İsmayıllı meşələrində yaş ağaclar kimlərsə tərəfindən doğranılaraq yük maşını ilə naməlum yerlərə aparılır.
Bu barədə sujeti Xezer.tv xəbərlər proqramında yayımlayıb.
Yaş ağacların doğranılıb yüklənildiyi 31-AC-187 nömrəli qaz-53 markalı maşın İsmayıllı-Qəbələ yolunda saxlanılıb. Xezer.tv-nin əməkdaşları çəkiliş etdiyi zaman maşının sürücüsü özünü təqdim etməkdən imtina edib. Bundan əlavə o avtomobil hansı idarəyə məxsus olduğunu gizlədərək odunu hara apardığını da deməyib. Sürücüdən sənəd istədikdə də onun üzərində heç bir sənəd olmayıb. Sürücü Xezet.tv-nin əməkdaşlarına maşındakı odunların quru olduğunu və yükü hansısa məktəbə apardığını deyib. Görüntülərdə isə həmin odunun yaş olduğu aydın görünür.
Ehtimal olunur ki, bu ağaclar qeyri-qanuni olaraq satışa çıxarılır.
Xezer.tv məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə idarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamağa çalışsa da bu mümkün olmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin araşdırılacağını və yalnız bundan sonra açıqlama veriləcəyini bildirib.