Gədəbəy səhiyyəsində özbaşınalıq... - İTTİHAM

 

Ölkəmizin qərb bölgəsində yerləşən Gədəbəy rayonunun səhiyyə müəssisələrində yaşanan biabırçılıqların, özbaşınalıqların, həddi-hüdudu bilinməyən anarxiyanın, süründürməçiliklərin və s. kimi halların varlığı uzun müddətdir ki, Azərbaycan mətbuatının, geniş xalq kütləsini, aktiv zümrənin əsas müzakirə etdiyi mövzulardan biridir.

Bəlkə də, bu rayonun adının daha çox “dilə-dişə” düşməsinin əsas səbəbi, Gədəbəyin “gözdən uzaq, könüldən qıraq” bir ərazidə yerləşməsidir. Amma ümumi müşahidələrimiz, yerli sakinlərin danışdıqları, bəzi mənbələrdən əldə etdiyimiz müfəssəl məlumatlar və s. onu söyləmətyə əsas verir ki, bu rayonun səhiyyəsinin daha çox “sağalmaz yara”ya çevrilməsinin kökündə, vəzifə sahibi olan bəzi şəxslərin maddi maraqlarının təmin olunması durub.

GundemXeber.Az saytının redaksiyasına rayonun səhiyyəsində baş verənlərlə bağlı daha yeni məlumatların çatdırılması, sanki bizi şoka saldı. Buna da əsas səbəb, Sarıyev Firdovsi Əlviz oğlunun Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunması istiqamətində müəyyən hazırlıq işlərinin görülməsi haqda yayılan məlumatların varlığıdır. Söylənilənlərə görə Firdovsi Sarıyev rayonda cərrah-həkim işləyir. Əvvəla onu qeyd edək ki, bu şəxs əslən Gədəbəy rayonundan olan, 1951-ci il təvəllüdlü, hal-hazırda rayonun poliklinika şöbəsində kordioloq həkim işləyən Əlviz Sarıyevin oğludur. Bildirilən iddialarda o da qeyd olunur ki, Əlviz Sarıyevin digər oğlu Səbuhi Sarıyev isə, rayonun Saratovka kənd xəstəxanasında həkim işləyir və paralel olaraq o, rayondakı poliklinikanın şəkər şöbəsinə də rəhbərlik edir. Hansı ki, onun bu sahədən heç bir anlayışının olmadığı bildirilir. Buna baxmayaraq, adı çəkilən bu şəxsin indiyə kimi çoxlu sayda insanlara şəkər xəstəsi adı altında saxta sənədlər verdiyi və pensiyaya çıxmalarına şərait yaratdığı söylənilir.
Xüsusi vurğulanası halın varlığı isə, Firdovsi və Səbuhi Sarıyev qardaşlarının heç bir tibbi təhsilə malik olmamalarıdır. Yəni, söylənilən iddialarda bildirilir ki, hər iki şəxs vaxtilə Elşad Abdullayevin rektoru olduğu və bir neçə illər bundan əvvəl fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetdən aldıqları saxta arayışlar əsasında 2010-cu ildən həkimlik fəaliyyətinə başlamışlar. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, həmin ildə Gədəbəy rayon İcra Hakimyyətinin başçısı Kamran Rzazadə, MRX-nın baş həkimi isə Ramiz Pirverdiyev olur və hər iki vəzifə sahibi Sarıyev qardaşlarının işə götürülmələrinə hansısa maraqları çərçivəsində “yaşıl işıq” yandırırlar. Elə ki, bir qədər vaxt keçir, o halda onlar özlərinə digər saxta sənədlər düzlətməyə də müvəffəq olurlar. GundemXeber.Az-a çatdırılan məlumatlarda o da iddia olunur ki, ümumiyyətlə Sarıyev qardaşları hərbi xidmətdə olmayıblar və onlara məxsus hərbi biletlərə “neqodnı” yazıldığı söylənilir.
Onu da vurğulamaq yerinə düşər ki, hər iki qardaşın 2010-cu ildən rayonun poliklinika şöbəsində həkimlik fəaliyyətinə başlamalarında, məhz onların ataları Əlviz Sarıyevin müstəsna rolu olur. Dolaşan söz-söhbətlərə görə, artıq MRX-nın baş həkimi Ramiz Pirverdiyev daşıdığı vəzifəsinə “əlvida” deyib və həmin vəzifəyə, məhz hərbi biletinə “neqodnı” yazıldığı söylənilən Sarıyev Firdovsi Əlviz oğlunun təyin olunacağı gözlənilir. Yəni, bu şəxsin lazımi “hazırlıq işlərini tam şəkldə başa çatdırdığı” və çox yaxın günlərdə baş həkim təyin olunacağı ilə bağlı veriləcək əmri gözlədiyi iddia olunur.

Söylənilən iddialarda o da vurğulanır ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (bundan sonra – TƏBİB) sədri cənab Ramin Bayramlı, Ramiz Pirverdiyevin yaş həddi çatsa da, o, sabiq baş həkimi işsiz qoymur və onu MRX-da direktor vəzifəsinə təyin edir. Bəzi çevrələrdə dolaşan söz-söhbətlərə görə belə bir təyinatın verilməsində, digər addımların atılmasında vasitəçilik missiyasını uğurla yerinə yetirən, əslən Gədəbəy rayonundan olan və uzun illər ərzində Səhiyyə Nazirliyinin Maliyyə idarəsinə rəhbərlik edən Azad müəllimin müstəsna xidmətləri olur. Hətta, adı çəkilən bu şəxsin çox zaman Ramiz Pirverdiyevə “arxa-dayaq” durduğu da söylənilir. Düşündürücü hal odur ki, cənab Ramin Bayramlı sabiq baş həkimə qarşı belə bir həssas münasibət bəsləsə də, məhz onun baş həkim işlədiyi illər ərzindəki fəaliyyətini az da olsa “saf-çürük” etmədən, məhz belə bir qərarını verir. Çünki, bir neçə illər bundan öncə əsaslı təmir olunan Gədəbəy MRX-ı, hal-hazırda bərbad günə düşüb. Ötən illər ərzində xəstəxanaya təqribən 3-4 yüz min manat dəyərində lazımi aparaturalar, bir çox avadanlıqlar və s. verilsə də, hazırda onlardan heç bir səs-soraq yoxdur. Buna da səbəb, həmin aparaturaların, avadanlıqların sabiq baş həkimin “xeyr-duası'” ilə ya satılması, ya da ki, daha çox gəlir əldə etmək məqsədilə digər səhiyyə müəssisələrində istifadə olunması olub. Bundan əlavə, xəstəxanaya verilən dərmanların ayrı-ayrı apteklərdə satdırılması da, rayon sakinlərinin daha çox müzakirə etdiyi və narazılıqla qarşıladığı problemlərdəndir. Elə ki, hansısa sakin səhhətində əmələ gələn problemlə bağlı təcili tibbi yardıma müraciət edir, o halda ünvana gələn həkimlərdə analgin, dmidrol və novakaindən savayı dirəg dərman tapılmır.

Yayılan digər səhih məlumata görə, Gədəbəy səhiyyəsinin adı “ölücanlılar”ının varlığına görə zaman-zaman dillər əzbəri olub. Çünki, rayonun səhiyyə müəssisələrində elə şəxslər var ki, onların adları ştat cədvəlində getsə də, həmin şəxslər Ramiz Pirverdiyevin “dobro” deməsi səbəbindən, heç vaxt iş başında olmayıblar. Növbəti yazımızda həmin şəxslərin adbaad siyahısını geniş ictimaiyyətə, o cümlədən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin sədri cənab Ramin Bayramlının da diqqətinə çatdırmağa çalışacağıq. Yəqin ki, o halda adı çəkilən vəzifə sahibi atdığı addımlarla bağlı müəyyən təhlillər aparıb, həm sabiq baş həkimlə, həm də təyinatının verilməsi gözlənilən Firdovsi Sarıyevlə bağlı lazımi qənaətini formalaşdıra biləcək.

Odur ki, bizi izləyin ki, bizim yazdıqlarımızdan xəbəriniz olsun.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Bu yöndə araşdırmamız davam edəcək.
Tarix: 29-04-2020, 16:41
Xəbəri paylaş





Xəbər lenti