Nəsib Ələsgərov Bərdə şəhər sakinidir. Vaqif küçəsi, döngə 9, ev 2 ünvanında yaşayır. Üç oğul, bir qız atası olsa da, onların yanında yox, tək qalır. Həyat yoldaşı 16 il əvvəl dünyasını dəyişib. Dediyinə görə, tək yaşamasında övladlarının elə bir günahı yoxdur.
© SPUTNİK / MUSA MURADLI
Nəsib Ələsgərov
"Oğlanlarım Bakıda yaşayırlar, imkanları da yaxşıdır. Ancaq mən Bakıda qala bilmirəm. Orada özümü yaxşı hiss etmirəm. Həm havasını götürmürəm, həm də darıxıram" - Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan N.Ələsgərov deyir.
Həmsöhbətimiz övladlarından razıdır, şikayətçi deyil. Yaxınlıqda yaşıyan qızı hər səhər-axşam atasına baş çəkir, paltarlarını yuyur, evini səliqə-sahmana salır.
Lakin yaşlı kişinin baş bir məsələdən şikayəti var. Daha doğrusu, "Azəriqaz" İstehsalat Birliyi Tərtər Regional Qaz İdarəsinin Bərdə şöbəsindən.
"Ötən ilin yanvar-fevral aylarında qaz idarəsindən ünvanıma göndərilən bildirişdə yazılan məbləğ məni qane etmədi. Şöbənin müdirinin yanına getdim. Dedim ki, "Burda yazılan rəqəm evimdəki qaz sərfiyyatından artıqdır. Belə etməyin, camaatda narazılıq yaratmayın". Az keçmədi ki, yeni bildiriş gətirdilər. Bu dəfə qəbzdə ondan da artıq - 120 manat yazmışdılar" - Nəsib kişi bildirir.
© SPUTNİK / MUSA MURADLI
Nəsib kişi bütün qeydlərini dəqiqliklə aparır
Dediyinə görə, onun bu etirazı müdirin xoşuna gəlməyib: "Acığa düşərək hesabı bir az da artırıblar. İndi mən artıq pul keçirsəm də, borcum azalmır. Ödədiyim pulları borcumdan silmirlər".
Şikayətçi bütün ödəniş qəbzlərini götürüb, Bərdə Qaz İdarəsinə getsə də, mühasibatlıqda onu dinləyən olmayıb. Baş mühasib onu təhqir edərək otaqdan qovub.
N.Ələsgərov məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğuna şikayət edib: "Prokuror qaz idarəsinə zəng edib soruşanda ki, "Nəsib Ələsgərov düz danışır, ya yox". Ona cavab verdilər ki, "yalan deyir". Prokuror da mənə dedi ki, "Zəng eləyib soruşdum, dedilər, sən düz demirsən, get pulunu ödə"".
O, bundan sonra Bərdə Rayon Məhkəməsinə baş vurduğunu deyir: "Qəşəng kostyum geyinmişdim. Üst-başım tər-təmiz idi. Məni yaxşı qarşıladılar, başlanğıcda gözəl rəftar elədilər. Hiss olunurdu ki, danışdıqlarıma diqqətlə qulaq asırlar. Məndən təhsilimi soruşanda, dedim ki, "8-ci sinfi bitirmişəm". Ondan sonra mənə əhəmiyyət vermədilər. Biləndə ki, savadsızam, daha mənə qulaq asmadılar. El dilində desək, "yola verməyə" başladılar. Axırda da dedilər ki, "qarşı tərəf yoxdur, şikayətinizə baxa bilmərik"".
© SPUTNİK / MUSA MURADLI
Nəsib Ələsgərovun evi
Sputnik Azərbaycan-ın əməkdaşı, yaranmış anlaşılmazlığa aydınlıq gətirmək üçün Tərtər Regional Qaz İdarəsinin Bərdə şöbəsi ilə əlaqə saxlayıb. Qurumun mühasibi Zülfiyyə Əsgərzadə N.Ələsgərovun ittihamlarını əsassız hesab edib.
"Nəsib Ələsgərova ay ərzində iki dəfə - ayın əvvəlində və ortasında sərfiyyat barədə bildiriş verilib. Birini ödəyib, digərini isə yox. Ona görə də hər ay borcu artıb" - deyə Z.Əsgərzadə vurğulayıb.