Dar ağacı kimi istifadə edilən qoşa çinar hələ də durur
Bərdə rayonunun Alpoud kəndində yerləşən Adıgözəl bəyin əzəmətli evinə baxanda, hər kəs heyran qalır. Sahəsi 738 kv.metr olan 17 otaqlı bu evin tarixi 100 ili adlayıb artıq. Ustaları haqqında dəqiq məlumatlar olmasa da, ehtimala görə, Adıgözəl bəyin ata yurdundan — Şəmkirdən olublar.
Evin şəkilləri bir sıra kataloqlarda, kitablarda yer alsa da, biganəlikdən nə binanın qorunmasında, nə də haqqında məlumatların çatdırılmasında heç bir iş görülməyib. Göz görə-görə tariximizin bir parçası məhv olur. Sputnik Azərbaycan-ın bölgə müxbiri bu bəy evinin tarixi ilə maraqlanıb. Məlum olub ki, evi 1914-cü ildə Adıgözəl bəy tikdirib. Binanın üzərində də bu tarix qeyd olunub. Evin sağ tərəfində Mehdi bəyin, sol tərəfində isə Adıgözəl bəyin adı yazılıb.
© SPUTNİK / MUSA MURADLI
Bərdə rayonunun Alpoud kəndində Adıgözəl bəyin mülkü
Alpoud kəndində bitişik Qarayusifli kəndinin sakini Elçin Əliyev bu məşhur ev haqqında ətraflı məlumat verib: "Yaşlı adamların dediklərinə görə, Adıgözəl bəy Şəmkirdən gəlib, burda məskunlaşıb. Alpoud və Boyəhmədli kəndlərinin ərazisində geniş bir sahəni əhatə edən torpağa sahib olub. Böyüklərimiz danışırdı ki, o, cığal, insafsız, əzazil adam imiş. Belə bir möhtəşəm ev tikməsinə baxmayaraq, Yevlaxdan at arabasında tikinti materiallarını daşıyan kənd sakinlərinin haqqını verməyib. Hər bağlamada bir dəmirin əskik olduğunu bəhanə gətirərək, yük daşıyanlara qarşı cığallıq edib".
Həmsöhbətimiz deyib ki, tikdirdiyi bu əzəmətli evdə həyat Adıgözəl bəydən üz döndərib, ona burda öz əcəli ilə ölmək qismət olmayıb: "Deyilənə görə, Adıgözəl bəy Boyəhmədli camaatına çox zülm edirmiş. Kənd adamları bir gün yığışıb həyətə soxulublar. Gözətçi həmkəndliləri olduğuna görə onlara göz yumub. Kəndlilər Adıgözəl bəyə deyiblər ki, "dolanışığımız torpaqdandı, sənsə torpaqlarımızı əlimizdən alırsan, dolana bilmirik". Bəy fransız arvadından rusca, tüfəngini istəyib. Kəndlilərin biri bəyin dediyini başa düşüb, arvadı tüfəngi gətirənə qədər "dəli Fərəc" bəyi güllələyib".
© SPUTNİK / MUSA MURADLI
Bərdə rayonunun Alpoud kəndində Adıgözəl bəyin mülkü
"Başqa bir məlumata görə isə Adıgözəl bəyin haqsızlığından cana yığılan boyəhmədlililər onu qonaq çağırıblar. Qonaqlıqda olarkən bəyi öldürüblər. Məncə, birinci fikir daha ağlabatan və inandırıcıdır. Ancaq hər iki halda ölümünə görə Adıgözəl bəyin özü günahkardır. Camaatı incitmək, günahsız yerə onları qanına qəltan eləməyin, dar ağacından asmağın nə vaxtsa cavabı verilməliydi" – deyə müsahibimiz qeyd edib.
E.Əliyevin dediklərinə görə, Adıgözəl bəy kənd sakinləri haqqında istədiyi qərarı verir, xoşlamadığı, qəzəbləndiyi adamı dar ağacından asırmış: "Əzazil adam olub, yerli-yersiz insanları cəzalandırırmış. Hətta burda bir nəfəri asdırmaq istəyəndə Balakişi baba gəlib, onun əlindən alıb. Camaatı dediyinə görə, nəyəsə görə bircə onu eşidirmiş. Balakişi baba gəlməsə, nahaq yerə insanları asırmış. Evinin yanındakı qoşa çinarların arasında dar ağacı qurubmuş. İndinin özündə də həmin ağaclar hələ də durur".
Adıgözəl bəyin zalımlığını xüsusi vurğulayan həmsöhbətimiz bildirib ki, Adıgözəl bəyin evini tikən ustaların da haqqını vermədiyi deyilirmiş: "Ustaları öldürməsi barədə də fikirlər mövcuddur. Deyilənlərə görə, Adıgözəl bəyin həyətində ağır artilleriya silahı, top da olub. Hətta 70-ci illərdə onu görənlər də olub, lakin kimlərsə tərəfindən götürülüb. Çox ehtimal ki, metaləritməyə göndərilib. Adıgözəl bəyin belə bir topa sahib olması isə onun bir bəy kimi böyük gücünü göstərir".
© SPUTNİK / MUSA MURADLI
Bərdə rayonunun Alpoud kəndində Adıgözəl bəyin mülkü
E.Əliyev Adıgözəl bəyin ailəsi haqqında da danışıb: "Bəyin iki arvadı olub. Birinci arvaddan iki qızı, bir oğlu — Mehdi bəy olub. Mehdi bəy atasından fərqli olaraq çox səxavətli olub. Hətta danışılanlara görə, atasının atasının pulunu kəsdiyi şəxslərin belə, borcunu ödəyib. Övladlarının üçü də İrana qaçıb. Qızının biri Yevlaxda təyyarəçilik məktəbinə daxil olub. Təyyarəni idarə etməyi öyrənəndən sonra uçuşa qalxıb və geri dönməyib. İrana qaçıb, orda bacısını tapıb. Adıgözəl bəyin ikinci arvadı isə fransız qızı olub. Ondan övladı olmayıb".
Müsahibimiz onu da əlavə edib ki, Adıgözəl bəyin qurub, yaratdığı xaniman Mehdi bəyin ixtiyarına keçəndən sonra, o, mülkü İsbəndiyar xozeyinə satıb: "30-cu illərdə Sovet hökumətinin adamları, NKVD mülkədarları təqib etməyə başlayanda İsbəndiyar xozeyinin də qapısını döyüblər. "Çağırılmamış qonaq"lardan biri İsbəndiyar xozeyinlə dost olduğundan onu gizlicə xəbərdar edib. Əməliyyatı pozmaq məqsədilə evdə qonaqlıq qurublar. İsbəndiyar xozeyin nökərinə atı qızıl dolu xurcunla yükləyib, arxa qapıda saxlamağı tapşırır. Məclis qızışanda atına minib qaçır, İrana keçir. Xeyli vaxt keçəndən sonra əməliyyata gələnlər görürlər ki, artıq iş-işdən keçib".
Adıgözəl bəyin tikdiyi ev bəyə, xozeyinə qucağında yer verməsə də, onları qoynunda bəsləməsə də, xalq,camaat bu binadan xəstəxana, məktəb binası kimi istifadə edib. Hazırda da binada ambulator tibb məntəqəsi fəaliyyət göstərir.
© SPUTNİK / MUSA MURADLI
Bərdə rayonunun Alpoud kəndində Adıgözəl bəyin mülkü
E.Əliyev binanın özəlliyindən danışıb: "Binanın barıları çox qalındır. Bişmiş kərpicdən tikilib. Qapı-pəncərələri çox yüksək keyfiyyətlə hazırlanıb. Otaqların istiliyi üçün qoyulan sobalar Fransadan gətirilib. Bu gün də qapı-pəncərələrin açılıb-örtülməsində heç bir çətinlik yoxdur".
Həmsöhbətimiz ürək ağrısı ilə qeyd edib ki, hazırda binanın az bir hissəsi salamatdır. Külək, yağış döyən hissələri tamam sıradan çıxıb. Demək olar ki, tarixi baxımdan əhəmiyyətli olan bina ömrünün sonunu yaşayır.