Beyləqan şefinə rüşvət vermiş "köməkçisi" cəncəldə
Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Vaqif Abdullayevlə qeyri-rəsmi köməkçisi olan “Veteks - 2017” MMC sahibi Vüqar Aslanov arasında münasibətlər pisləşib.

Cahan.info-nun verdiyi xəbərə görə,
RİH rəhbəri ilə biznesmen arasından "pişik" keçməsinin səbəbi V.Abdullayevin V.Aslanova verdiyi sözün üstündə durmamasıdır.

Onların əlaqələri “Veteks” MMC vasitəsi ilə Beyləqanda dam örtüklərinin yenilənməsi zamanı yol verilən maxinasiyalara görə qurulub.

İş adamı ilə yaxşı dil tapan icra başçısı bu şirkətin hesabına dam örtüklərinə vurulmalı olan taxta materialların maliyyəsini mənimsəyib. Hər iki tərəf bu qazancdan razı ayrılıblar və büdcədən təxminən yarım milyon mənimsənildiyi deyilir.

Hesablama Palatası təftiş etsə, dam örtüklərində taxtaların təzələnmədiyi üzə çıxa bilər. Amma dövlətin pulunu həzm-rabedən keçirən Beyləqanın icra hakimi MMC rəhbərinin "fərasətli" olduğunu görüb onunla əməkdaşlığını genişləndirməyə qərar verib.

Bu məqsədlə münasibətlər yaxınlaşıb və günün birində icra başçısı ona Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini təklif edib.

V.Aslanovu inandırıb ki, onu bu posta təyin edəcək, "Su və Meliorasiya Təsərrüfatı" ASC sədri Əhməd Əhmədzadənin xeyir-duasını özü alacaq.

İcra başçısının həmin vəzifəyə getməsi üçün iş adamından 120 min manat, əlavə olaraq da borc şəklində 80 min aldığı iddia olunur. V.Abdullayev üst-üstə V.Aslanovdan 200 min manat alıb və verdiyi vədə əməl edə bilməyib.

Çünki Ə.Əhmədzadə V.Aslanovu idarəyə rəis təyin etməyib. Bu halda pis vəziyyətə düşən icra başçısı çıxış yolunu onu özünə köməkçi qoymaq olub.

Halbuki, Beyləqan RİH-nin rəsmi saytında icra başçısının köməkçisi Məmmədov Tofiq Canbaxış oğlu göstərilib. Sadəcə, qeyri-rəsmi olaraq V.Aslanov bu işləri həyata keçirib.

Cahan.info-nun verdiyi xəbərə görə, icra başçısı ilə "köməkçi"sinin münasibətləri də bundan sonra gərginləşib.

Abdullayev ona vəd verib ki, narahat olmasın, bir müddət sonra Əhmədzadəni yola gətirəcək. Bu söhbətindən üstündən xeyli keçib və tərəflərin arası pisləşib.

Böyük biznesə malik olan, Ağcabədi və Beyləqanda 500 hektar torpaq sahəsinə, fermalara, təsərrüfatlara və obyektlərə malik V.Aslanov V.Abdullayevlə mübahisə edərək ondan uzaqlaşıb.

Hazırda Ağcabədiyə köçdüyü deyilən iş adamına RİH başçısı tərəfindən dəfələrlə "elçi" göndərilsə də, onu razı sala bilməyib.

MMC sahibi pulunu geri tələb etsə də, nəticəyə gəlinməyib. Bildirilir ki, dövlətin pullarını dam örtüklərinin yenilənməsi adı ilə mənimsəmiş iş adamı ilə başçının əslində, fəaliyyətləri yoxlanmalıdır.

Beyləqan rayonunda təmir-tikinti işləri ilə bağlı dövlət satınalmaları ilə bağlı keçirilən tenderləri əsasən Ağcabədi rayonundan olan, iş adamı Vüqar Aslanov udur. İş adamına məxsus olduğu deyilən “Veteks-2017” MMC tenderləri necə qazandığı qaranlıq məqamlardan xəbər verir.

Belə ki, 2016-cı ilin noyabrın 11-də dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi, ev 24 və nizamnamə kapitalı cəmi on manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq dövlət sifarişlərini yerinə yetirməsi şübhələrə əsas verir.

Qeyd edək ki, rəsmi sənədlərdə “Veteks-2017” MMC-nin təsisçisi Aydın Əligüşad oğlu Qardaşov göstərilir.

Amma şirkətin aktiki olaraq Vüqar Aslanovun idarə etdiyi bildirilir. Aydın Qardaşov isə “Veteks-2017” MMC-nin gördüyü işlərə nəzarət edən və cavabdehn şəxslərdən biridir.

eyləqan rayonunda çoxmənzilli yaşayış binalarının əsaslı təmir edilməsi məqsədilə 2017-ci ildə “Veteks-2017” MMC-yə 725,500.00 (Yeddi yüz iyirmi beş min beş yüz manat) manat vəsait ayrılıb.

Məlumatda iddia edilir ki, Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin “xeyir duası” ilə tenderin qalibi elan edilən “Veteks-2017” MMC-nin gördüyü işlərin böyük hissəsində ciddi nöqsanlar mövcuddur.

Bu nöqsanların yaranma səbəbi kimi büdcə vəsaitlərinin MMC-nin üstündən mənimsənilməsi ilə izah oluna bilər.

Tendensiya.com-a daxil olan məlumatda iddia edilir ki, Beyləqan şəhərində yerləşən və “Veteks-2017” MMC-nin təmir etdiyi yaşayış binalarında işlərin böyük hissəsi görülməyib, “kosmetik” işlər görülüb.

Vüqar Aslanovun idarə etdiyi “Veteks-2017” MMC-nin yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi zaman taxta matreallarından demək olar istifadə etmədiyi bildirilir. Halbuki tenderin şərtlərində yeni taxta materiallarının alınması nəzərdə tutulubmuş.

Adıçəkilən MMC isə sadəcə olaraq müasir dam örtükləri ilə köhnə örtüklərin ölçüsü arasında fərq olduğu üçün məcburən əlavə taxta materialı vurub.

Tərəflərin mövqeyini dərc etməyə hazırıq.