Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa... - İTTİHAM

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa...
Türkiyə mətbuatı Naxçıvan MR-də koronavirusa qarşı aparılan misilsiz mübarizədən dəm vurur, Muxtar Respublikanın Səhiyyə naziri isə kiçik torpaqda ümumiyyətlə koronavirus adlı nəsnənin olmadığını deyir. Maraqlıdır ki, iki xəbərin ikisini də Naxçıvan MR-in rəsmi informasiya kanalları yayıb. Belə çıxır ki, ya Türkiyə mətbuatı (nə qədər Türkiyə mətbuatı olduğuna aydınlıq gətirəcəyik) yalan yazır, ya da Naxçıvan MR rəhbərliyi Donkixotluq edib yel dəyirmanı ilə vuruşur. Bəs bu mülahizələrdən hansı doğrudur?
Hurriyyet.org bildirir ki, Ovqat.com-u düşündürən bu müəmmaya “İğdırın kamyon şoferləri” (qaynağın adı şərtidir) aydınlıq gətirib. Sən demə, məqalələrin dərc olunduğu iki qəzetin ikisi də İğdıra aid imiş və hər ikisinin bir rəhbəri varmış. Rəhbəri kim olsa yaxşıdır? – Keçmiş İsa Qəmbərçi Cabbar Şiktaş. Vaxtilə İsa Qəmbərə duyduğu simpatiyanı Cabbar Şiktaşın heç özü də danmır. Yazılarının birində bunu belə etiraf edir: “Ben bundan önceki seçimde Musavat Lideri İsa Kamber tarafıydım… Azerbaycan’da oyum yok, ama İsa Kamber’le gönül bağı kurmuş ve bu sebepten ötürüde kendilerini destekliyordum…”

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa...

Sual edə bilərsiniz: Azərbaycanda məşhur bir qəzetçisini Naxçıvana səfəri zamanı sırf İsa Qəmbərlə keçmiş münasibətinə görə qəbul etməyən Muxtar Respublika rəhbərliyi nə əcəb eyni münasibəti Türkiyənin ucqar rayonlarından birinin eyni məslək adamına göstərmir? Ən əsası isə, keçmiş İsa Qəmbərçi nə əcəb bu gün Vasif Talıbovun məddahına çevrilib?
Gəlin, ən yaxşısı, bu sualın cavabını “İğdırın kamyon şoferinin” dilindən dinləyək: “Mənim bildiyimə görə, Cabbar Şıktaşın “muxtar məddaha” çevrilməsinin tarixi ötən ildən başlayıb. Həmin ilin ikinci yarısında Cabbar Şıktaş Naxçıvana getmiş və orada naməlum səbəbdən həbs olunmuşdu. Onun niyə həbs olunduğu indiyədək bəlli deyil və iddialara görə, bu məsələ İğdır Əmniyyət Müdirliyi tərəfindən də araşdırılır”.



Şiktaşın həmin vaxt həm həbs, həm də azad olunmasında Qarsdakı Baş konsul Nuru Quliyevin rolu ola biləcəyini düşünən həmsöhbətimiz İğdırda belə söyləntilərin dolaşdığını bildirir və ümidvardır ki, Azərbaycanın müvafiq orqanları bu məsələni dərindən araşdıracaq:
“Bu iddiaların nə dərəcədə doğru olduğunu bilmirəm. Amma bildiyim odur ki, Cabbar Şıktaş Naxçıvandan qayıtdıqdan sonra Nuru Quliyevlə yaxın dostluğa başladı. Bu dostluğun sayəsində o, bu il Azərbaycanın XİN tərəfindən verilən mükafata belə layiq görüldü. Hətta onun mütəmadi olaraq Muxtar Respublika tərəfindən mükafatlandırıldığına dair söyləntilər də var”.
Məhz bu iddialara əsaslanan “kamyon şoferinin” təxminlərinə görə, Naxçıvan Səhiyyə nazirinin sözlərini faktiki təkzib edən məlum məqaləni də Nuru Quliyev yazdırıb.

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa...

Uzun sözün qısası, Naxçıvan MR rəhbərliyini yel dəyirmanı ilə vuruşan Don Kixota bənzədilməsində Qarsdakı Azərbaycan Baş konsulunun xidmətləri bütün çılpaqlığı ilə ortaya çıxır. Maraqlıdır ki, bundan əvvəlki xidmətləri barədə yazılarımızdan “iməclik diplomatının” Ankara Universitetinin İbn Sina xəstəxanasına düşdüyü barədə məlumatlar almış və onun barəsində araşdırmalarımıza ara vermişdik. Çünki ortada aldığımız məlumatı təsdiqləyən dəlillər vardı və bizim qəlbimizdə mərhəmət hissi oyanmışdı. Həmin dəlillərdən biri Operativ Qərargahın bütün diplomatik nümayəndəliyi üçün iş günü elan etdiyi bayram günlərində Qarsdakı Baş Konsulluğun öz rəsmi saytında yerləşdirdiyi bu məlumat idi.

Naxçıvan hakimiyyətinin Donkixotluğu, yoxsa...

Biz həmin elanı ancaq Baş konsulun səhhətilə izah edə bilmişdik. Baxmayaraq ki, qulağımıza çatan məlumatlarda daha qorxunc iddialar vardı və Ovqat.com olaraq onları dərindən incələyib gələcəyimiz qənaətləri ictimaiyyətimizin müzakirəsinə çıxaracağımızdan hələlik bu mövzuda çox dərinə getmək istəmirik. Sadəcə bir haşiyəyə çıxaraq onu vurğulamaqla kifayətlənirik ki, informasiyalarımız öz təsdiqini tapsa, Azərbaycan XİN-nin Türkiyə siyasətini ancaq “Şəngülüm diplomatiyası” adlandırmaq mümkün olacaq. Niyəsi aşağıdakı haşiyədə gizlidir.

Haşiyə:

Məşhur nağılda da qeyd olunduğu kimi Türkiyə diplomatiyasını 3 nəfər yürüdür. Və həmin Şəngülüm, Şüngülüm, Məngülümlərə Anaları olan Azərbaycan tapşırıq verir. Amma bu tapşırıq hekayədəkindən tam fərqli olur – evdən çıxmalı, işləməlisiniz. Şəngülüm diplomatlar isə burada da Ananın sözünə baxmırlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə hələ də onları cəzalandırmır. Bu yerdə adamın beynində lap atalar sözü qədər hikmətamiz fikirlər meydana gəlir: “Naziri gülüm olanın səfiri Şəngülüm olar”.

Görünən budur ki, xəstəxanadan çıxdıqdan sonra Baş konsul topladığı enerji ilə daha əzmli fəaliyyətə girişib. Bunu onun AzərTAC-a verdiyi açıqlamasından da sezmək mümkündür. Açıqlamasında “Baş konsulluq tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək vətəndaşlarımızın üzləşdikləri problemlərin həllinə dəstək verməkdə davam edir. Yaradılan “qaynar xətt” fasiləsiz fəaliyyət göstərir,”-deyən Nuru Quliyevin işgüzarlığının nəticələri İğdırın iki qəzetinin səhifələrindən də görünür.

Amma bir məsələ var; “iməclik diplomatiyası” üzrə ixtisaslaşan Baş konsulun informasiya siyasətində naşı olduğu da gözlərdən yayınmır. Əks təqdirdə o, Naxçıvan MR Səhiyyə nazirinin “Bizdə koronavirus yoxdur” açıqlaması ilə eyni vaxtda İğdırın iki qəzetində dərc etdirdiyi məlum yazıyla “muxtar həqiqətlərə” kölgə salardımı? Əlbəttə, fikirlə də razılaşırıq ki, “iməclik” diplomatının təşkil etdiyi təbliğat kampaniyası ancaq bu qədər məntiqli ola bilərdi və gərək bu iş ona yox, Naxçıvanın dahi ideoloqlarına tapşırılaydı. Heç olmasa bu məqaləni ictimailəşdirəndə həmin dahi ideoloqlar gərək yüz ölçüb bir biçəydilər və bir-birini yalanlayan iki məlumatı çox açıb ağartmayaydılar. İnsafən, “iməclik diplomatını” bu məsələdə günahlandırmaq heç Allahdan deyil.
Tarix: 1-04-2020, 09:39
Xəbəri paylaş





Xəbər lenti