“Serjantı cəzalandıran polis rəisi özü cəzalandırıldı”sərlövhəli yazı geniş əks-səda verdi. Redaksiyaya telefon açanlar Xaçmaz stansiyası XPŞ-nin rəisi Həmid Həmidova ciddi xəbərdarlıq verilməsini müsbət qarşıladılar. Onların əksəriyyəti hesab edir ki, rəis daha kəskin cəzalandırılmalı idi.
Oxucular haqlıdırlar. Ciddi xəbərdarlıq almasına baxmayaraq, Həmid Həmidov bundan nəticə çıxarmayıb. Ambulator müalicədə və bülletendə olan Yalama stansiyası XPB-nin polis nəfəri Elxan Abdullayevlə bağlı DİN-in hospitalına, Xaçmaz şəhərindəki “Tofiqoğlu” tibb mərkəzinə sorğular göndərərək serjantın həqiqətən xəstə olub-olmadığını öyrənmək istəyir. Maraqlıdır, axı DİN-ə müraciətindən sonra nəqliyyatda baş polis idarəsinin rəhbərliyi Elxanı hospitala göndərmişdi, orada da xəstəliyini təsdiq etmişdilər. Məgər polis rəisi DİN hospitalının həkimlərinə inanmır? Yoxsa, general Emin Şəkinskinin əmri ilə ona verilən xəbərdarlığa məhəl qoymur? Vəzifəsindən sui-istifadə edərək tabeliyindəki şəxsin sağlamlığına qəsdən ziyan vuran Həmid Həmidova aldığı cəza bəs etməyibmi?
Xaçmaz stansiyası XPŞ-dəki mötəbər mənbədən aldığımız məlumata görə, cəzası üstündən götürülən təkcə Elxan Abdullayev deyil. Sən demə, Yalama stansiyası XPB-nin rəisi Pərviz Rzayevin də üzərindəki töhmət ləğv edilib. İndi şöbə rəisi ilə bölmə rəisi arasında münasibətlər gərgindir. Bunun səbəblərindən biri də E. Abdullayevin anasının daxili işlər naziri Ramil Usubova məktubu yoxlanılarkən ikincinin serjantı müdafiə etməsi olub. Məlumatlara görə o, öz izahatında Elxan Abdullayevi normal xarakterizə edib və şöbə rəisini isə qərəzli mövqedə suçlayıb. Bununla da birbaşa şefinə qarşı çıxmış olub.
Biz qeyd etmişdik ki, Xaçmaz stansiyası XPŞ-də qeyri-sağlam mühit hökm sürür. Deyilənlər bunun əyani təzahürüdür. Verilən informasiyalarda o da bildirilir ki, serjant Elxan Abdullayev bülletendə olduğu halda barəsində hər gün işə çıxmadığı barədə raportlar yazılır. Həmid Həmidov bütün vasitələrdən istifadə edərək onu günahkar çıxarmağa çalışır. Əgər serjant xəstədirsə və həkimin məsləhəti ilə bülleten alaraq ambulator qaydada müalicə olunursa şöbə rəisi nədən narahatdır? Burada qeyri-qanuni nə var ki? Görünür, Elxan Abdullayevi zorla təqaüdə çıxmağa məcbur etmək istəyirlər. Polis serjantı isə səbrlə dözür, heç bir açıqlama vermir, müalicəsini davam etdirir və əməliyyata hazırlaşır. Deyilənə görə, o, köhnə iş yerinə qayıtmaq üçün də müraciət edib. Lakin baş idarədən onun xahişini qəbul etməyiblər.
Bir məsələyə də toxunmaq istəyirik. Bəs Xaçmaz stansiyası XPŞ-də baş verənlərə dəmir yolu nəqliyyatında polis idarəsinin rəhbərliyi niyə göz yumub? Bəlkə də belə deyil. Ola bilsin ki, idarənin rəhbərliyi tədbirlər görür. Lakin problem baş idarə tərəfindən araşdırıldığından bu qurumun fəaliyyəti o qədər də gözə çarpmır. Biz idarə rəisi polkovnik Yaşar Nuriyevdən Həmid Həmidovun fəaliyyətinə ciddi qiymət verilməsini xahiş edirik. Bütün hallarda şöbədə yaranmış qeyri-sağlam mühitə görə idarə də birbaşa məsuliyyət daşıyır.
Nəqliyyatda baş polis idarəsinin rəisi Emin Şəkinski polis serjantı Elxan Abdullayevin anasının şikayəti araşdırılarkən qətiyyətli mövqe tutub, şöbə rəisi cəzalandırılıb. Lakin başı biznesə də qarışmış Həmid Həmidovun şöbədə normal və işgüzar şərait yaradacağına ümid yoxdur. Çünki bu şəxs nə qədər acınacaqlı olsa da indiyədək serjantla küsülü gəzir. Tabeliyindəki şəxslə üzbəüz söhbət edib problemləri çözməyi özünə yaraşdırmır. Bəli, polkovnik-leytnant Həmid Həmidov belə Həmiddir. O ki qaldı polis serjantına, onun səhhətinin nə vaxt yaxşılaşıb əməliyyat olunacağı barədə heç nə deyə bilmərik, bunu həkimlər bilər. Bildiyimiz bir şey varsa, o da şöbə rəisinin yersiz iddialarıdır.
Nöbəti yazımızı gözləyin.
“Şimal xəbərləri”
Tarix: 28-08-2018, 22:33