"İstəyirlər ki, İcra Hakimiyyətinin önündə özümü də, uşaqlarımı da yandırım? - ASTARADAN NARAZILIQ
Astara rayonunun Şahağacı kənd sakini Nazimə Əhədova 3 körpə uşağıyla acınacaqlı duruma düşüb. Onun həyat yoldaşı Ceyhun Əhədov 5 ilə yaxındır həbsdədir. Ceyhun kənd İcra Nümayəndəliyində müvin işləyib. Rayonda kredit dələduzlarının güdazına gedib. Daha doğrusu, dəstənin başçısı olan qadın təkcə, onu yox, daha 3 nəfərin həbsinə bais olub. Lakin özü həbs olunmayıb. Çünki məmurlardan biri ilə yaxın qohumluq əlaqəsi var. Bu barədə geniş yazımız olacaq və o səbəbdən də burada ətraflı yazmırıq.
Nazimə Əhədova jamaz.info-ya durumu belə nəql edib. “3 uşaqla birlikdə yarı ac, yarı tox yaşamaq məcburiyyətindəyəm. Bu günlərdə dövlətin ayırdığı 190 manat birdəfəlik yardımı almaq üçün müraciət etdim. Mənə “rədd” cavabı gəldi. Səbəb kimi də pay torpağımın olması göstərilib. Bu işi tutanlara deyirəm ki, həmin torpağı verirəm onlara, görüm bir il dolana bilərlər?"
Şahağac sakini deyir ki, uzun müddət ailəsini keçindirmək üçün ünvanlı sosial yardım alıb. Lakin ötən ilin avqustunda həmin yardımı da kəsiblər. "Səbəb kimi, aylıq elektrik enerjisi sərfiyyatının çox olması göstərilmişdi. Dedilər ki, sənədləri təkrar hazırlayım. Uşaqları evdə qoyub, qapı-qapı düşüb sənədləri hazırladım. VÖEN belə aldım. Qəbul etmədilər ki, mümkün deyil. Sonradan öyrəndim ki, bu iş üçün həmin yardımın ən azı 3 aylıq hissəsini DSMF-dəkilərə verməliyəm. Mən qanuni haqqım olan şeyə görə, niyə rüşvət verməliyəm?"
Onun sözlərinə görə, iki dəfə DSMF-nin Astara rayon şöbəsinin direktoru Uğur Qurbanzadənin qəbulunda olub. Lakin hər dəfə direktorun acı sözləriylə qarşılaşıb.
"Birinci dəfə qəbulunda olanda Uğur Qurbanzadə məni yalandan hicab taxmaqda ittiham elədi və mənim kimi birinə ünvanlı sosial yardım düşmədiyini deyib, otaqdan qovdu. Məgər hicab taxmaq cinayətdir? Mən ağlım kəsəndən hicab taxmışam və bundan sonra da onu açmaq fikrim yoxdur. Bir neçə gün əvvəl üzümə üz bağlayıb təkrar qəbula getdim. Bu dəfə isə Uğur mənə "sənin ərin cinayətkardır, get, o səni dolandırsın" dedi. Sonra da azarladı ki, cinayətkarların ailəsinə yardım düşmür".
Maraqlıdır ki, Şahağac kənd İcra Nümayəndəsinin başçısı da eyni sözlərlə dustaq ailəsini ittiham edir. "Kənddə yardım paylayırdılar. Mən də getdim ki, heç olmasa həmin yardımdan ala bilim. İcra nümayəndəsi Sokrat müəllim məni dedi ki, sənə yardım düşmür. Bunu da belə "izah" elədi ki, ərim həbsdə olduğu üçün yardım verilə bilməz".
Çıxılmaz vəziyyətdə olan xanım Əhədova bildirir ki, uşaqları gündə bir dəfə yemək tapıb yeyirlər. "Gündə bir dəfə yeməklə ayaq üstə qalmağa çalışırıq. Nə edəcəyimi bilmirəm. Gözümün önündə övladlarımın ac yatmasına dözə bilmirəm".
O qeyd edir ki, hər dəfə haqsızlıqla üzləşməsinin səbəbi ona aydın deyil. "İstəyirlər ki, uşaqlarımı da götürüb, gedim Astara İcra Hakimiyyətinin qarşısında özümü də, övladlarımı da yandırım?"
Nazimə Əhədova sonda Prezident və Birinci Vitse-Prezidentdən yardım istəyib.
"Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, mənə kömək etsinlər. Ünvanlı sosial yardım almağımın təmin edilməsi barədə göstəriş versinlər. Məni və uşaqlarımı aclıq bəlasından xilas eləsinlər".