətlərini bilmirmi? Əgər bilmirsə bu rüsvayçılıqdır. Xəstəlik ucbatından ambulator müalicədə olan və heç bir qanunu pozmayan şəxsi necə cəzalandırmaq olar? Bu həm hüquqa, həm də insanlığa zidd haldır. Yox, Həmid Həmidov bunları bilirsə, deməli, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək polis serjantını cəngəllik qanunları ilə cəzalandırmaq istəyib. Görünür, mənəm-mənəmliyi, hikkəsi, tabeliyindəkiləri qorxu altında saxlamaq istəyi güc gəlib. Lakin alınmayıb. Nəqliyyatda baş polis idarəsinin məsul əməkdaşı, polkovnik-leytnant Məhəmməd İsmayılov məsələni araşdırmaq üçün Xaçmaza ezam olunub. O, polis serjantının anasından, özündən və Həmid Həmidovun obyektlərinin birində qısa müddət çalışmış Elnur adlı xudatlıdan izahatlar alıb. Gəndab-Quba yolunda polis rəisinə aid olduğu iddia edilən “Yaşıl bağ” restoranında da olub və orada da sorğu-sual keçirib. Baş idarənin rəsmisi yəqin ki, qarşı tərəfi də dinləməmiş deyil. Bütün bunlar onunla nəticələnib ki, nəqliyyatda baş polis idarəsinin rəisi Emin Şəkinskinin əmri ilə Elxan Abdullayevə verilmiş xəbərdarlıq və şiddətli töhmət ləğv edilib. Əvəzində Həmid Həmidov ciddi xəbərdarlıq alıb. Onun sürücüsü olduğu deyilən Elşad adlı şəxsin barəsində də ölçü götürülməsi gündəmə gəlib. Bu məsələ ətrafında bir qədər dayanmaq istərdik. Oxucular sual verə bilərlər ki, sürücünün günahı nədir? Deyilənlərə görə, Elşad araşdırmalar zamanı yalan izahatlar verib. Onun Həmid Həmidovun göstərişi ilə polis əməkdaşlarının qanunsuz olaraq səslərini yazması barədə də iddialar mövcuddur.
Elə bilməyin ki, Həmid Həmidov baş verənlərdən nəticə çıxarır. Məlumatlara görə, yoxlamalardan sonra nəqliyyatda baş polis idarəsinin rəhbərliyinin göstərişinə əsasən, şəxsi avtomobili ilə DİN hospitalına gedən Elxan Abdullayev yolda sürprizlə üzləşib. Şöbə rəisi maşını ilə Gəndabdan “Beşbarmaq piri”nə qədər onu təqib edib, hətta qəza vəziyyətləri yaradıb. Bir neçə dəfə telefonla şəklini çəkməyə cəhd göstərib, əlini silah formasında Elxana tuşlayaraq təhdidfason bir şey nümayiş etdirib. E. Abdullayevin elə yoldaca baş idarəyə təcili müraciətindən sonra şöbə rəisi onu rahat buraxıb.
Bir məsələni də açıqlayaq. Məlumatlara görə, Həmid Həmidov şəxsi biznesi ilə də məşğuldur. Qeyd etdiyimiz kimi, Gəndab-Quba yolunda yerləşən “Yaşıl bağ” restoranının ona məxsus olması iddia edilir. “Bakunews.az” saytının 27 aprel 2018-ci il tarixdə yaydığı “ “Freqat”: Restoran-otel, yoxsa əxlaqsızlıq yuvası...” materialında Novxanıda dəniz kənarında yerləşən bu istirahət mərkəzi barəsində ciddi ittihamlar irəli sürülür. Burada əxlaqsızlığın tüğyan etməsi məsələsi də əksini tapıb. Yazıda qeyd olunub ki, “Freqat”ı işlədən Həmid adlı müdir və onun köməkçisi Rüstəm adlı şəxsidir. Mənbəmizin məlumatına görə, obyekt məhz şöbə rəisi Həmid Həmidova məxsusdur və yuxarıda adını çəkdiyimiz Xudatdan olan Elnur işləmək üçün “Freqat”a göndərilib. Sözümüzün canı bu deyil. Şöbə rəisi obyektlərə sahibdirsə, bunun nə dərəcədə qanuni olub-olmadığını baş idarə araşdırmalıdır. Əgər deyilənlər doğrudursa, biznesmen rəis barəsində cənab Emin Şəkinskinin verdiyi qərar çox yumuşaqdır. Ya da ola bilsin ki, onun bundan xəbəri yoxdur. Hər halda araşdırılmalı məsələlərdir.
Həmid Həmidov öz ampulasındadır. Yenə də ambulator müalicədə olan və əməliyyata hazırlaşan polis serjantından guya işə çıxmadığı üçün raportlar yazdırır, Yalama XPB-ni istədiyi kimi idarə edir. Biz ötən yazılarımızda da bildirmişdik ki, Xaçmaz stansiyası XPŞ-də sağlam mühit yoxdur. Baş verən qanunsuzluqlar bunu açıq-aydın göstərir. Belə vəziyyətə son qoymağın vaxtı çoxdan çatıb.
Mövzuya qayıdacağıq.
“Şimal xəbərləri”
 
Tarix: 20-08-2018, 21:40
Xəbəri paylaş





Xəbər lenti