Dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilmi xüsusi karantin rejimindən kommunal ödənişlərdən yayınmaq üçün bəhanə kimi istifadə etmək tendensiyası müşahidə olunur.
Virtualaz.org xəbər verir ki, yerli kommunal xidmət operatorları indiki mürəkkəb vəziyyətdə istifadəçilərin elektrik, qaz, su təchizatını yaranan borca görə dayandırmamağa çalışır, amma bundan sui-istifadə etmək istəyənlər də tapılır. O cümlədən kommersiya müəssisələri arasında...
Məsələn, aztirajlı saytlarda və sosial şəbəkələrdə Şəmkir rayonu, Alabaşlı Stansiyası ərazisində istixana biznesi ilə məşğul olan “Qılıncbəyli” MMC-nin rəhbəri Rüstəmov Kəramət Şəmməd oğlunun şikayətləri eşidilir. Onun narazılığına səbəb istixana kompleksində istifadə etdiyi qazın haqqının ödənilməyəcəyi təqdirdə qaz təchizatının dayandırılacağı barədə aldığı bildirişdir. İstixana sahibi indiki şəraitdə ona belə bildirişin gəlməsini “sahibkarın sıxışdırılması” kimi qarşılayıb.
Bəs sahibkarı bu bildiriş niyə narazı salıb, bir halda ki, qaz operatorunun istifadəçilərə vaxtaşırı olaraq belə bildirişlər təqdim etməsi qeyri-adi və təəcüblü deyil?
Şəmkir Regional qaz istismarı İdarəsi tərəfindən təqdim edilmiş borc bildirişinə əsasən həmin istehlakçının 2020-ci il martın 1-nə qədər qaza görə borcu 237 min manata yaxındır. Bu sanballı borc 2019-cu ilin oktyabr ayından başlayaraq 2020-ci ilin mart ayına qədər istifadə olunmuş qaza görə yaranıb. Başqa sözlə, yerli qaz istismar idarəsi sahibkara kifayət qədər tolerant yanaşıb, onun məhsul yetişdirməsinə şərait yaradıb və bu müddət ərzində qazını kəsməyib. Hərçənd istifadəçilər istehlak olunan qazın dəyərini hər ayın sonunda ödəməyə borcludur və Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nda başqa hal nəzərdə tutulmur. Həmin qaydalara əsasən istifadəçi borcun ödənilməsinə dair bildirişi aldıqdan sonrakı 1 ay ərzində ödəməni həyata keçirmirsə onun qaz təchizatı dayandırılmalıdır.
Şəmkir rayon qaz istismar idarəsindən əməkdaşımıza deyiblər ki, “Qılıncbəyli” MMC 2019-cu ilin oktyabr ayından bu günə qədər 237 min manata yaxın borcunun , cəmi 85 930 manat ödəniş edib. Bu sahibkarın ötən illər ərzində də istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsində problemləri olub. Belə ki, 2018-ci ilin sentyabr ayından başlayaraq 01 may 2019-cu il tarixə qədər yaranan 285 655,26 manat borc 5 aydan sonra ödənilib. Başqa sözlə, sahibkara məhsul yetişdirib satmaq, qazanc əldə etmək və həmin qazancdan istifadə olunmuş qazın haqqını ödəmək üçün möhlət verilib.
Lakin bir çox istixana sahibləri bu güzəştdən istifadə olunan qaza görə yüz minlərlə manatlıq borclarını ödəməmək üçün fürsət kimi istifadə etməyə başlayanda yerli rəsmilər güzəşt limitini daraltmalı olublar. Çünki istixana sahiblərinin bəziləri yetişdirdikləri məhsulu satıb qazanc götürsə də bu qazancdan qaz pulu ödəmək istəmirdilər.
Beləliklə, şəmkirli istixana sahiblərinin nəzərinə çatdırılıb ki, istifadə olunmuş qazın dəyərinin ödənilməsi üçün möhlət ancaq 2020-ci il aprelin 1-nədək keçərli olacaq. Nəticədə onlar, o cümlədən sahibkar Kəramət Rüstəmov borcun ödənilməli olduğu haqda bildiriş alıblar. Amma dərhal hay-küy, şikayətlər, narazılıqlar eşidilir: indiki pandemiya şəraitində istifadəçinin qazını kəsmək? Bu ki ədalətli deyilmiş?
Şəmkir qaz idarəsindən deyirlər ki, “Azəriqaz” karantin şəraitində abonentlərə mümkün qədər güzəşt etməyə çalışır, imkanı olmayan fərdi şəxslərin qaz təchizatını dayandırmamağa çalışır. Lakin bu vəziyyətdən sui-istifadə etmək istəyənlər meydana çıxıb.
“Necə ola bilər ki, ucqar dağ kəndində yaşayan sadə kəndli, pensiyaçı istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyir, amma istixana biznesi ilə məşğul olub hər il sanballı gəlirlər əldə edən bu cür sahibkarlar pandemiyanı bəhanə edərək yüz minlərlə manatlıq ödənişdən yayınmaq istəyir? Bu pandemiyadan sui-istifadə və yumşaq desək, vicdansızlıqdır. Həmin sahibkar ötən il qaza görə borcunu mayın 1-nə qədər ödəməyə söz vermişdi, amma 5 ay sonra ödədi və ona güzəşt edildi, qaz təchizatı dayandırılmadı. Azərbaycanda aqrar sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən ciddi güzəştlər, subsidiyalar nəzərdə tutulur. Və biz də qanunun icazə vermədiyi halda onlara kifayət qədər möhlət vermişik. İndi isə belə sahibkarlara çağırış edərək koronavirus pandemiyası ilə bağlı ölkənin üzləşdiyi mürəkkəb vəziyyətdən sui-istifadə etməməyə çağırırıq”,-idarədən belə deyiblər.
Virtualaz.org