İsmayıllı mədəniyyət şefi nazirə üç ayın pulunu “atıb” – Foto/Fakt
Adamda gərək bəxt də ola…Düzünə qalsa, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynovun əməlli-başlı bəxti gətirib. Reportyor.info xəbər verir ki, əgər Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyində korrupsiya ilə mübarizə çərçivəsində əməliyyat keçirməsəydi, E.Hüseynov üç ayın “tas”ını ödəməyə məcbur olacaqdı. DTX-ın keçirdiyi əməliyyat zamanı üzə çıxan maddi dəlillərdən biri də nazir müavini Rafiq Bayramova rüşvət verən mədəniyyət idarələrinin siyahısı idi. Sən demə, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi, hörmətli Elnur Hüseynov nazirliyə üç ayın pulunu borclu imiş. Həmin siyahıdan görünür ki, E.Hüseynov hər ay nazir müavininə 1500 manat xərac verirmiş. Ancaq kasıblığın üzü qara olsun, idarə rəisi son üç ayda ödəniş edə bilməyib. Əlbəttə, biabırçılıqdır, o yekəlikdə nazir müavini regional mədəniyyət idarəsinin aylıq 1500 manatına qalıbmış.
Bu heç rüşvətxorluq da deyil, dilənçilikdir. Nazir Əbülfəs Qarayevin adını batıran bir hadisədir. Deyəsən, nazirlik korrupsiyanın nə olduğunu heç görməyib. Belə çıxır ki, onlar milyonluq talan, mənimsəmə nədir bilmirlər, E.Hüseynovun 1500 manatının ümidinə qalıblarmış… İndi bu həbslərə sevinənlərdən biri də yəqin ki, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi olar. E.Hüseynov ödəməli olduğu 4500 manatlıq borcdan azad oldu. O, 2017-ci ildən idarənin rəisidir. Bu üç il ərzində nazirliyi yemləməklə məşğul olub. Bəs, bu pulu haradan əldə edirmiş, maraqlıdır. Hər halda musiqi məktəblərindən, kitabxanalardan, kənd klublarından qəpik-qəpik yığaraq aylıq “hesab”ı çatdırırmış. Bu hadisələrdən sonra nazirliyin E.Hüseynovdan yerdə qalan borcu istəyəcəyi inandırıcı görünmür. Amma rüşvət verənlər siyahısında adı keçdiyi üçün İsmayıllı mədəniyyət şefinin də istintaqa dəvət olunaraq dindirilməsi gözləniləndir. Nə olar, borclu borclunun sağlığını istər… Qeyd edək ki, İsmayıllı Regional Mədəniyyət idarəsini rəisi Elnur Hüseynov, məsləhətçisi Şamo Nuğayev və rəis müavini Azər Abbasovun idarənin işçilərdən rüşvət alması, sıxışdırması barədə mətbuatda getmiş yazılara rast gəldik. Bildirilir ki, idarənin rəisi Elnur Hüseynovun özü və onun təyinatında böyük rolu olan Mədəniyyət nazirliyinin Aparat rəhbərinin müavini Namiq Qulamova İsmayıllının Talıstan kəndində villa tikdirib.