PA Mahir Quliyevə qəzəbli...
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı vəzifəsinə yeni təyinat gözləntisi var

Cahan.info xəbər verir ki,
sabiq diaspora komitəsi sədri Nazim İbrahimovun qohumu olan hazırkı başçı Mahir Quliyevlə vidalaşırlar. Onun yerinə 1-ci müavini postunu tutan Xanlar Məmmədovun adı çəkilsə də,inandırıcı olmadığı bildirilir.

Biləsuvar RİH postu vəzifəsinə Ağdam, Binəqədi kimi rayonlara təyin edilən tanınmayan kadrlardan gətiriləcəyi deyilir. M.Quliyevin adı o qədər mətbuatda hallanıb ki, artıq limiti bitib.

Prezidentin bu günlərdə Biləsuvara səfərindən sonra M.Quliyevin fəaliyyəti ilə bağlı bir sıra məsələlər məruzə olunub. Ona görə rayon rəhbərinin dəyişəcəyi deyilir.

Səfər çərçivəsində prezidentə iş yerlərinin açılması, rayonda görülən abadlığa dair bir fakt göstərilməyib. Yalnız Gənclər evinin və Bayraq muzeyinin açılışı olub.

Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun salınmasının isə RİH-lə əlaqəsi yoxdur. Dövlət başçısı tapşırıb ki, İH başçıları xalqa xidmət etsin, iş yerləri açılsın, sahibkarlara şərait yaradılsın. Biləsuvarda isə heç bir inkişaf getməyib. Heç bir müəssisə, fabrik barəsində prezidentə məlumat verə bilməyib. Çünki M.Quliyevin vəzifəsi mərkəzdə yerləri satmaqdır.

Bildirilir ki, Mahir Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektardan çox torpaq sahəsi ayırıb. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər.

Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Başqa bir məlumatda isə bildirilir ki, Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür. Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.

Cahan.info cumhuriyyet.net saytına istinadla xəbər verir ki, icra başçısı vaxtının çox hissəsini paytaxtda keçirir. Bunun səbəbini ondan soruşmaq lazımdır. Onu rayonda tapmaq, qəbuluna düşmək çox müşkül məsələdir. Əhali sosial problemlərin içində itib-batır, amma başçı öz hayındadır.

Ötən 6 il ərzində cənab prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə bir neçə sərəncam imzalayıb və dövlət büdcəsindən milyonlar ayrılıb. Təəssüf ki, həmin vəsaitlərin istifadə olunması zamanı şəffaflığa riayət olunmayıb.

Bir müddət əvvəl isə Biləsuvar rayon Xırmandalı kəndinin bir qurup qadınları rayon icra hakimiyyətinin təziqlərinə məruz qalmışdı. Qadınların deməsinə görə, ailələrinin dolanşığı yaxşılaşdırması məqsədi ilə, Biləsuvar rayonundan Cəlilabad rayon Göytəpə şəhər ərazisndəki çiyələk sahəsində fəhlə işləməyə gəlirlər.

Şikayətçilər bildirir ki, Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin göstərişi ilə icra hakimiyyətinin müavini Xanlar Məmmədov qarşımızı kəsib, pambıq sahələrində gedib işləməyə məcbur edirlər. Şikayətçilər onuda bildiriblər ki, keçən il 2016-cı ildə İcra hakimiyyəti tərəfindən pambıq sahəsində işləmişik, bu günə kimi pulmuzu ala bilmirik. Bizə sərf etmir orada işləmək. Pul versələr də 7 manata səhərdən axşama kimi işləyirik. Oda bizə sərf etmir.

Əlbəttə ki, “Sahil” restoranında ofisianta bir rayonu etibar etməyin sonu belə də olmalıydı. Onun səriştəli xidmətçi olması və fərasətli biznes adamı kimi gözə girməsi o demək deyildi ki, hansısa rayona rəhbərlik edə bilər. Kimə desən gülər – istər Avropada, istər müasir idarəetmə mexanizmində…Bir rayonun camaatının taleyi ofisianta həvalə olunub.

Bakının vaxtilə prestijli restoranlarından olmuş “Sahil”də ofisiant Mahirin günün birində çiçəyi çırtlayır.Ofisiant Mahirin karyera yüksəlişi elə bir sürətlə gedir ki, gözünü açanda özünü restoranda yox, Astara rayon İcra Hakimiyyəti başçısına aid kabinetdəki kresloda görür. Ofisiant Mahir özü də gözlərinə inanmır.

Onun nə vaxtsa bu restoranda qulluq etməkdən, ayrı-ayrı imkanlı adamların, vəzifəli şəxslərin qabağına sifarişləri gətirməkdən canı qurtaracağı ağlına da gəlməzdi. Bu, Kamal Sunalın (Şaban) “Deli deli kupeli” filmindəki bələdiyyə sədrinə oxşayır.

Kinoya baxanlar yaxşı bilir. Düzdür, orada Şabana kifayət qədər ədalətli məmur idi. Beləcə, ofisiant Mahir də günlərin birində Astarada təxminən eyni taleyi yaşayır. Amma onun idarəçiliyi Şabandan çox fərqlənir.

Ofisiant Mahir olur – icra başçısı Mahir Quliyev və onun təyinatına dəstək olan himayəçilərinin gözündə yaxşı biznesmenə çevrilir. Havadarları yanılmırlar və tezliklə icra hakimi postunda istəklərini reallaşdırır. Əvvəlcə Astaranı çapıb talayır, satmadığı yer saxlamır, qarış-qarış rayonu peşkəş edir.

Sonra bu fərasəti və səriştəsi karyerasını yüksəltməyə imkan qazandırır. Onu Biləsuvara icra başçısı gətirirlər. Bu dəfə Mahir Quliyev keçmişdəki günlərin geridə qaldığına, “Sahil”dəki fəaliyyətinin bitdiyinə arxayınlaşır. Başa düşür ki, kimlərəsə lazımdır. Nəticədə qollarını çırmayıb Biləsuvarı xışlamağa başlayır. O gün – bu gün rayonu tar-mar edir.