Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərinə müraciət etdi

  
  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun
rayon sakinlərinə müraciəti:
Əziz qəhrəman tərtərlilər, hörmətli vətəndaşlar!

Bildiyimiz kimi bütün dünyanı ağuşuna almış koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün qabaqlayıcı tədbirlər vaxtında görüldüyü üçün qonşu ölkələrlə müqayisədə bizim respublikada yoluxma səviyyəsi nisbətən aşağıdır. Ancaq bir adam lazım olan məsafəni gözləmirsə 400 nəfəri yoluxdura bilirsə biz buna laqeyid qala bilmərik.
Sizi hamılıqla xüsusi karantin rejimi ilə bağlı tələb və qaydalara əməl etməyə, gigiyena qaydalarına düzgün riayət etməyə çağırıram. Belə bir həssas durumda doğmalarınızın, sevdiklərinizin sağlam qalmağını istəyirsinizsə, xüsusi karantin dövrünün tələblərinə ciddi surətdə əməl edin, ailədəki yaşlı insanların, xroniki xəstəlikləri olanların qayğısına qalın, özünü təcrid rejiminə əməl edin.
Nəzərinizə çatdırıram ki, rayon icra hakimiyyəti başçısı yanında operativ qərargah, xüsusi rejimli karantinin tələblərinin yerinə yetirilməsi ilə bağlı komissiya və “Qaynar xətt” (022-23-6-17-75) fəaliyyət göstərir. Sizi narahat edən məsələlərlə bağlı “Qaynar xətt”imizə müraciət edə bilərsiniz.
Siz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse Prezident Mehriban xanım Əliyevanın koronavirusla bağlı xalqın sağlamlığından nə qədər narahat olduğunun şahidi oldunuz. Belə bir həssas vaxtda möhtərəm Prezidentin, onun xanımının öz xalqının yanında olması, insanların qayğısı ilə yaşaması, öz vətəndaşlarına dəstək göstərməsi insanlarda yüksək əhval-ruhiyyə, gələcəyə sağlam baxış formalaşdırdı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da koronavirusla mübarizə tədbirləri, maarifləndirmə, dizinfeksiya işləri gücləndirilib , xüsusi rejimli karantinin tələblərini pozanlar inzibati qaydada cəzalandırılır. Bütün görülən tədbirlər Sizin sağlamlığınız üçündür. Koronavirusun acı nəticələrindən qorunmaq üçün vətəndaş həmrəyliyi lazımdır. Ona görə də hər birinizə “Evdə qal, sağlam qal,”-deyirik.
Əziz qəhrəman tərtərlilər, hörmətli vətəndaşlar!
Biz müharibənin ağrı acısını görmüş, Düşmənlə üz-üzə yaşayıb işləyən, vuruşan, düşmənə bir qarış da torpaq verməyən insanlarıq.
2016-cı ilin aprel döyüşlərində də öz ənənəmizə sadiq qaldıq, ordu-dövlət-xalq birliyi nümayiş etdirdik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi ,,...tərtərlilər həmişə qəhrəmanlıqlarını, vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiəyə qalxmışlar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır”.
Bir rayon rəhbəri kimi mən inanıram ki, biz birlikdə koronavirusa qarşı mübarizədə də həmrəy olub, qalib gələcəyik. Bu çətin günlərdə bir daha Sizi xüsusi rejimli karantinin tələblərinə əməl etməyə, vacib bir işiniz olmadıqda evdən çıxmamağa çağırıram. Bir daha deyirəm “Evdə qal, sağlam qal”. Sağlam qal ki, düşmən üzərində qələbə sevincini yaşaya bilək. Sağlam qal ki, işğaldan azad olunan torpaqlarımızda yenidən Azərbaycan bayrağının dalğalandığını görə bilək!
 Siam.az
Tarix: 3-04-2020, 16:45
Xəbəri paylaş





Xəbər lenti