Zaqatalada fındıq, qoz və şabalıd festivalı - Fotolar


Zaqatalada fındıq, qoz və şabalıd festivalı


Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə sentyabrın 29-da I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilib. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Həmçinin fındıq, qoz və şabalıdla bağlı müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıb.


I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda bədii proqramla davam edib.

Qeyd edək ki, festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.







Tarix: 29-09-2018, 22:21
Xəbəri paylaş





Xəbər lenti