“Martın 25-dən bəri Bakıdan qayıtmış 50-100 nəfər evlərində özünütəcrid şəraitində yaşayır...”
Bütün planeti cənginə almış koronavirus pandemiyası, Allaha şükürlər olsun ki, dövlətimizin gördüyü önləyici tədbirlər sayəsində Azərbaycanda çox da gərgin vəziyyət yaratmayıb. Naxçıvan Muxtar Respublikasında da yalnız 18 nəfərdə bu mərəz aşkarlanıb...
Bəs görəsən, Naxçıvanın ən böyük kəndlərindən olan Nehrəm kəndində karantin günləri necə keçir? Kənd sakinləri nə təhər dolanır? Təsərrüfat işlərini görə bilirlərmi?..
“Sakinlər təsərrüfat işlərini görə bilirlər, ərzaqla bağlı heç bir problemimiz yoxdur hələ ki...”
Əməkdaşımız Moderator.az-ın daimi və fəal oxucularından olan Nehrəm sakini Vahid Hüseynovla əlaqə saxlayıb.
“Şükür Allaha ki, təxminən 17 minə yaxın əhalisi olan Nehrəmdə koronavirus yoluxması yoxdur. Sadəcə, martın 25-dən bəri Bakıdan qayıtmış, hardasa, 50-100 nəfər evlərində özünütəcrid şəraitində yaşayır; polis və həkimlər onlara nəzarət edir. Ümumiyyətlə, polislər kənddə daimi vəziyyəti nəzarətdə saxlayır. Ərzaqla bağlı hələlik problemimiz yoxdur. Kənddə 10-a yaxın dükan, mağaza var. Onlardan da bir neçəsi iri marketlərdir. Marketlərə giriş növbə ilədir. Təmizliyə, sanitar vəziyyətə nəzarət edilir...
Onu da deyim ki, bizdə camaat nizam-intizamlıdır. Hamı çalışır ki, qaydalara riayət etsin. Yalnız çox həyati vacib olanda 2 saatlığa icazə ilə küçəyə çıxırlar...” –deyən oxucumuz nikbin ruhda danışıb.
“Bəs torpaq sahəsi olanlar təsərrüfat işlərini görə bilirlərmi?” sualına isə Nehrəm sakini belə cavab verib:
“Bəli, təsərrüfatı olanlara şərait yaradılıb, icazə verilir, gedib işlərini görürlər. Bizdə camaat əsasən bostançılıq və tərəvəzçiliklə məşğuldur...
Əsas problemimiz içməli və suvarma suyu ilə bağlıdır. Düzdü, Əlincədən bizə içməli su xətti gəlir. Ancaq su kəndə hissə-hissə, qrafiklə, məhdudiyyətlərlə verilir. Buna görə bəzən avtomobili olmayan sakinlər içməli suyu pulla gətirtməli olur. Bir də Nehrəmə giriş-çıxış yolları, mərkəzi küçələr asfalt olsa da, daxili küçələr yaxşı vəziyyətdə deyil. Bu da yağışlı-qarlı havalarda gediş-gəlişə çətinlik yaradır...
İnşallah, bütün bəşəriyyətlə, müsəlman, türk dünyasıyla birgə Azərbaycan da, Naxçıvan da, Nehrəm də bu problemi uğurla sovuşdurar, qalan problemlər həllini tapar...” –deyə həmsöhbətimiz gələcəyə ümidini ifadə edib.
Sultan Laçın